Hikmət İbrahimov

Hikmət İbrahimov (tam adı: Hikmət Camal oğlu İbrahimov) — kimyaçı alim, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.[1][2]

Hikmət İbrahimov
Hikmət Camal oğlu İbrahimov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Naxçıvan Muxtar Diyarı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi adı Professor
İş yeri

Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (Azərbaycan Dövlət Elmi-Tədqiqat «Olefinlər» İnstitutu) (1973-2000)

AMEA Neft-Kimya Prosesləri İnstitutu (2000-2022)
Təhsili S.M.Kirov ad. Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), kimya fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı  — 2019
"Tərəqqi" medalı  — 2009

Ümumi məlumatlar

İbrahimov Hikmət Camal oğlu 19 sentyabr 1951-ci ildə Naxçıvan şəhərində həkim ailəsində anadan olmuşdur.

1968-ci ildə C. Məmmədquluzadə adına 2 nömrəli Naxçıvan şəhər orta məktəbini gümüş medalla bitirdikdən sonra, eyni ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuşdur. 1973-cü ildə o, "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə təhsilini başa vuraraq, həmin ildən Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutunda laborant vəzifəsində əmək fəaliyyətinə başlamış, 1976-cı ildə mühəndis vəzifəsinə keçirilmiş, 1980-ci ildə kiçik elmi işçi, 1985-ci ildə böyük elmi işçi, 1992-ci ildə aparıcı elmi işçi,1999-cu ildə laboratoriya müdiri vəzifələrinə yüksəlmişdir.

Elmi-Tədqiqat "Olefinlər" İnstitutunun "Elastomerlər" laboratoriyasında akademik Nadir Seyidovun rəhbərliyi ilə etilen-prorilen kauçukunun xassələrinin yaxşılaşdırılması istiqamətində tədqiqat işlərinə başlamış və modifikator kimi heksen-1-dən istifadə edildiyində effektli nəticələrin alınmasını elmi dəlillərlə sübuta yetirmişdir. Bu istiqamətdə tədqiqat işlərini yekunlaşdıraraq o, 1979-cu ildə "Polimerlər kimyası" üzrə dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

2000-ci ildən Elmi-Tədqiqat Neft-Kimya Prosesləri İnstitutunda elmi fəaliyyətini davam etdirərək aparıcı elmi işçi vəzifəsinə seçilmiş, 2010-cu ildən "Alkilləşmə" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 2011-ci ildən ömrünün sonunadək "Katalitik krekinq və piroliz" laboratoriyasının müdiri olmuşdur.

2010-cu ildə H. C. İbrahimov "Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi" mövzusunda dissertasiya işi müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini almış, 2019-cu ildə "Neft kimyası" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

H. C. İbrahimov 2011–2021-ci illərdə AMEA NKPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, institutda aparılan elmi-tədqiqat işlərinin istiqamətlərinin müəyyənləşdirilməsində, texniki sənədlərin, müxtəlif təyinatlı qrantların hazırlanmasında və İnstitutun ictimai işlərində fəal iştirak etmişdir. 2021-ci ildən dünyasını dəyişənədək AMEA NKPİ "Neft və qazın kimyası və texnologiyası" şöbəsinin müdiri idi.

Ailəsi

Ailəli idi, iki övladı var.

Elmi fəaliyyəti və tədqiqatları

H. C. Ibrahimov 1973-cü ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat "Olefinlər" İnstitunun "Elastomerlər" laboratoriyasında etilen-propilen kauçukunun sintezi və modifikasiyası problemləri ilə məşğul olmuşdur.

O, akademik N. M. Seyidovun rəhbərlik etdiyi laboratoriyada etilen-propilen kauçukunun sintezi və onun modifikasiyasına dair görülən işlərlə tanış olduqdan sonra, etilen-propilen kauçukunun xassələrinin yaxşılaşdırılması istiqamətində elmi-tədqiqat işlərinə başlamış və modifikator kimi heksen-1-dən istifadə edildiyində effektli nəticələrin alınmasını elmi dəlillərlə sübuta yetirmişdir. Propilenlə birgə maye fazaya 10–15% heksen-1-in əlavə edilməsi nəticəsində etilen-propilen kauçukunun xassələrində əsaslı dəyişikliklərin baş verməsini və vulkanlaşma sürətinin 15–20 dəfə artmasını müəyyənləşdirmişdir. H. C. İbrahimov bu istiqamətdə işlərini başa çatdıraraq 1979-cu ildə "Üç- və dörd- komponentli etilen, propilen, heksen-1 və ditsiklopentadienin birgə polimerləşməsi" mövzusunda dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır.

