Həsən Məcidov

Həsənağa (Həsən) Əli oğlu Məcidov (12 dekabr 1914, Bakı11 yanvar 1978, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin sədri (1959-1960), Azərbaycan SSR əməkdar inşaatçısı (1960).

Həsən Məcidov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı, Naxçıvan
Mükafatları "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı  — 1960
"Şərəf nişanı" ordeni "İgidliyə görə" medalı  — 03.02.1943 "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Həyatı

Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olmuşdur. O, orta məktəbi bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1937-ci ildə buranın memarlıq-tikinti fakültəsini bitirmişdir. Tələbəlik illərində "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləmişdir.[1][2]

Böyük Vətən müharibəsi illərində Həsən Məcidov Sovet Ordusu sıralarına qatılmış və döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılmışdır. Bundan sonra o, yenidən yaradıcılıq fəaliyyəti göstərmiş, bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlamışdır. Bir müddət layihə idarəsinin baş mühəndisi olan Həsən Məcidov 1948-ci ilin fevral ayından "Azərdövlətlayihə" İnstitutunun 2 №-li memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləmişdir. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olmuşdur.[1][2]

Həsən Məcidov Azərbaycan Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü olmuş, XXX və XXXI Bakı şəhər partiya konfranslarında Azərbaycan KP Bakı Komitəsi üzvlüyünə namizəd göstərilmişdir.[1][2]

Həsən Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, "Bakı" mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası (1964)[3], Dzerjinski adına mədəniyyət sarayı (1948, hal-hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Evinin binası kimi fəaliyyət göstərir) , Məşədi Əzizbəyov metro stansiyasının binası (hal-hazırda bu bina Koroğlu metro stansiyasının binası kimi fəaliyyət göstərir). Bunlardan başqa, Həsən Məcidov çox sayıda yaşayış binasının, kinoteatrın, klubun və digər növlü binaların da memarıdır.[2][4]

Həsən Məcidov V Çağırış Azərbaycan Ali Sovetinin (1959-1962) üzvü olmuşdur.

Mükafatları

Xatirəsi

2014-cü il dekabrın 15-də Həsən Məcidovun 100 illik yubileyi ilə əlaqədar layihəsininnin müəllifi olduğu Bakı Muzey Mərkəzinin divarında memarın adı yazılmış xatirə lövhəsinin açılışı olmuşdur.[5]

2016-cı ilin may ayında Azərbaycan Memarlar İttifaqının 80 illik yubileyinə həsr olunmuş poçt markaları buraxılıb. Markalardan birində Həsən Məcidov və Bakı Muzey Mərkəzinin binası təsvir olunub.[6]

İstinadlar

  1. Һәсән Әлиевич Мәҹидов // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 135.
  2. Azərbaycan Milli Ensiklopediyası, 1982. səh. 545
  3. "Gürcü dramaturgiyası Naxçıvan teatrında". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.
  4. Ministry of Culture (Azerbaijan). "Muzey Mərkəzi - Ümumi məlumat". www.museumcenter.az. 2024-01-13 tarixində arxivləşdirilib.
  5. "Görkəmli memar Həsən Məcidovun xatirəsi anıldı". www.uaa.az. 4 mart2016. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2024.
  6. "Выпущены почтовые марки, посвященные 80-летию Союза архитекторов Азербайджана". www.ictnews.az. may 2016. 23 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 yanvar 2024.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası. Мәҹидов Һәсән Әли оғлу. Baku: Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии. 1982.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.