Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası
Hacı Mahmud əfəndinin yaşayış evi və müsafirxanası — yaşayış evi və müsafirxana
Hacı Mahmud əfəndinin yaşayış evi Aslanbəyli kəndinin qərb qurtaracağında yerləşir. Bu ev qonşuluqdakı müsafirxana (qonaq evi) və məscid ilə birlikdə vahid bir kompleks təşkil edir. Yerli daşdan tikilən bina XIX yüzilliyin imkanlı kənd sakinlərin mülkləri üçün səciyyəvi olan bir görkəmə malikdir.
Soykökü Aslanbəylidən olan Hacı Mahmud əfəndi 150 il əvvəl Türkiyədə dini təhsilini başa vurandan sonra doğma yurda qayıtmışdır. Öz kəndində əsl din adamı kimi tanınır. O camaatın mənəvi atası, müəllimi, həm də himayədarı olmuşdur. Hacı Mahmud əfəndi Türkiyənin Amasiya şəhərində ustadı və mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir məscid tikdirmişdir. Məscid indi də durur və onun üzərində Hacı Mahmud əfəndi tərəfindən tikdirilməsi haqqında lövhə vurulub. Hacı Mahmud əfəndinin nüfuzundan ehtiyatlanan çar hökuməti onu Şeyx Şamilin dəstəkləməsində günahlandırıb qazamata salır. Xeyli qazamatda saxladıqdan sonra xalqın mənəvi atasını azad etməyə məcbur olur. Ölümündən sonra Aslanbəylidə dəfn olunan Hacı Mahmud əfəndinin türbəsi əsl ziyarətgaha çevrilib.