Harold Pinter

Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[1][2][…], London, Birləşmiş Krallıq[3]24 dekabr 2008[4][1][…], London, Birləşmiş Krallıq[3]) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005).

Harold Pinter
ing. Harold Pinter
Doğum tarixi 10 oktyabr 1930(1930-10-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 dekabr 2008(2008-12-24)[4][1][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Dəfn yeri
  • Kensal-Qrin qəbiristanlığı[d]
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti dramaturq, aktyor, kinorejissor, ssenarist, yazıçı, teatr rejissoru, şair, roman yazıçısı, rejissor
Fəaliyyət illəri 1947–2003
Əsərlərinin dili ingilis dili
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeni komandoru "Fəxri legion" ordeni kavaleri
ədəbiyyat üzrə Nobel mükafatı
Companion of Honour
haroldpinter.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi.

Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu.

İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı. Üç il sonra "Qarovulçu" adlı digər pyesi tamaşaya qoyulmuş və bu əsər Pinterə XX əsrin ikinci yarısının ən yaxşı ingilis dramaturqu adını qazandırmışdı. Bu zaman müəllifin 30 yaşı təzəcə tamam olmuşdu. Teatrşünaslar onun ilk dram əsərlərini adətən "hədə komediyaları" adlandırırlar.

Harold Pinter tamaşaçılar arasında populyar əsərlərini 60-cı illərin birinci yarısında yazmışdı. Bunların sırasına "Kolleksiya" (1961), "Aşnalar" (1962), "Çay dəsgahı" (1964), "Evə dönüş" (1964) və başqa pyeslər daxildir. Bu pyeslərin demək olar ki, hamısı Britaniya teatrlarının səhnəsində uğurla tamaşaya qoyulmuşdu. Sonrakı illərdə isə yazıçının "Sahibsiz torpaq" (1974), "Xəyanət" (1978), "Dağların dili" (1988) pyesləri diqqəti daha çox cəlb etmişdi.

Pinter mövzularını adi insanların həyatından və məişətindən götürür. Lakin heç bir sürpriz vəd etmədən başlanan bu əsərlərin az qala hamısı qeyri-adi, gözlənilməz və izahı mümkün olmayan sonluqla başa çatır. Məsələn, "Yüngül ağrı" pyesində orta yaşlı bir intellektual evinin yaxınlığında kibrit satan qaradinməz adamı görür. Onu mənzilinə dəvət edir. Bütün səylərinə baxmayaraq kibrit satıcısını söhbətə çəkə bilmir. Nəhayət, özü hövsələdən çıxır və həyatının indiyə qədər hamıdan gizli saxladığı tərəflərini açmağa başlayır. Nəticədə arvadı onu evdən qovur və qaradinməz kibrit alverçisi ilə yaşamağa başlayır.

İnsan psixologiyasının gizli tərəflərinin amansız bir sərtliklə açıqlanması Pinterin yalnız dramaturgiyası deyil, kino yaradıcılığı üçün də səciyyəvidir. Onun həm öz ssenariləri, həm də Frensis Fitscerald, Frans Kafka, Con Fauizinin romanları əsasında yazdığı ssenarilər diqqətəlayiq filmlərin meydana çıxmasına imkan yaratmışdır. Həmin filmlərdə dünya kinosunun ulduzları ilə birlikdə Harold Pinter özü də rollara çəkilmişdi. Həyatının son iyirmi ilində Harold Pinter bədii yaradıcılıqdan daha çox ictimai fəaliyyət və özünüreklamla məşğul olmuş, insan haqlarının qorunması məsələsinə diqqət yetirmişdir. Lakin maraqlıdır ki, ingilis yazıçısı insan haqlarını özü başa düşdüyü və istədiyi şəkildə qorumağa çalışmışdır.

