Hamamçay

Hamamçay — başlanğıcını 2870 m yüksəklikdən, Qaflan dağının (2879 m) ətəklərində "qaynarca" adlandırılan (isti-qaynar su mənasında) iki bulaqdan götürən dağ çayı. Qax rayonunun İlisu kəndi ərazisindən axır, Kürmükçayın sol qoludur. İlisu kəndinin yan erroziyadan mühafizəsi üçün çayın sol sahili boyunca kənd ərazisində bənd salınmışdır. 2011-ci ildə üzərində Tovla-Tala məhəlləsinə keçmək üçün mənsəbdən 30–50 m məsafədə olan körpü inşa edilmişdir. Qaraqaya (3360 m) zirvəsindən qoşulan sağ qolu qısa və daha gursuludur. Əsasən qar suları və buzlaqlarla qidalanır. Buna görə də yaz aylarında bolsulu olur və tez-tez daşqınlar baş verir. Mənbədən 2,5-2.5 km məsafədə tektonik qırılmanı kəsir və burada ilk şəlaləsini əmələ gətirir. Çoxsaylı şəlalələri (Qoçyataq, Gözbulaq, Çaykeçən və s. Bunlardan ən böyüyü Ramramay şəlaləsidir) ilə fərqlənir. Uzunluğu-13 km, orta meyilliyi — 126 0/00, sutoplayıcı hövzəsi — 62,0 km2, hövzənin orta yüksəkliyi – 2380 m, orta meyilliyi – 650 0/00. Hövzədə çay şəbəkəsinin sıxlığı – 0,90 km/km2, meşəlilik əmsalı — 17 %-dir. Çay 7-ci km-də kanyondan çıxır, qismən genişlənmiş dərə əmələ gətirir. Elə bu hissədə çıxan rodon-kükürd tərkibli termal bulaqlarlı ilə səciyyəvidir. Yerli əhalinin "hamam” adlandırdığı bu məkanın adına uyğun olaraq çay Hamamçay adlanır. İlisu kəndinin aşağı hissəsində Kürmükçaya tökülür.

Hamamçay
Ölkə
Mənbəyi Qaflan dağ
Mənsəbi Kürmükçay
Uzunluğu
  • 13 km
Hövzəsinin sahəsi 62 km²

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.