Hacı Əliş ağa
Hacı Əliş ağa Əmiraslan oğlu Kəsəmənli (1838 və ya 1841, Zod – 1919, Gəncə) — Azərbaycan şairi.
Haci Əliş ağa | |
---|---|
Hacı Əliş ağa Əmiraslan oğlu Kəsəmənli | |
Doğum tarixi | 1838 və ya 1841 |
Doğum yeri | |
Vəfat tarixi | 1919 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Əmiraslan |
Təhsili | Dini təhsil |
Fəaliyyəti | Şair, müəllim |
Janr | Qəzəl |
Hacı Əliş ağa Vikimənbədə |
Həyatı
Göyçənin Zod kəndindən olan el şairi Haci Əliş ağa (1838-1919) yaxşı saz çalar, müxtəlif janrlarda şeirlər yazarmış. Hacı Əliş ağa Əmiraslan oğlu Kəsəmənli 1838-ci ildə Zod kəndindədoğulmuşdur. Ilk təhsilini kənddə xüsusi məktəbdə almışdır.[1]
Əliş ağanın atası Əmiraslan ağa dövrünün müəyyən savad görmüş,elm və maarifə qayğı göstərən, özü də aşıqsayağı şeirlər yazan, gözəl saz tutmağı bacaran bir şəxsi olmuşdur. Əmiraslan ağa oğlu Əlişi də ziyalı kimi görmək istəyirdi. Rəsmi sənəd olmasa da, yerli ağsaqqalların söylədiklərinə görə, Zodda seminaryaya bənzər üçillik məktəb olmuşdur. Bu məktəbə ibtidai təhsil almış və ya şəxsi məktəblərdə oxumuş gənclər qəbul olunurmuşlar. Çox güman ki, Əliş ağa bu məktəbdə təhsil almış, biliyini genişləndirmək üçün başqa şəhərlərə getməyi arzulamışdır.
Atası Əliş ağanın elmə olan marağını duyub, onu Qori Müəllimlər Seminariyasına göndərir. Istər kənd məktəbində, istərsə də seminariyada Əliş ağa ərəb, fars və rus dillərini mükəmməl öyrənir. Elmə və maarifə dərin maraq göstərən Əliş ağa Şərq ədəbiyyatını, eləcə də Azərbaycan klassiklərinin ədəbi irsini öyrənir, özü də həm klassik, həm də xalq şeiri şəkillərində əsərlər yazır.
Təhsilini tamamlayıb doğma yurda qayıdan Əliş ağa Göyçə saz-söz mühitində, ümumiyyətlə Göyçə mədəni həyatında yaxından iştirak edir. Dövrünün savadlı ziyalısı olan Mirzə Bəylər, Usta Abdulla və Ələsgər ocağı ilə əlaqə saxlayır, dostluq edir.
Hacı Əliş ağa bir müddət dövlət idarələrində də işləmiş (1880-1885), İrəvan quberniyasında və Qarabağ xanlığında müxtəlif vəzifələrdə çalışmışdır.
Yaradıcılığı
Arzular
Şairin "Arzular" şeiri Qarabağ xatirələrindən doğulmuşdur:
Qarabağ mahalı çox abad olsun,
Çarbudaq çinarı könlüm arzular.
Heç qəmgin olmasın, daim şad olsun,
Mənə qəmküsarı könlüm arzular.
Heç çıxmaz yadımdan yolun nişanı,
Bəzirgan, Ağdivan, bir də Kolanı.
Marağanın düzü tək dağdağanı,
Getdiyim yolları könlüm arzular.
Tanımazdım nə sultanı, nə xanı,
Dolandım bir aya cümlə-cahanı.
Tutub əldə qızıl quşu, tərlanı,
Etdiyim ovları könlüm arzular.
Adıgözəl bəy Qarabağın sərdarı,
Azad ağa camaatın rəhbəri.
Ağdamı, Bərdəni, bir də Tərtəri,
Gəzdiyim yerləri könlüm arzular.
Yandırdı canımı yarın fərağı,
Könüldən çıxmayır heç ixtiyarı.
Kabinet, ispalnı, həm zal otağı,
O zal otaqları könlüm arzular.
Əlbəttə, şeirdəki Əliş ağanın Qarabağdakı həyatı, xüsusən Mirzə Adıgözəl bəyin dövründə işləməsi, Qarabağ mahalını gəzib yaxından tanıması haqqındakı təəssüratlar tarixi sənəd kimi də maraq doğurur. Göyçənin bəzi el şairləri kimi Hacı Əliş ağa da həm aşıq şeiri şəkillərində, həm də divan ədəbiyyatının müxtəlif formalarında şeirlər yazmışdır.
Hacı Əliş ağa "Molla Nəsrəddin" məcmuəsi ilə yaxından əlaqə saxlamış, jurnalın abunəçisi olmuş, Sabirsayağı satirik şeirlər yazıb göndərmişdir. "Bizlərin də dərdinə qalsan, ay molla əmi" mətləsi ilə başlayan şeiri jurnalda dərc olunmuşdur. Onun "A molla" şeri bu münasibətlə yazılmışdır. Müsəlmanlara xitabən deyilən, sünni-şiə mübahisəsini aradan götürməyə həsr olunan şeirindən yaddaşlarda qalan iki misranı nümunə göstərmək olar.
Yüz il ibadət eyləsə də,
Hacı girməz cənnətə,
Olmasa səndən bir ixtiyar, Əli!
Hacı Əliş ağanın "Dünya", "Ağaxan", "Möhlət", "Axtarıram", "Ağlar" və başqa şeirləri onun zəngin dünyagörüşünə malik olduğunu göstərir.
Vəfatı
Hacı Əliş ağa 1902-ci ildə dövlət vəzifələrindən uzaqlaşıb Göyçəyə qayıdır və buranın maarif və ədəbi mühitində iştirak edir. 1918-ci ildə daşnaqların törətdikləri qırğın Hacı Əliş ağanı da doğma yuvasından didərgin salır, Gəncəyə köçür.
Dəhşətli qırğınlara dözə bilməyən Hacı Əliş ağa 1919-cu ildə vəfat edir. O, Göyçə ədəbi mühitinin geniş dünyagörüşlü, savadlı ziyalısı kimi yaddaşlarda qalmışdır.
İstinadlar
- "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
Mənbə
- Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010.