1980-ci ildən H. C. İbrahimov dimerləşmə, polimerləşmə və alkilləşmə prosesləri ilə məşğul olmuş, elastomerlərin və polietilenin quruluşlarının və fiziki-kimyəvi xassələrinin tədqiqi istiqamətində geniş axtarışlar aparmışdır.

O, müəyyənləşdirmişdir ki, polimerlərin xassələri onların molekul kütlə paylanmasından çox asılıdır. Məhz etilen-propilen-heksen birgəpolimerinin molekul kütlə paylanmasının bimodal xarakterli olması, onun xassələrinin tələb olunan səviyyədən də yuxarı olmasına gətirib çıxarır. Polietilenin fraksiyalaşdırılması və fiziki xassələrinin tədqiqi istiqamətində araşdırmalar həyata keçirmiş, "Высокомолекулярные соединения" jurnalında dərc etdirdiyi məqalələrdə molekul kütləsi ilə şüşələşmə temperaturu arasında olan birbaşa asılılıqların nəzəri hesablamaları aparılmış, bu qiymətlərin alınan təcrübi nəticələrlə uyğunluğu müəyyənləşdirilmişdir.

1992–1998-ci illərdə H. C. İbrahimovun apardığı işlərdən biri də α-metilstirolun dimerləşməsi üçün yeni, effektiv və selektiv heterogen katalizatorların sintezinə həsr olunmuşdur.

O müəyyənləşdirmişdir ki, təbii seolitlərin mineral turşularla modifikasiyası yolu ilə bu sistem üçün katalizator sintez etmək mümkündür. Təklif olunan katalizatorlarda konversiya 60–70%, maye dimerə görə selektivlik 97–98% təşkil etmişdir. Prosesin fasiləsiz rejimdə işləyən texnoloji sxemi işlənib hazırlanmış, reqlament tərtib olunmuş və yarım-sənaye qurğusunda alınan yağ Ust-Kamenoqorsk şəhərində güc kondensatorları üçün maye kimi uğurla sınaqdan çıxarılmışdır.

1998-ci ildən başlayaraq H. C. İbrahimovun elmi tədqiqatları akademik M. İ. Rüstəmovun rəhbərliyi ilə aparılan alüminium və xlortərkibli karbohidrogenlər əsasında yeni katalitik komplekslərin sintezi, onların iştirakı ilə ağır neft və EP-300 kompleksində yan məhsul kimi alınan pirolizin maye məhsullarının səmərəli emalı texnologiyalarının işlənib hazırlanması istiqamətlərinə yönəldilmişdir. Onun iştirakı ilə sintez edilən katalitik komplekslərin alınmasının elmi əsasları verilmiş, "Azərkimya" İstehsalat Birliyinin müəssisələrində katalitik kompleksin istehsalı təşkil edilmişdir. Yeni çoxfunksiyalı katalitik kompleks yerli xammallar əsasında sintez olunmuş və bu, istehsalatda mövcud olan avadanlıqlara minimal maliyyə xərcləri qoyulması hesabına həyata keçirilmişdir. Bu katalitik kompleksin iştirakı ilə "Sintez-kauçuk" zavodunda 2,5 t/saat məhsuldarlığa malik olan, fasiləsiz rejimdə işləyən sənaye qurğusu yaradılmış və 10 min tonlarla pirokondensat yeni texnoloji sxemlə emal olunmuş, təmizlənmiş benzol fraksiyasının etilenlə alkilləşdirilməsindən sənayedə 500 tondan yuxarı etilbenzol alınmışdır. Göstərilmişdir ki, fasiləsiz rejimdə işləyən sənaye qurğusunda emaldan sonra, pirokondensatın tərkibindəki doymamışlıq 32%-dən 0,7%-ə enir, bu da imkan verir ki, atmosfer təzyiqində, dünya praktikasında geniş yayılmış hidrogenləşmə prosesindən istifadə olunmadan, aromatik karbohidrogenlər sintez olunsun. Pirokondensatın və onun fraksiyalarının emalı zamanı aromatik karbohidrogenlərlə yanaşı, əlavə məhsul kimi alınan neft-polimer qatranı lak-boya sənayesində örtükəmələgətirici və bituma əlavə kimi istifadə olunmuş, neft-polimer qatranı ilə modifikasiya olunmuş bitum Bakı şəhərinin avtomobil yollarında yol örtüyü kimi sınaqdan çıxarılmışdır. H. C. İbrahimov tərəfindən təklif edilən prosesin üstünlüyü ondadır ki, emaldan sonra benzol fraksiyasını (90%) ayırmaq və alkilləşmə prosesində istifadə etmək olar. "Səthi-aktiv maddələr" zavodunda aparılan sənaye sınaqları katalitik kompleksin yüksək fəallığa malik olduğunu bir daha sübut etmişdir. Bunun üçün benzolla etilenin alkilləşmə qurğusunda orijinal dəyişikliklər aparılmış, katalitik kompleksin az sərfi ilə 34–38% çıxımla etilbenzolun sintezinə nail olunmuşdur. H. C. İbrahimov 2010-cu ildə "Pirolizin maye məhsullarının yeni kompleks emalı sxeminin işlənməsi" mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika elmləri doktoru elmi dərəcəsini almışdır.

