Henri Lanqlua

Henri Lanqlua (fr. Henri Langlois; 13.11.1914, İzmir, Osmanlı imperiyası — 13.1.1977, Paris) — Fransa kinematoqrafının əsasını qoyan şəxslərdən biri.

Həyatı

Henri Lanqlua ( Henry Langlois )- yəqin ki, çox az adam bu insan barəsində eşidib. H.Lanqlua Türkiyənin İzmir şəhərində anadan olub. Filmlərin qorunması və onların bərpası ilə məşğul olan biri olub. Paris kinoarxivinin qurucularından biri olub. Vaxtı ikən dünya kinosunun ən önəmli adamlarından olan Lanqlua 1936-cı ildə yaratdığı Paris Kinoarxivi (Cinémathèque Française') ilk öncə on filmdən ibarət olub, amma 1970-ci ildə isə Fransa Kinoarxivində yer almış minə yaxın film olub. Lanqlua ikinci dünya müharibəsi zamanı bir çox filmlərin xilaskarı olub. Faşistlər kitablar kimi filmləri də məhv edirdilər və Lanqlua bir çox filmin məhv olmasına izin verməyib. Çarli Çaplinin ‘’Böyük Diktator’’ filminin orijinal nüsxələrindən birini faşistlərin məhvindən qoruyub.

O, 60-cı illərdə "Yeni Dalğa" film cərəyanının nümayəndələrinə dəstək verməsi ilə də yadda qalır. Qodar, Trüffo, Şabrola verdiyi dəstəklərə görə sonradan məhz bu rejissorları "Kinoarxivinin uşaqları" adlandırdılar.

Maraqlı hadisələrdən biri də 1968-ci ildə yaşanır. O vaxtkı Fransa Mədəniyyət naziri Andre Morua (yazar) Lanqluanı işdən çıxartmaq qərarına gəlir, amma bütün hadisələr məhz bundan sonra başlanır. Lanqluanın işdən çıxarılmasına etiraz olaraq ‘’Yeni Dalğa’’nın bütün nümayəndələri bundan əlavə Kurasava, Hiçkok, Fellini və bir çox başqa rejissorlar öz etirazlarını bildirirlər. Hətta 1968-ci ildəki Kann film festivalı keçirilmir. Deyilənə görə Kann festivalının açılış mərasimi olanda Qodar özünü səhnədəki pərdə iplərindən asmış (məcazi mənada), Trüffo isə səs kabellərini kəsərək festivalın keçirilməsini əngəlləmişdi. Məhz bundan sonra dünya şöhrətli yazıçı və Fransanın Mədəniyyət naziri Andre Morua geri addım ataraq Lanqluadan əl çəkmişdir. Lanqluaya 1974-cü ildə Kinoya verdiyi töhfələrə görə Oskar təqdim olundu. Bundan başqa Parisdəki 13-cü rayona onun adı verilmişdir. Lanqlua 1977-ci ildə vəfat etdi. Lanqlua haqqında Jak Rişar sənədli film çəkib. Bundan əlavə Bertoluççinin ‘’Xəyalpərəstlər’’ filmindəki 1968-ci il Fransa İnqilabı kadrları məhz Lanqluanın arxivindəndir.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.