1985-ci ildə Beynəlxalq PEN-klubun təşəbbüsü ilə Harold Pinter və amerikan dramaturqu Artur Miller dissident yazıçılara qarşı təqib və təzyiq faktlarını araşdırmaq üçün Ankarada olmuşdular. Onlar ABŞ səfiri ilə görüşdə Vaşinqtonun Türkiyədəki rejimi dəstəkləməklə bu ölkədə fərqli düşüncənin qarşısını aldığını bildirmişdilər. Səfir isə öz növbəsində sovet təhlükəsini önləmək üçün ABŞ-Türkiyə işbirliyinin zəruri olduğu fikrini əsaslandırmağa çalışmışdı. Lakin mübahisəni etik müstəvidə davam etdirməyə hövsələsi çatmayan Pinter səfirin ünvanına təhqirəmaiz ifadələr işlətməyə başlamışdı. Nəticədə yazıçıları böyük biabırçılıqla iqamətgahdan qovmuşdular. Sonralar Pinter əslində ziyalılıqla bir araya sığmayan bu insidenti bioqrafiyasının parlaq səhifələrindən biri adlandırmışdı. Pinter dəfələrlə Türkiyədə kürdlərin sıxışdırılması, ABŞ-nin Nikaraquaya təzyiqləri, Mərkəzi və Cənubi Amerikada insan hüquqlarının məhdudlaşdırılması, Amerikanın keçmiş Yuqoslaviyaya antihumanist münasibəti və s. barəsində kəskin bəyanatlarla çıxış etmişdir. Eyni zamanda o, ABŞ və Böyük Britaniyanın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlara qarşı ən barışmaz mövqedə dayanan Avropa intellektuallarından biri kimi tanınmışdı. Buşun İraqa hərbi müdaxiləsinin həqiqi səbəblərini açıqlayan Pinter Britaniya Parlamentinin aşağı palatasındakı çıxışında demişdi: "Amerikalılar dəhşətli xof yaratmağın müxtəlif klassik üsullarından — qorxutmadan, rüşvətdən, şantajdan, təbliğatdan istifadə edərək dünya birliyinin yalançı dəstəyini qazandılar. Ən adi bir iş baş verdi: suveren ölkənin ərazisinə ordu yeridildi, neftlə zəngin torpaqların işğalı və nəzarətə götürülməsi planı həyata keçirildi". 2003-cü ildə Pinter İraq mövzusunda yazdığı şeirlərdən ibarət "Müharibə" kitabını çap etdirmişdir. Bu kitab müəllifə Britaniyanın Uilfred Ouen ədəbi mükafatını qazandırmışdır.

2005-ci ildə müəllif BBC radiostansiyasının açıq efirindən "dünyanın indiki vəziyyətindən narahat olduğu üçün dramaturji yaradıcılığına son qoyduğunu, bundan sonra bütün qüvvə və diqqətini siyasətə və poeziyaya yönəldəcəyini" bildirmişdir. Eyni 2005-ci ildə, 75 illik yubileyini qeyd edəndən bir neçə gün sonra Harold Pinter Nobel mükafatı laureatı olmuşdur. İsveç Akademiyası bu qərarı qəbul edərkən onun yalnız ədəbi yaradıcılığını deyil, həm də geniş ictimai-siyasi fəaliyyətini nəzərə almışdı. Beynəlxalq PEN-klubun prezidenti İohann Ştrasserin fikrincə, əslində isveçli akademiklər öz qərarlarında ən azı otuz il gecikmişdilər.

Pinter ədəbiyyat Nobelinə "pyeslərində adilik arxasında gizlənən uçurumları göstərdiyinə və şüurun ən bağlı qatlarına yol tapa bildiyinə görə" layiq görülmüşdü.

Harold Pinter 79 yaşında — 24 dekabr 2008-ci ildə Londondakı evində vəfat edib.

Filmoqrafiya

  1. Sleuth (2007) — ssenari müəllifi.

İstinadlar

Mənbə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.