H. C. İbrahimovun rəhbərliyi altında neft emalı və neft-kimya sənayesində aparılan proseslərin intensivləşdirilməsi məqsədilə məlum alüminium və dixloretan əsaslı katalitik kompleksin in situ rejimində müxtəlif keçid metal duzları ilə modifikasiyasından yüksək aktivliyə malik bimetallik katalitik sistemlər sintez olunmuş, onların iştirakı ilə α-olefinlərin oliqomerləşməsi prosesi aparılmış, alınan məhsulların quruluş və xassələri fiziki metodlar vasitəsilə öyrənilmiş, müəyyən olunmuşdur ki, bu sistemlərdə alınan yağlar yüksək özlülük indeksi və oksidləşməyə qarşı termostabilliyə malikdir.

H. C. İbrahimov və əməkdaşları tərəfindən CVD metodundan istifadə olunmaqla yüngül piroliz məhsulları və karbohidrogen qazları əsasında çoxdivarlı nanokarbon hissəcikləri alınmış, ağır neftlərin krekinqini həyata keçirmək məqsədilə yüksək aktivlik və seçicilik göstərən karbon əsaslı nanostrukturlu katalizatorlar hazırlanmış, onların element və faza tərkibi, aktiv elementlərin ölçülərə görə paylanması, səth morfologiyası, termiki xassələri fiziki metodlar vasitəsilə tədqiq edilmişdir. CVD qurğusunda He axınında sintez olunmuş katalizator nümunələrinin ağır Misir neftinin pirolizi prosesində katalizator kimi yüksək aktivlik göstərməsi onların xüsusi səth xüsusiyyətləri ilə əlaqələndirilmiş, borularında keçid metalları saxlayan nanokarbon hissəciklər sintetik naften turşularının sintezində, efirləşmə proseslərində effektiv nəticələr vermişdir. Alınmış nanokarbon bitki yağlarının ağardılması prosesində adsorbent kimi sınaqdan çıxarılmış, bu məqsəd üçün istifadə olunan "Ağartma torpağı"nı sərf norması və metalları daha effektiv tutmasına görə üstələmişdir.

H. C. Ibrahimov müasir neft emalı sənayesinin əsas inkişaf istiqamətlərindən biri sayılan ağır neft qalıqlarının (qudron, mazut, ağır piroliz qatranı) emala cəlb edilməsilə açıq rəngli neft məhsullarının alınması və neftin emalının dərinləşdirilməsi istiqamətində elmi-tədqiqat işləri aparmaqdadır. H. C. İbrahimov və elmi məsləhətçisi olduğu t.e.d., dosent G. S. Muxtarova bu məhsulların birbaşa, heç bir əlavə hazırlıq prosesləri aparılmadan, hidrogenin aşağı təzyiqində, suspenzləşdirilmiş nanoölçülü təbii seolitlər (kaolinit, halloizit və s.) və onların müxtəlif metallarla modifikasiyalarının iştirakı ilə hidrokrekinq prosesini həyata keçirmiş, təkrar emal proseslərindən alınan katalitik krekinq benzininin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onun seolitlərin (bentonit, klinoptilolit) iştirakı ilə hidroadsorbsiya üsulu ilə kükürddən təmizlənməsi prosesinin tədqiqini təşkil etməklə, katalitik krekinq benzininin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmuşdur.

Professor H. C. İbrahimovun rəhbərliyi ilə ağır piroliz qatranının (APQ) yeni katalitik kompleksin iştirakı ilə emalı texnologiyası işlənilmiş, yüksək təmizliyə malik olan naftalin rektifikasiya yolu ilə ayrılmış, qalıq fraksiya asta kokslaşma prosesinə yönəldilməklə, keyfiyyətli iynəvari elektrod koksu alınmışdır. APQ fraksiyasının kokslaşması zamanı sistemə sintez olunmuş nanokarbon hissəciklərinin daxil edilməsi nəticəsində stabil nizamlanmş – anizotrop quruluşlu koksun formalaşması skanlaşdırıcı elektron mikroskopu vasitəsilə təsdiqlənmişdir.

