Hacıəlili eli
Hacıəlili eli— Cənubi Azərbaycanda yaşayan türk tayfalarından biridirlər. Onlar Cənubi Azərbaycanın kütləvi olaraq iki bölgəsində yaşamaqdadırlar: Qaradağın Əhər bölgəsində və Vərziqanın şimalında, digər qolları isə Marağa ətrafında yaşamaqdadır. 1960-cı ildə hələ də köçəri həyat sürən hacıəlililərin yaylaqları Qaradağın Dizmar və Üzümdil şəhristanlarında, qışlaqları isə Keyvan və Qarmaduz bölgəsində yerləşməkdə idi. Marağadakı hacıəlililərin yaylaqları Səhənd dağı ətəklərində, qışlaqları isə Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərindəki Qoğanda, Cığatıçay idi. Qaradağda yaşayan hacıəlililərin tirələri bunlar idi: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çərikli, Mədədli, Pirəlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağada yaşayanların tirələri isə bunlar idi: İnallı, Zərgər, Yağbastılı və Dosmallu.[1] Lady Sheilin bildirdiyinə görə, hacıəlililər 1849-cu ildə 800 ailədən ibarət olmuşdur.[2] İran ordusu sənədlərində nolrın sayı 985 ailə kimi göstərilir. Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamış və konstitusiya tərəfdarlarını müdafiə etmişdirlər. Eyni zamanda onların bir hissəsi Şimali Azərbaycanda da yaşamışdırlar. Ən azından Qacar-Rus müharibələrinə qədər onların Arazın şimalında da yaşamaları dəqiqdir. Hacıəlililər ruslarla müharibədə Abbas Mirzə tərəfindən igidliklə döyüşmüş, tayfanın rəisi Əsədullah Sultan özünün 9 oğlunu bu müharibələrdə itirmişdir. Buna qarşılıq olaraq, Abbas Mirzə müharibədən sonra Qarabağda yaşayan hacıəlililəri öz yanına dəvət etmiş, onlara yeni otlaqlar vermişdir[3][4]
Tayfa 1960-cı illərdə 13 tirəyə bölünmüşdü.[5]
Tarixi
Hacıəlililərin 1960-cı illərində əvvəllərindəki rəisi Nüsrətullah Hacıəlilinin Pierre Oberlinqə bildirdiyinə görə, Gəncəli tirəsinin adı Gəncə şəhərindən, Qarabağlı tirəsinin adı Qarabağdan gəlməkdə idi. Hacıəlililərin bir digər tirəsi olan Çaxırlılar isə 1828-ci il Türkmənçay müqaviləsinə qədər İrəvan əyalətində yaşamış, əyalət ruslar tərəfindən ələ keçirildikdən sonra Arazın cənubuna keçib Qaradağda məskunlaşmışdırlar. Bu dövrdə Qacar taxtının vəliəhdi olan Abbas Mirzə türk tayfalarından olan döyüşçülərə çox güvəndiyi üçün onların bu ərazilərdə məskunlaşmasında maraqlı idi. O, belə tayfaların Cənubi Azərbaycan ərazisinə keçmələri üçün onlara münbit torpaqlar və yaxşı otlaqlar təklif edirdi. Nüsrətullahın bildirdiyinə görə bu siyasətdən yararlananlar arasında Gəncəli, Qarabağlı və Çaxırlılar da olmuşdur. Oberling Səfəvi impriyasında Ustaclı tayfasının bir hissəsi olmuş Kəngərli tirəsinin də bu yolla Qaradağda məskunlaşdığını yazır. Anadoludan gələn Ustaclıların izləri hələ də Anadoluda qalmaqdadır. Qacarların hakimiyyətlərinin erkən dönəmində onların bir qrupu İrəvan ətrafında da yaşamaqda idi.[6] Müqəddəmlər və Müqəddəm Özbəklər[lower-alpha 1] tirələri Marağadakı Müqəddəm tayfasının qollarıdırlar. Tayfa daxilində yayılmış əfsanəyə görə onlar Qaradağa yüz və ya əlli il əvvəl köç etmişdilər. Nüsrətullaha görə, Qaraxanlılar əslən Əfşar kökənli idilər və Nadir şahın dönəmində Xorasandan Azərbaycana köçürülmüşdülər. Yağbastıların[lower-alpha 2] kökəni müəmmalı olaraq qalmaqdadır. Lakin bu tirənin rəisinin bildirdiyinə görə, yağbastılıların böyük bir hissəsi Əfşar kökənlidirlər və Əfşarların Qırxlı tirəsindən törəmişdirlər. Qırxlılar Əfşarların ən böyük tirələrindən biri olmaqla yanaşı, məşhur hökmdar Nadir şah da bu tirədən idi.