Həsən Cəlal

Həsən Cəlaləddövlə (v. 1261, Qəzvin) — Xaçın knyazı (1215–1261) Alban əsilli, dövlət xadimi. Qafqaz Albaniyası son qalan xristian alban məlikliklərini birləşdirərək vahid Xaçen dövlətini qurmuşdur.

Həsən Cəlal
erm. Հասան Ջալալ Դոլա
Şəxsi məlumatlar
Vəfat tarixi 1261
Vəfat yeri
Atası II Vaxtanq Tangik
Dini Erməni Həvari kilsəsi

Haqqında

Həsən Cəlalın dövründə Xaçın knyazlığı ən yüksək inkişaf mərhələsinə çatıb. O, Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Aranoğulları[1] sülaləsinin və gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir.

1261-ci ildə monqol yürüşləri zamanı həlak olan Həsən Cəlal və onun nəslindən olan alban katolikosları Gəncəsər məbədinin ərazisində(indiki Kəlbəcər rayonu) dəfn olunublar.

Həsən Cəlal həmişə dövrün epiqrafik abidələrində böyük minnətdarlıqla "Xaçın ölkələri knyazı", "Albaniya hökmdarı" və başqa bu kimi titullarla anılır. Məhz Həsən Cəlalın göstərişi ilə alban memarlığının şah əsəri olan Gəncəsər məbədi tikilib. Həsən Cəlal dövrünün ən görkəmli dövlət xadimlərindən biri olub.

Həyatı

1215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir. Belə ki, yazıların birində o belə qeyd edir: "Mən, Tanrının aciz qulu Həsən, Vaxtanqın oğlu, böyük Həsənin nəvəsi...". Müəyyən edilmişdir ki, onun atası Mehranilər sülaləsindən olan Vaxtanq, anası isə Xorişax adlı qadın olmuşdur (həyatının sonunda bu qadın Qüds (Yerusəlim) şəhərinə ziyarətə getmiş və orada vəfat etmişdir). Dövrün mənbələrində Həsən Cəlala "knyazlar knyazı" deyilsə də, o özü "işxan" titulu daşıdığını göstərir. Erkən türk dövlətlərində bu titul hökmdarlarda olmuş və "işıq xan" söz birləşməsindən əmələ gəlmişdir. Bu ondan irəli gəlirdi ki, erkən türk dövlətlərində dövlət başçısı həm də dini ayinlərin icraçısı hesab edilirdi.

Olduqca mömin bir ailədən çıxmış Həsən Cəlal özü də dindar adam olmuşdur.

Dövrün mənbələri onu sakit, mülayim, kasıblara və zəiflərə əl tutan, dini ayinləri xırdalıqlarına qədər icra edən, daim kitab oxuyan bir şəxs kimi göstərirlər. Alban ailəsindən olan həyat yoldaşı da günlərini fağırlara kömək göstərməkdə və dua etməkdə keçirirmiş.

Siyasi qalmaqallardan uzaq olmağa çalışan Həsən Cəlal Azərbaycan Atabəyləri dövlətinin (Eldənizlər dövləti) tərkibində olduğu dövrdə əsasən tikinti işləri ilə məşğul olmuşdur. İnşa edilən məktəblərə, kilsə və monastırlara kitablar bağışlanır, orada xristian alimləri dərs deyirmiş. Müstəqil Alban kilsəsinin başçısı Nerses bu işlərə başçılıq edirmiş. Monqol qoşunları Azərbaycana hücum edəndə Həsən Cəlal Atabəylərə əlindən gələn köməyi göstərmiş, Atabəylər dövləti məğlub olduqda isə əhalini dağ qalalarına köçürmüşdür. Azərbaycanda qısa müddətə xarəzmşah Cəlaləddinin hakimiyyəti qurulanda Həsən Cəlal onunla dil tapa bilmişdi.

