Hacısamlı nahiyəsi
Hacısamlı nahiyəsi – Qarabağ xanlığının bir bölgəsi.
Bu məqalə Hacısamlı nahiyəsi haqqındadır. Hacısamlı kəndi üçün Hacısamlı səhifəsinə baxın. |
İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuş, tarixçi Mirzə Camal Cavanşir Qarabaği 1847-ci ildə Vorontsovun tapşırığı ilə yazılan Qarabağ xanlarının tarixinə dair "Qarabağnamə" əsərində yazırdı: "…Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi, Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı Samlı, Kolanı, və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət, cəlal və bünövrə sahibi idilər."
Burada adı çəkilən Hacısamlı nahiyyəsinin ərazisi indiki Laçın rayonunun şimalından Qırqız dağının aşırımına qədər, indiki Kəlbəcər rayonunun sərhəddi boyunca böyük bir ərazini əhatə edir. Aranı və yaylağı olmaqla heyvandarlıq və əkinçilik üçün əlverişli bir ərazidir.
Pənahəli xan Qarabağlının razılığı ilə təməli qoyulan Hacısamlı bəyliyinin daha yaxşı inkişafı və şöhrətlənməsi 1880-ci illərdə özünü göstərmişdir. Belə ki, Hacısamlı nahiyəsində bəylik titulunu Bülövlük (Biləvlik) bəylərindən sonra Əlipaşa bəy qazanmışdır. Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 saylı protokolu 16 avqust 1877-ci ildə Qafqaz canişini M. Vorontsov tərəfindən təsdiq edilərək Əlipaşa bəy Sultanova bəylik titulu verilmişdir. Məhz Hacısamlı nahiyəsinin şöhrətlənməsi Əlipaşa bəy Sultanovun və Sultan bəy Sultanovun bəyliyi dövründə olmuşdur.
Hacısamlı nahiyyəsi yaşayış məskəni kimi qədim əsrlərdən, minilliklərdən xəbər verir. Hətta bu ərazidə xristanlıqdan əvvəllərə aid abidələr var.
Mənbə
- Qarabağnamələr. II cilddə. I cild. Bakı: 1989, 1991, səh.146.
- Əli Əliyev. Laçın – Qədim Oğuz yurdu. Bakı: Avropa nəşriyyatı, 2009, səh.64–65.