Heykəltaraşlıq
Heykəltaraşlıq[1] — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.
Növləri
Heykəltaraşlıq əsasən 2 növə ayrılır:
- həcmli və ya dairəvi
- relyef (barelyef, qorelyef).
Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır.
Haqqında
Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəltaraşlığın ən ibtidai forması — daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da heykəltaraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677–1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbrisitanlıqda qalan və XVII yüzilliyə aid olan çoxsaylı daş qoç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltaraş — Abid hazırlayıb. Heykəltaraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənilib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.
Heykəllərin hazırlanması
Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digərləri. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da heykəl hazırlanır.
Sahələri
Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur:
- monumental
- dekorativ
- dəzgah heykəltaraşlığı.
Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır.
Azərbaycanın professional heykəltaraşlığı
Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdürəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur. Fuad Əbdüləhmanov hələ otuzuncu illərdə yaratdığı obrazlarda monumental formalara üstünlük verirdi. Firdovsinin Şahnamə poemasındakı surətlərdən biri "Ox atan gənc" fiquru buna gözəl nümunə ola bilər. Fuad Əbdürəhmanovun "Nizami" abidəsi xüsusilə diqqət çəkəndir. Cəlal Qaryağdının yaradıcılığında "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad dağı yarır" qorelyefini xüsusi qeyd etmək lazımdır.[2]
Müasir dövrdə Azərbaycan heykəltaraşlığı
Müasir dövrdə Azərbaycan heykəltaraşlığı Ömər Eldarov (H. Cavid, Bakı, 1993, tunc; Atatürk, Bakı, 2010, tunc), Tokay Məmmədov (Koroğlu, Bakı, 2012, tunc) kimi klassiklərlə yanaşı, Fuad Salayev (R. Behbudov, Bakı, 2016, tunc), Fazil Nəcəfov (Q. Qarayev, Bakı, 2014, qranit), Akif Əsgərov (akad. Y. Məmmədəliyev, Bakı, 1998, tunc), Natiq Əliyev (Zivər bəy Əhmədbəyov, Bakı, 2011, tunc), Görüş Babayev (Dədə Qorqud, Bakı, 2013, tunc) və başqalarının yaradıcılığı ilə təmsil olunur. Müstəqillik dövründə paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yaddaqalan heykəllər qoyulmuşdu. Şərif Şərifovun Gəncədə (Həyat ağacı, 2015, tunc), Elman Cəfərovun Naxçıvanda (Dədə Qorqud, 1999, tunc) ucaltdığı monumental əsərləri maraqlı kompozisiya həlli ilə seçilir. Azərbaycanın bir çox heykəltaraşlarının ölkəmizin hüdudlarından kənarda da əsərləri ucaldılmışdı. Ömər Eldarovun (Ü. Hacıbəyli, Vyana, Avstriya, 2006, tunc, mərmər), Səlhab Məmmədov və Əli İbadullayevin (Nizami Gəncəvi, Roma, İtaliya, 2012, tunc), İmran Mehdiyevin (Xurşudbanu Natəvan, Vaterloo, Belçika, 2016, tunc) yaratdığı əsərlər məhz bu qəbildəndir. Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır[3].
İnkişaf tarixi
Heykəltaraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltaraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. Azərbaycan heykəltaraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltaraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltaraşlar, sənətşünaslar tərəfindən hazırlanıb. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltaraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltaraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltaraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltaraşlıq kadrları yetişmişdir. 1920–30-cu illərdə ilk azərbaycanlı heykəltaraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltaraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı.
İstinadlar
- Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 255. ISBN 978-9952-523-37-9.
heykəltaraşlıq
- "Heykəltaraşlıq–Azərbaycan Dövlət Rəsm Qalereyası" (az.). http://azgallery.az/. 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.
- "Heykəltaraşlıq" (az.). http://intangible.az/. 2020-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-13.