H. C. İbrahimov və əməkdaşları tərəfindən metanoldan C2-C4 olefinlərin alınması və proses üçün stabil katalizatorların hazırlanması məqsədilə templant və sonokimyəvi üsullarla mikroməsaməli SAPO-34, SAPO-70 və SAPO-100 seolitləri sintez olunmuş, onların metanolun aşağı molekullu olefinlərə çevrilməsində katalizator kimi istifadəsi ilə prosesdə temperaturun 75–100 °C aşağı salınmasına, optimal seçilmiş 375 °C temperaturda 97% çıxımla etilen və propilenin alınmasına nail olunduğu elmi dəlillərlə sübuta yetirilmişdir.

H. C. İbrahimovun 2012-ci ildə Türkmənistan Elmlər Akademiyasının dəvəti ilə Aşxabadda keçirilən Beynəlxalq Konfransda "Metanol zavodu – qaz sənayesində innovasiya texnologiyaları" adlı məruzəsi "Türkmənistan karbohidrogen sərvətlərinin emalı və neft kimyasında innovasiya texnologiyaları" bölməsinin məruzələrinin ilk üçlüyünə daxil edilmişdir.

2013-cü ildə "Rostok" Universitetinin rektoru, professor Volfqanq Şarekin dəvəti ilə prof. Hikmət İbrahimov Almaniya Federativ Respublikasına ezam olunmuş, orada elmi və praktiki tədqiqat sahəsində əməkdaşlıq üzrə saziş imzalanmışdır. Nanohissəciklərin alınmasına və tətbiq sahələrinin araşdırılmasına həsr olunmuş birgə məqalələr İngiltərənin, Almaniyanın, ABŞ-nin və digər ölkələrin yüksək reytinqli və nüfuzlu jurnallarında dərc olunmuşdur.

Hikmət İbrahimovun həmrəhbərliyi ilə "Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması" problemi üzrə tərtib olunmuş elmi-texniki proqram 2012-ci ildən AMEA tərəfindən maliyyələşdirilmişdir.

Qrantlar

  • Səudiyyə Ərəbistanı Krallığının Elm və Texnika üzrə Abdulaziz mərkəzi City (KACST) qrantı, 2010–2012
  • ARDNŞ-ın Elm Fondunun qrantı "C2-C12 α-olefinlərin əsasında sintetik və yarımsintetik yağların alınması üçün yeni katalitik sistemlərin işlənib hazırlanması", 2013
  • ARDNŞ-ın Elm Fondunun qrantı "Tərkibində alüminium və keçid metalları saxlayan yeni katalitik komplekslərin sintezi və onların iştirakı ilə yüksək özlülük indeksinə malik polialfaolefin oliqomerlərinin alınması prosesinin tədqiqi", 2018.

Elmi-təşkilatı fəaliyyəti

  • NKPİ-nin Elmi Şurasının, İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü və onun nəzdində fəaliyyət göstərən Elmi Seminarın sədri (2011-ci ildən).
  • "Neft kimyası və neft emalı prosesləri" (2011-ci ildən),
  • "Kimya problemləri" (2010-cu ildən),
  • AMEA-nın "Elm dünyası" (2013-cü ildən) elmi-kütləvi jurnallarının redaksiya heyətinin üzvü.

Pedaqoji fəaliyyəti

Sabunçu rayonu 107 nömrəli orta məktəbdə kimya müəllimi (1996–2001-ci illər)

Moskva Dövlət Universitetinin Bakı filialında buraxılış ixtisaslaşmış elmi işlərin rəhbəri (2011–2013-cü illər)

Kadr hazırlığı

H. C. İbrahimov yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə, onların doktorluq dissertasiyalarının müdafiəyə hazırlanmasına xüsusi diqqət ayırmış, onun rəhbərliyi ilə 2 doktorant kimya elmləri doktoru, 8 doktorant kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

H. C. İbrahimov AMEA magistraturasında təhsil alan tələbələrə "Nanotexnologiya" fənni üzrə mühazirələr oxuyurdu və 4 diplomantın elmi rəhbəri olmuşdur.

O, ADNSU-nun "Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının Dövlət Attestasiya Komissiyasının sədri idi.

