Hacıməmməd Qafqazlı
Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) (24 mart 1898, Lənkəran, Lənkəran qəzası – 21 sentyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).
Hacıməmməd Qafqazlı | |
---|---|
Doğum adı | Hacıməmməd Quliyev |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1924–1982 |
Təhsili | Bakı Teatr Məktəbi (1926) |
İstiqamət | teatr, kino |
Mükafatları |
|
IMDb | ID3394078 |
Həyatı
1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Qafqazlı əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib. 14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. İlk rolu isə Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb, teatr sahəsindəki xidmətlərinə görə "Azərbaycan SSR əməkdar artisti" (1943) fəxri adına layiq görülüb.
H.Qafqazlı teatrda çalışmaqla bərabər "Fətəli xan", "Bir məhəllədən iki nəfər", "Yeddi oğul istərəm…", "Şərikli çörək" və s. filmlərdə çəkilib. Aktyorun son ekran işi "Mosfilm"in istehsal etdiyi "Tehran-43" filmi olub. Teatr aləminə gəldiyi gündən H.Qafqazlı dramaturq Cəfər Cabbarlı ilə yaxın dost olub.
Hacıməmməd Qafqazlı 1982-ci ilin sentyabrında 84 yaşında dünyasını dəyişib.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
- "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949
Filmoqrafiya
- Arşın mal alan (film, 1965)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bir nömrəli… (film, 1980)
- Biri vardı, biri yoxdu... (film, 1967)
- Bismillah (film, 1925)
- Fətəli xan (film, 1947)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- Kölgələr sürünür (film, 1958)
- Qanun naminə (film, 1968)
- Qəribə adam (film, 1979)
- Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
- Qızmar günəş altında (film, 1957)
- Səbuhi (film, 1941)
- Şərikli çörək (film, 1969)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Yeddi oğul istərəm... (film, 1970)
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 51.