Hatəmxan ağa
Hatəmxan ağa — Qarabağın adlı-sanlı bəyi, Çəmənli oymağının görkəmli nümayəndəsi.[1]
Hatəmxan ağa | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Çəmənli, Qarabağ bəylərbəyliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Çəmənli, Qarabağ xanlığı |
Uşağı | Nadirqulu bəy |
Həyatı
Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698 ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır.[2]
Hatəmxan ağa Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövründə Qarabağın hörmətli, qoçaq, ədalətl insanlarından sayılmışdır.[2]
Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" əsərindəki Hatəmxan ağa surəti Çəmənli Hatəmxan ağanın protipidir.[2]
Görkəmli Azərbaycan şairi Molla Vəli Vidadi Molla Pənah Vaqiflə deyişmələrinin birində Hatəmxan ağanın adını çəkmişdir:
Ağqız oğlu Piri dünya qardaşın,
Hatəm xan ağadır sində yoldaşın,
Sarı çoban oğlu gözəl dindaşın,
Nə çəkərsən sən dərdü sər, ağlarsan[1]
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakir şeirlərindən birində Qarabağın vəziyyətini, insanlarını təhlil edərkən Hatəmxan ağanın adını ehtiramla yad etmişdir:
Qərvənd Meydanəli, o cinli Budaq,
Çəmənli Hatəm xan olaydılar sağ,
Belə keçməz idi mülki-Qarabağ,
Tezlik ilə həll olurdu müşkülat.[1]
O, başqa bir şeirində də Hatəmxan ağanın adını xatırlamışdır.[1]
Hatəmxan ağa 1798 ildə Çəmənli oymağında vəfat etmişdir.
Xələfləri
Nadirqulu bəy Hatəmxan ağa oğlu (...-1848) Çəmənli oymağında dünyaya gəlmişdir. Hatəmxan ağadan sonra uzun illər Çəmənli oymağının yüzbaşısı olmuşdur. Fars, rus dillərini bilmişdir. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823 ilə aid Qarabağ əyalətinin siyahıya alınması sənədində Nadirqulu bəyin dövlət vergisindən azad edilməsi barədə məlumat yazılmış, ictimai həyatdakı mövqeyi işıqlandırılmışdır. (Bax: Nadirqulu bəy)
Yusif bəy Nadirqulu bəy oğlu (1788-1848) Çəmənli oymağında dünyaya gəlmiş, molla yanında təhsil almışdır. Onun geniş torpaq sahələri, əkin yerləri, üzüm bağları olmuşdur.[2]
Hatəmxan bəy Nadirqulu bəy oğlu (1798-...) Çəmənli oymağında anadan olmuş, təhsilini dini məktəbdə almışdır. Hatəmxan bəy zəmanəsinin mömin bəylərindən sayılmış, Məşhəd şəhərini ziyarət etdiyi üçün Məşədi Hatəmxan bəy adı ilə tanınmışdır. Məşədi Hatəmxan müəyyən səbəblərə görə bəy adından imtina etmişdir. Lakin bəylərin siyahıya alınması sənədlərində o, Məşədi Hatəmxan bəy kimi qeydə alınmışdır.[2]
Kazım bəy Nadirqulu bəy oğlu (1816-...) Çəmənli oymağında anadan olmuş, dini məktəbdə oxumuşdur. Qarabağda zəmanəsinin tanınmış, ədalətli bəylərindən sayılmış, Çəmənlinin yüzbaşısı olmuşdur. Bu gün Çəmənli kəndində Kazım bəyin şərəfinə "Kazım bəyin dərəsi" adlanan ərazi vardır.[2]
Qabaqcıl maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədov ata tərəfdən Hatəmxan ağanın nəslindəndir. Onun atası Murtuza bəy Yusifbəyov Hatəmxan ağanın kötücəsidir.[1]
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov ana tərəfdən Hatəmxan ağanın nəslindəndir.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Hatəmxan ağanın nəslindəndir.
İstinadlar
- Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33 (165)
- Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016
Mənbə
- Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33 (165)
- Orxan Zakiroğlu (Baharlı). Hatəmxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı).Çəmənli oymağı və Hatəmxan ağa nəsli. I kitab. Bakı, 2016