[8][9][10] Qaradağdakı qırxlıların bir hissəsi oturaq həyata keçmiş və Üzümdil dehistanlığının Lecen kəndində yaşamağa başlamışdırlar. Yağbastılıların rəisi Oberling ilə söhbətində Lecen kəndindəki qırxlıların oraya 67 il əvvəl köçdüklərini bildirmişdir. Mədədlilərin (eyni adda Şahsevən tayfasının tirəsi vardır Oberling, 74), Pirəlililərin (Meşkinşəhrin 22 km şimal-şərqində Pirəlili adında kənd cardir və bu kənd Kəngərli kəndinə çox yaxındır, Oberling, 74), Zeynbəylilərin və Qaradağlıların kökəni barədə məlumat yoxdur. Qaradağlı adı uzun müddət Qaradağ bölgəsindəki bütün tayfalar üçün istifadə edilmişdir. Buna görə də, Oberling bu adın bizə hər hansısa məlumat vermədiyini bildirir.[7]
İran ordu sənədlərinə əsasən Hacıəlili tayfasının 130 il əvvəlki rəhbəri Əsədullah xan olmuşdur. O, Abbas Mirzə ilə birlikdə ruslara qarşı döyüşlərdə özünün 9 oğlunu itirmişdir. Abbas Mirzə ruslara sülh təklif etdiyi zaman Əsədullah xan buna şiddətlə qarşı çıxmış və vəliəhd-şahzadəyə özünün sağ qalmış sonuncu oğlu qurban etmək bahasına olsa belə işğalçılara qarşı döyüşü davam etdirməyi təklif etmişdir. Sam xan Əmir Ərşad Nəsrəddin şah Qacarın dövründə Hacıəlili tayfasının başçısı olmuş və Qaradağın yollarında təhlükəsizlikdən cavabdeh şəxs təyin edilmişdir. Bu vəzifə o dönəmdə qarasürən adlanırdı. Rus-Qacar müharibələri dövründə onların sayı təxminən 800 çadır olmuşdur.[11] Sheilin bildirdiyinə görə, 1849-cu ildə Hacıəlililər 800 çadırdan ibarət olmuşdurlar.[12][2]
Oberlingin söhbət etdiyi dönəmin Hacıəlili rəisi Nüsrətullahın bildirdiyinə görə, çox illər əvvəl hacıəlililərin bir qrupu Astarabada, bir digər qrupu isə Marağaya getmişdir. Marağaya gedən qrup qışları Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərbindən Cığatu çayının deltasına qədər uzanan bölgədə keçirir. Yayları isə Səhənd dağlarında keçirməkdədirlər. Onlar dörd tirədən ibarətdirlər:[13]
- İnallı (bu hissələrdən ibarətdirlər - Göycallı, Ağbaşlı, Qaramusalı, Rahatlı)
- Zərgər
- Yağbastılı
- Düşmallı
Oberling bunlar arasında İnallı ilə Zərgər adında tirənin Cənubi Azərbaycanın şimal-şərqindəki Şahsevənlər arasında da olmasına istinad edərək bu tayfanın hacıəlililər ilə şahsevənlərin qarışmasından meydana çıxdığını ehtimal edir.[13]
Təpikdərə kəndində Musəllislərdən 18 ailə, Yengicədə də 2 ailə yaşamaqda imiş. Yay zamanı onlar Səhənd ətrafındakı Torpaqlıdağ ətrafında düşərgə salırdılar. Oberling bu musəllilərin hacıəlililərin bir tirəsi olan qaramusalılar ilə əlaqəli ola biləcəyini ehtimal edir.[13]
Məşrutə inqilabında rolları
Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamışdırlar. Onların rəisləri olan Sam xan Əmir Ərşad və onun qardaşı Məhəmməd Hseyn xan Sərdar-e Asayer konstitusiya tərəfdarlarını dəstəkləməkdə idilər. 1909-1910-cu illərdə onlar Qaradağın bir digər tayfası olan Çələbiyanlıların rəhbəri Rəhim xana qarşı mübarizə aparmışdılar. Rəhim xan şahın yaxın dostu olmaqla birlikdə, konstitusiya tərəfdarlarına qarşı amansız mübarizəsi ilə seçilirdi. Rəhim xanın 1911-ci ilin sentyabrında Təbrizdə edam edilməsindən sonra Əmir Ərşad Qaradağda yaranmış hakimiyyət boşluğunu doldurdu və Hacıəlili tayfası bölgənin ən güclü tayfası oldu. O, öz nüfuzunu Xoya qədər genişləndirdi və on il ərzində Təbriz, Vərzəkan və Əhərdən şimalda geniş bir ərazidə hökmranlıq etdi. 1921-1922-ci ildə Azərbaycan vilayətinin hakimi Müxbir-əl-Səltənə onu 1000-1500 nəfərlik tayfa ordusu ilə birlikdə üsyançı kürd İsmayıl ağa Simkonun üzərinə göndərdi. Əmir Ərşad Mərənd yaxınlığında öldürüldü və onun yerinə qardaşı Məhəmməd Hüseyn xan gəldi. Lakin Rza xanın (gələcəkdə Rza şah) hakimiyyətə gəlməsi ilə birlikdə Cənubi Azərbaycanın şimalında Hacıəlili hakimiyyəti zəifləməyə başladı. 