Həsən Seyidov (siyasətçi, 1932)
Həsən Neymət oğlu Seyidov (16 avqust 1932, Qaçağan, Marneuli rayonu – 8 dekabr 2004, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin 9-cu sədri (1981–1989), SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın katibi.
Həsən Seyidov | |
---|---|
22 yanvar 1981 – 27 yanvar 1989 | |
Əvvəlki | Əli İbrahimov |
Sonrakı | Ayaz Mütəllibov |
1971 – 23 yanvar 1981 | |
Birinci katib | Heydər Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaçağan, Marneuli rayonu, Gürcüstan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Partiya | |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Həyatı
Həsən Seyidov 16 avqust 1932-ci ildə Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1939-cu ildə Qaçağan kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1946-cı ildə Dağ Borçalının Cəlaloğlu rayonunun Çubuxlu (indiki Ermənistan Respublikası Stepanavan rayonunun Kuybışev kəndi) kənd natamam orta məktəbinin 7-ci sinfində təhsilini davam etdirmiş, 1951-ci ildə Cəlaloğlu orta məktəbini bitirmişdir. Həmin ildə Bakıya gələrək Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuş və 1956-cı ildə bu institutu fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbdə təhsil aldığı illərdə Həsən Seyidov əla oxumaqla yanaşı, institutun ictimai-siyasi həyatında fəal iştirak etmiş, fakültə komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.
Həsən Seyidov əmək fəaliyyətinə 1956-cı ildə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin L. Şmidt (indiki Səttərxan) adına zavodunda usta köməkçisi vəzifəsində başlamış, 9 il ərzində mühəndis və baş mühəndisin müavini vəzifələrində çalışmış, 1965-ci ildə zavod direktoru vəzifəsinə təyin olunmuşdur. Zavod Sovet İttifaqının və Respublikanın bir neçə dəfə keçici bayraqları ilə mükafatlandırılmışdır.
Bu müddət ərzində Həsən Seyidov Nərimanov rayon, Bakı şəhər Partiya və Sovet orqanlarının üzvü seçilmişdir. 1971-ci ilin fevral ayında Həsən Seyidov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1971–1981-ci illərdə MK-nın katibi, 1971–1989-cu illərdə MK-nın büro üzvü, 1971–1991-ci illərdə Azərbaycan KP MK-nın üzvü və 1971–1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
1981–1989-cu illərdə Həsən Seyidov Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində çalışmışdır. Bu müddətdə o Sov. İKP MK-nın XXVI və XXVII qurultaylarına nümayəndə seçilmiş, Sov. İKP MK-nın üzvlüyünə namizəd, həmçinin X və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Həsən Seyidov Azərbaycan KP MK-nın katibi və Nazirlər Sovetinin sədri vəzifələrində işləmişdir.
1989-cu ilin aprel ayında fəxri təqaüdə çıxdıqdan sonra, Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin müvəkkili təyin edilmişdir.
1991-ci ilin noyabr ayında "Azərinkom" informasiya-kommersiya birliyinin, 1997-ci ildən isə "Azərinkom" səhmdar cəmiyyətinin baş direktoru vəzifəsində çalışmışdır.
Həsən Seyidov "Lenin" ordeni, üç dəfə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif etmişdir. 1969-cu ildə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir. Bundan başqa, o bir neçə dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri diplomu ilə mükafatlandırılmışdır.
Həsən Seyidov 2004-cü ildə Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn edilmişdir.
İstinadlar
Ədəbiyyat
- СЕЈИДОВ Һәсән Нејмәт оғлү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 329.