Hafiz Əhməd Paşa
Müəzzinzadə Hafiz Əhməd Paşa (1564, Plovdiv – 10 fevral 1632, Konstantinopol) — IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə 2 dəfə — ümumilikdə 2 il 1 ay 20 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Müəzzinzadə Hafiz Əhməd Paşa | |
---|---|
حافظ باشا احمد حفيد المؤذن | |
28 yanvar 1625 – 1 dekabr 1626 | |
Əvvəlki | Çərkəz Mehmed Əli Paşa |
Sonrakı | Maraşlı Xəlil Paşa |
25 oktyabr 1631 – 10 fevral 1632 | |
Əvvəlki | Qazi Əkrəm Hüsrəv Paşa |
Sonrakı | Topal Rəcəb Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Plovdiv |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Ayşə Sultan |
Uşağı | Sultanzadə Mustafa bəy |
Rütbəsi | Admiral |
İkinci sədarət dönəmində ayaqlanan qapıqulu əsgərləri tərəfindən sultanın gözləri önündə linç edilmiş, bu hadisə IV Muradın real hakimiyyəti ələ almasında böyük rol oynamışdır.
İlk illəri
Türk əsilli olub, plovdivli bir müəzzinin oğludur.[1] Əndərunda təhsil almışdır. Bir müddət hasodada (sultanın yaşadığı otaqda) xidmət göstərdikdən sonra I Əhməd dönəmində mühasib oldu. Daha sonra şahinçi olan Hafiz Əhməd 1608-ci ilin əvvəllərində kaptan-ı dərya olaraq saraydan ayrıldı. Ancaq həmin il Anadoluda baş verən Cəlali üsyanını yatıran sədrəzəm Quyucu Murad Paşa səfərdən geri döndü və öz adamı olan Kürəkən Xəlil Paşanı kaptan-ı dərya təyin etdi. Hafiz Paşa isə Şam bəylərbəyi olaraq 7 illik sürgünə yollandı. Daha sonra Van, Ərzurum, Bağdad və Anadolu bəylərbəyliklərinə təyin edildi.[1]
1622-ci ildə II Osmanın qətlindən bir müddət öncə Diyarbəkir bəylərbəyi seçildi. O dövrdə Diyarbəkir dəftərdarı olan İbrahim Peçəvinin qeydlərinə görə,[2] II Osmanın qətlindən sonra Hafiz Əhməd Paşa başda Abaza Mehmed Paşa olmaqla digər bütün Anadolu bəylərini ətrafında toplayaraq Gənc Osmanın qatillərinə qarşı ittifaq qurdu.[1][3]
İlk sədarəti
Daha sonralar cəlali üsyançılarına qoşulan Abaza Mehmed Paşaya qarşı və Səfəvilərə qarşı sərdar-ı əkrəm seçilən sədrəzəm Çərkəz Mehmed Əli Paşa 1625-ci ilin yanvarında Tokat yaxınlığında anidən vəfat etdi. Onun yerinə isə sədrəzəm olaraq Hafiz Əhməd Paşa seçildi.[1]
Müəzzinzadə Hafiz Əhməd Paşa paytaxtdan aldığı əmrlə üsyan edən Bağdad hakimi Bəkir Subaşının üzərinə yürüdü. Başlayan üsyanın çox böyüməyəcəyinə inanan Hafiz Əhməd Paşa mühasiblərinin tövsiyələrinə uymayaraq kiçik bir orduyla Bağdada getdi. 9 ay davam edən mühasirə nəticəsiz qaldı və Səfəvilərlə danışıqlara keçən Bəkir Subaşı şəhəri onlara təslim etdi.[1]
dekabr 1626 tarixində bütün bu uğursuz fəaliyyəti səbəbilə sədarətdən alındı və yerinə Kürəkən Xəlil Paşa gətirildi. Hafiz Paşa isə İstanbula geri döndü və ikinci vəzir (vəzir-i sani) olaraq qübbəaltı vəziri oldu. Bu illərdə I Əhmədin qızı və IV Muradın bacısı olan Ayşə Sultanla nikahlandı və saraya kürəkən oldu.