1922-1923-cü illərdə Məhəmməd Hüseyn xan həbs edildi, onun şəxsi ordusu dağıdıldı.[14]
Yayılma arealları
1950-ci illərə aid İran ordusu qeydlərə əsasən onların sayı 985 ailə olaraq göstərilmişdir. Onların yaylaqları Meşk Anbar (Üzümdilin dehistanı) ətrafında, Vərziqanın 15 km cənub-qərbində yerləşirdi. Qışlaqları isə Kərmədüzün şimalında yerləşən Küh-e Bərzəkidə idi. 1960-cı illərin əvvəllərində tayfanın rəisi Nüsrətullah-e HAcıəlili Maşur idi və onun sarayı Vərziqanın 10 km şimalında olan Ab Xarədə yerləşirdi. Razmaranın bildirdiyinə görə, yayda bu kəndlərdə hacıəlili eli yaşamaqda idi:[5]
Dizmar dehistanlığında - Astarqan, Anderyan, Bivarah, Seqay, Senavan, Əzim, Kürə Kəs, Məzrə Sədi, Maşahir, Malik Taleş
ÜZümdil dehistanlığında - Ağbulaqbala, Burun Daraq, Şahbulaq, Samsamkənd, Kürbulaq, Mazraəh Savarəh, Meşkanbar Miyanə, Nüsrətabad, Humay
Hacıəlililərin qışda yaşadıqları kəndlər:[15]
Keyvan dehistanlığında - Xudafərin
Əhərin şərqi və şimal-şərqinə doğru - Qarayaşmaq, Cennabqışlaq, Xiyaluqışlaq, Sarısuluqışlaq, Şeyxqışlaq.
Pierre Oberlingin bildirdiyinə görə, Üzümdil dehistanlığının Xəlifə Ənsar, Şexemlü kəndlərində, Əhərin şərqindəki Zaklek Kürbulaq, Sötüt, Kərəmliqışlaq, Kasində Yağbastılı kəndlərində bütün il boyunca hacıəlililər yaşamaqda idi.[6]
Tirələri
Hacıəlililər 13 tirəyə bölünürdülər:[5]
Qaraxanlı (hakim tirə, 214 ailə)
Tərəkəmə (150 ailə)
Yağbastılı (iki hissədən ibarət idi - Mir Əhmədli və Şumeəh, 125 ailə)
Müqəddəm (iki hissədən ibarət idi - Qara Güney və Tüvil, 90 ailə)
Özbək Müqəddəm (90 ailə)
Gəncəli (60 ailə)
Qarabağlı (50 ailə)
Çaxırlı (45 ailə)
Mədədli (45 ailə)
Pirəlili (45 ailə)
Zeynbəyli (35 ailə)
Kəngərli (25 ailə)
Qaradağlı (11 ailə)
Qeydlər
Həmçinin bax
İstinadlar
- Oberling, 1964. səh. 71, 72 və 75
- Sheil, 1856. səh. 396
- "HAJI ALİLU TRİBES". safaviddynasty.wordpress.com. 2013. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
- Pierre Oberling. "ḤĀJI ʿALILU". www.iranicaonline.org. 2002. 15 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2023.
- Oberling, 1964. səh. 71
- Oberling, 1964. səh. 72
- Oberling, 1964. səh. 74
- Tucker, 2006
- Axworthy, 2006. səh. 71
- Foltz, 2016. səh. 80
- Khanam, 2005. səh. 313
- Oberling, 1964. səh. 74-75
- Oberling, 1964. səh. 75
- Oberling, 2002
- Oberling, 1964. səh. 71-72
Mənbə
- Pierre Oberling. The Tribes of Qarāca Dāġ: A Brief History. Oriens 17. 1964. 60–95.
- Lady Mary Leonora Woulfe Sheil. Glimpses of Life and Manners in Persia. London:: John Murray. 1856.
- Ernest Tucker. NĀDER SHAH. Encyclopaedia Iranica. 2006.
- Michael Axworthy. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2006. ISBN 978-185043706-2.
- Richard C. Foltz. Iran in World History. Oxford University Press. 2016. ISBN 978-0-19-933550-3.
- Pierre Oberling. ḤĀJI ʿALILU. Encyclopaedia Iranica. 2002.
- R. Khanam, Encycl. Encycl. Ethnography Of Middle-East And Central Asia. 2005.