Təltif və mükafatlar

  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş;
  • 2011-ci ildə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüş;
  • 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Elm Xadimi" fəxri adını almışdır.

Yerli və xarici elmi qurumlarda üzvlüyü

Prof. H. C. İbrahimov AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının və NKPİ İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü idi.

Dövlət Neft Şirkəti yanında neft-qaz emalı və neft-kimya kompleksinin optimallaşdırılması üzrə ekspert Şurasının və Tatarıstan-Azərbaycan birgə komissiyasının üzvü olmuş, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamına uyğun "Azərbaycan Respublikasında neft və qaz sənayesinin (kimya məhsulları daxil olamaqla) inkişafına dair Strateji Yol Xəritəsi"nə dair hesabatların hazırlanmasında AMEA-dan səlahiyyətli nümayəndə kimi fəal iştirak etmişdir.

"Processes of Petrochemistry and oil Refining" (PPOR), "Chemical Problems" jurnallarının redaksiya heyətinin, Azərbaycan və Almaniyada keçirilən bir sıra beynəlxalq konfransların təşkilat komitələrinin üzvü olmuşdur.

Elmi əsərlərin təsnifati

Professor H. C. İbrahimov xaricdə və ölkə daxilində 414 elmi əsərin, o cümlədən 25 müəlliflik şəhadətnaməsi və patentin, 3 dərsliyin, 2 monoqrafiyanın həmmüəllifidir.

Onun elmi məqalələri dünyanın bir sıra aparıcı jurnallarında ("Energy Fuels", "Fuel", "Journal of materials science and engineering", "Journal of Advances in Chemistry", "Materials Testing", "Journal of Surface Investigation: X-ray, Synchrotron and Neutron Techniques", "Oil and Gas" və s.) dərc edilmişdir.

Elmi məlumat bazalarında göstəriciləri

Scholar google: h-indeks – 8, İ10 — indeks – 8, əsərlərinə istinadların sayı – 379

Əsas elmi əsərlərin adları

  1. Алигулиев Р.М., Алиев Р.М., Мартынова Г.С., Ибрагимов Х.Д., Эфендиева 3.Л., Фараджева С.К. Исследование катализаторов получения бензола гидрогенизационной переработкой ароматических концентратов продуктов пиролиза // Нефтехимия, 1989, т.29, № 4, с.475–479.
  2. Кязимов С.М., Бабаев А.И., Джумшудов Ф.И., Ибрагимов Х.Д., Мусаев М.Я. Влияние пластификаторов и рубрикантов на переработку поливинилхлорида экструзионным методом // Азерб. химический журнал, 1999, № 2, с.100–103.
  3. Рустамов М.И., Садыхов Ф.М., Бабаев А.И., Кязимов С.М., Фархадова Г.Т., Гаджиев Т.А., Ибрагимов Х.Д., Азизова Н.К., Юсифзаде Ф.Ю. Рациональная схема переработки пироконденсата и фракции С68 сумгаитского комплекса ЭП-300 // Нефтепереработка и нефтехимия, 2004, № 12, c.37–39.
  4. Ибрагимов Х.Д. Получение жидких димеров a-метилстирола // Химические проблемы, 2007, № 2, с.411–415.
  5. Ибрагимов Х.Д. Каталитическая переработка пироконденсата // Процессы нефтехимии и нефтепереработки, 2007, № 5 (32),с.20–24.
  6. Ибрагимов Х.Д. Комплексная переработка тяжелой смолы пиролиза // Азербайджанское нефтяное хозяйство, 2009, № 2, с.47–51.
  7. Ибрагимов Х.Д. Алкилирование бензольной фракции этиленом на растворимом количестве катализатора КТК-1 // Азерб. химический журнал, 2009, № 2, с.71–76.
  8. Ибрагимов Х.Д. Об особенностях переработки тяжелой смолы пиролиза с применением каталитического комплекса КТК-1 // Азербайджанское нефтяное хозяйство, 2009, № 10, с.79–82.
  9. Ибрагимов Х.Д., Ибрагимова З.М., Шибаева А.А., Кольчикова И.В., Рустамов М.И. Гидрированные димеры a-метилстирола как фрикционные жидкости и пластификаторы для каучуков // Журнал прикладной химии, 2009, т.82, № 11, с.1907–1912.
  10. Seidov N. I., Rustamov M. I., Ibrahimov H. D., Zeynalov E. B., Fredrich J. F. Two-step synthesis of nano-structured carbon phase. Materials synthesis. 53 (2011) 4, P.211–213

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
  2. "Arxivlənmiş surət". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.