İkinci sədarəti və ölümü
Sədrəzəm Qazi Əkrəm Hüsrəv Paşa isə 1629-cu ildə Bağdadı mühasirəyə aldı ancaq bu mühasirə də uğursuz oldu. Ordusu ilə birlikdə Mardinə çəkildi. Növbəti iki ili burada qalan Hüsrəv Paşanın yerli əhaliyə etdiyi əziyyətin xəbərləri isə İstanbula qədər gəlib çatdı. Bu xəbər IV Murad və mərkəzi dövlət idarəsi tərəfindən xoş görülmədi. Hüsrəv Paşa sədarətdən alındı və Hafiz Paşa ikinci dəfə sədrəzəm seçildi.[4]
Şərqdə ard-arda məğlub olan qapıqulu əsgərlərinin qış gəlmədən paytaxta geri dönməsi haqqında divanda qərar qəbul edildi. Tokata çəkilən Hüsrəv Paşa isə paytaxta dönən əsgərləri öz lehinə ayaqlanmağa təşviq edirdi. İstanbula geri qayıdan yeniçərilər isə zəfər qazanmışcasına paytaxtda iğtişaş törətməyə başlamışdılar. Sədrəzəm olmaq istəyən Topal Rəcəb Paşa isə əslən boşnaq və alban olan yeniçəriləri təşviq edərək üsyana sövq etməkdə idi.[4]
7 fevral 1632 tarixində ilk hərbi ayaqlanma baş verdi. Sultan Əhməd Meydanına toplanan sipahi və yeniçərilər Hüsrəv Paşanın sədarətdən alınmasına qarşı çıxdılar.[4] Topqapı Sarayına hücum edən yüzlərcə əsgər, üləma və şəhər əhalisi sədrəzəm Hafiz Paşa, Şeyxülislam Yəhya Əfəndi və yeniçəri ağası Həsən Xəlifə də daxil olmaq üzrə 17 dövlət adamının vəzifəsindən azad edilərək edamını tələb etdilər. Bu ayaqlanma 3 gün davam etdi və 3 gün boyunca şəhər darmadağın edildi.
Ayaqlanan əhali üsyanın üçüncü günü — 10 fevral tarixində Topqapı Sarayının çöl qapısını keçərək Orta Qapıya gəldilər və nümayişlərini burada davam etdirdilər. Vəzir Bayram Paşa Hafiz Paşaya məktub yazaraq saraya gəlməməsini təkidlə tövsiyə etsə də, Hafiz Paşa bir dəstə əsgərlə saraya gəldi. Əhalinin daş-qalaqla qarşıladığı Hafiz Paşa saraya girə bildi və sədarət möhrünü IV Murada təslim edərək libasını dəyişdi və gizlicə Üsküdara qaçdı.[4]
Ayaqlanan üsyançılar Orta Qapını açdırıb saraya daxil oldular və sultanı ayaq divanına çağırdılar. Silahlı saray xidmətçilərinin müşayətilə IV Murad qapı önünə gələrək taxta oturdu və üsyançıların dərdlərini dinlədi. Üsyançılar kəllələrini istədikləri dövlət adamlarının siyahısını verdilər və əks təqdirdə işin başqa yönə gedəcəyini bildirərək hədə qorxu gəldilər. Daha sonra hücuma keçək əhalinin arasından zorla çıxarılan IV Murad yenidən saraya qaçırıldı.
Topal Rəcəb Paşanın məsləhətilə istefavermiş Hafiz Əhməd Paşa yenidən saraya çağırıldı və IV Murad təkrar ayaq divanına çıxarıldı. Ancaq ayaq divanında deyilən məsləhətlərə qulaq asmayan üsyançılar sabiq sədrəzəmin edamını istədilər. Bu əsnada Hafiz Əhməd Paşa öz istəyilə üsyançılara təslim oldu. Üsyançılar xəncər və daş-qalaqla hücuma keçdilər və Hafiz Əhməd Paşa şəhid edildi.[4] Üsyançıların yatışdırılması üçün Topal Rəcəb Paşa sədrəzəm təyin edildi.[4] Vəsiyyətinə uyğun olaraq Müəzzinzadə Hafiz Əhməd Paşa Üsküdarda Qaracaəhməd Məzarlığında dəfn olundu.
Həmçinin baxın
Mənbə
- Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVİİ. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 İŞBN:978-975-16-0010) say.380
- İbrahim Efendi Peçevi (haz. Bekir Sıtkı Baykal), (1999) Peçevi Tarihi 2 Cilt, Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları;
- Peçevi Tarihi, C.2 say,291
- Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul:Oğlak. ISBN 975-329-299-6 say. 238