Hikmət Mahmudov
Mahmudov Hikmət İsmayıl oğlu (1936, İsmayıllı rayonu – 24 dekabr 2020) — geologiya-mineralogiya elmləri doktoru, professor
Hikmət Mahmudov | |
---|---|
Mahmudov Hikmət İsmayıl oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İsmayıllı, Azərbaycan |
Vəfat tarixi | (84 yaşında) |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Mükafatları | "Tərəqqi" medalı |
Həyatı
Mahmudov Hikmət İsmayıl oğlu 1936-cı il may ayının 15-də İsmayıllı rayonunun ecazkar təbiətli Mican kəndində dünyaya göz açmışdır. İsmayıllı rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsində təhsil almışdır. Oxuduğu müddətdə fakültənin ən fəal və istedadlı tələbəsi kimi tanınmışdır. 1963-cü ildə universiteti bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmiş və təyinatını Qazaxıstan Respublikasına almışdır. 1963–1964-cü illərdə Aktyubinski Vilayətinin Muqodjar geoloji-partiyasında texnik-geoloq və geoloq vəzifələrində çalışmışdır. Bu müddət ərzində H. Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinski vilayətində bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars və digər yataqlar aşkar etmişdir. O, Qazaxıstanda, xüsusən də Cənubi Muqodjar sahəsində qızılın olmasını ilk dəfə aşkar etmişdir. Rəhbərlik tərəfindən təşəkkürnamələr, fəxri fərmanlar və pul mukafatları almışdır.
1965-ci ildə isə onu Qazaxıstan Respublikiası Aktybinski vilayətinin Mərkəzi Geoloji Partiyasında yetkin mütəxəssis kimi rəis vəzifəsinə təyin edirlər. Qazaxıstanın rəhbər orqanları ona bacarığına və istedadına görə Əlcazairə göndərmək qərarına gəlirlər, lakin bu təklif Vətən sevgisi ilə əvəz olunur. O, doğma Azərbaycana qayıdır. Hikmət Mahmudov Azərbaycan Geologiya İdarəsində (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) geoloji fəaliyyətini davam etdirir. Gənc tədqiqatçının elmə olan marağı və həvəsi 1967-ci ildə onu Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) aspiranturasına gətirir və burada işləyir. 1971-ci ildə apardığı səmərəli tədqiqat işləri nəticəsində o, "Kəlbəcər rayonunun perlitləri, onların fiziki-kimyəvi xüsusiyyətləri" mövzusunda elmi işini müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülür. 1992-ci ildə isə o, "Azərbaycanın mezo-kaynazoy yaşlı vulkanik şüşələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1994-cü ildə ona professor rütbəsi verilmişdir. Hazırda AMEA Geologiya və Geofizika İnstitutunda "Geoloji-geofiziki elmlərin tarixi" şöbəsinin rəhbəridir.[1] Görkəmli geoloq-alim Hikmət Mahmudov 84 yaşında dünyasını dəyişib.[2]
Elmi fəaliyyəti
Hikmət Mahmudov geokimya, vulkanologiya və ekologiya elmləri üzrə tanınmış mütəxəssisdir. Əsas elmi istiqaməti isə qeyri-filiz faydalı qazıntıların fiziki-kimyəvi və geokimyəvi xüsusiyyətlərinin öyrənilməsidir. Respublikada aşkar edilən perlit yataqlarının geokimyəvi xüsusiyyətlərini ilk öyrənən və onları hərtərəfli tədqiq edən, habelə miosen yaşlı "Güneydaq" perlit yatağını aşkar edən məhz professor Hikmət Mahmudovdur. O, vakuum sistemli cihaz yaradaraq dünya elm təcrübəsində ilk dəfə vulkanik süxurlardan suları və qazları almış, onların fiziki-kimyəvi xüsusiyyətlərini öyrənmişdir.
Hikmət Mahmudov həm də bu süxurlarda ilk dəfə olaraq hidrogenin ağır izotopunu (deyterini) və oksoni növ suyu (H3O) aşkar etmişdir ki, bunların da geokimya elmində çox böyük əhəmiyyəti vardır. Bu tədqiqatlar dərinlik maqmasının fiziki-kimyəvi, geokimyəvi və filizləşmə xüsusiyyətlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Hikmət Mahmudov həmçinin şüşəvi süxurların şişməsinin səbəblərini yeni faktlarla açıqlamışdır. O, perlitin tətbiq olunması ilə əlaqədar geniş elmi-təcrübi işlər aparmış və bu mineralın sənayedə, xalq təsərrüfatının müxtəlif sahələrində, habelə ekologiyada hərtərəfli tətbiqini müəyyənləşdirmişdir. Onun bu tədqiqat işləri keçmiş SSRİ İxtiralar və Kəşflər Komitəsi tərəfindən bir neçə müəlliflik şəhadətnamələri ilə təsdiqlənmişdir. Perlitin iqtisadiyyat, ekologiya, kənd təsərrüfatı, habelə insan sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb etdiyini ilk dəfə professor H. Mahmudov aşkar etmişdir.
Alimin apardığı elmi-tədqiqatların nəticələri onun namizədlik və doktorluq dissertasiyalarında, respublika və xarici ölkələrin nəşrlərində, habelə 15 elmi kitabında, o cümlədən 9 monoqrafik əsərdə, 4 dərslik və dərs vəsaiti kitablarında, 200-dən çox elmi məqalələrində, elmi hesabatlarda, 7 müəlliflik şəhadətnamələri və səmərələşdirici təkliflərdə öz əksini tapmışdır.
H. Mahmudovun "Təbii ehtiyatların istifadəsi və mühafizəsi" adlı tədris vəsaiti, "Faydalı qazıntılar və onların tətbiqi", "Asiyanın ürəyi", "Geokimyanın əsasları", "Azərbaycanın mineral xammal sərvətləri və ətraf mühit" və bir çox digər kitabları nəinki geoloq və ekoloqlar, habelə ali məktəb müəllimləri və tələbələri üçün də çox faydalıdır.
O, 45 ildən çoxdur ki, ali məktəblərdə dərs deyir. Hazırda Hikmət müəllim Bakı Dövlət Universitetində öz pedaqoji fəaliyyətini davam etdirərək geokimya və ekologiya fənlərindən mühazirələr aparır. Vaxtilə onun dərs dediyi tələbələr bu gün artıq Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri, professorlar, dekan və kafedra müdirləridir.
"Tərəqqi" medalı ilə təltif olunub.[1]
Həmçinin bax
- Ədhəm Mahmudov
İstinadlar
- "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.