1231-ci ildə monqol qoşunlarının Azərbaycana ikinci – dağıdıcı yürüşü başlayır. Sərkərdə Cormaqunun başçılığı ilə monqol qoşunları ardıcıl olaraq bütün şəhərlərimizi zəbt edir, müqavimət göstərənləri qılıncdan keçirirlər. Vəziyyətin belə olduğunu görən və heç yerdən kömək almaq ümidi olmayan Həsən Cəlal Cormaqunun düşərgəsinə gedir və itaətini bildirir. Cormaqun da öz qoşunlarına onun knyazlığında heç kimə xətər yetirməməyi tapşırır. Beləliklə, Həsən Cəlal Qarabağın qədim alban tikililərini dağıntılardan qorumağa müvəffəq olur. Daim monqolların nəzarəti altında olan Həsən Cəlal Azərbaycanın hər bölgəsindən Qarabağa axışanlara köməklik göstərir, alban ziyalılarına isə xüsusi qayğı ilə yanaşır.

Monqolların yürüşündən əvvəl Gəncədə yaşamış alban tarixçisi Kirakos Qanzakesi (Gəncəli) özünün "Tarix" əsərini yazmışdır. Əvvəllər Gəncədə yaşamış məşhur alban alimi Mxitar Qoş Xaçında "Alban xronikası" adlı əsərini tamamlayır. Monqollar hakimiyyətlərinin ilk dövrlərində ölkədə islam dininə mənfi yanaşır, şəriət qanunlarını icra etməyə imkan vermirlər. Qanunsuzluğun qarşısının alınmasına çalışan Həsən Cəlalın tapşırığı ilə Mxitar Qoş "Məhkəmə qanunnaməsi" adlı bir əsər yazır və ölkədə ədalət məhkəməsi onun əsasında icra olunur. Mxitar Qoşun tərtib etdiyi alban kilsə başçılarının siyahısından aydın olur ki, bu kilsə lap qədimdə də, monqolların dövründə də müstəqil olmuş, onun başında yalnız albanlar dayanmışlar. Həsən Cəlalın əmri ilə VII əsr alban tarixçisi Moisey Kalankatlının əsərinin davamı yazılmışdır. Bütün bu tədbirləri rəğbətlə qarşılayan Cormaqun oğluna Həsən Cəlalın qızını alır və beləliklə, mövqeləri möhkəmlənən Həsən Cəlal geniş tikinti işləri aparmaq üçün imkan əldə edir. Onun dövründə Qarabağda inşa edilən abidələr arasında ən möhtəşəmi Qandzasar monastır kompleksidir. İndiyədək bu kompleks Qafqazda alban-xristian memarlığının ən nadir incisi hesab olunur. Onun inşası 1238-ci ildə başa çatmışdır. O fəaliyyətə başlayanda Həsən Cəlal ətraf torpaqları və bağları monastırın əmlakı elan etmiş, monastıra gümüş qab-qacaq bağışlamışdır.

Alban kilsəsinin mərkəzinə çevrildiyindən bəzən Alban katolikosluğu Qandzasar katolikosluğu adlanmağa başlayır. Qandzasarın divarında "Albaniyanın baş kilsəsi" və "Mən, Həsən Cəlal onu mənim alban xalqım üçün inşa etdim" sözləri yazılmışdır. Həsən Cəlalın uğurlu fəaliyyəti bir çox monqol sərkərdələrinin xoşuna gəlmir. Odur ki, Cormaqunun ölümündən sonra onun vəziyyəti ağırlaşır.

1246-cı ildə monqol düşərgəsinə dəvət olunan Həsən Cəlal Buğa adlı sərkərdə tərəfindən həbs edilir, bir çox qalaları talanır. Xəzinəsi talanandan sonra Həsən Cəlal buraxılır.

1261-ci ildə o növbəti dəfə həbs olunur və ağır işgəncələrdən sonra öldürülür.

Həsən Cəlalın ölümü ilə "Alban renessansı" adlı dövr də sona çatır. O, ağır tarixi şəraitdə Azərbaycan xalqının tərkib hissəsi olan albanların mənliyini qoruyub-saxlamış, onların mədəniyyətini inkişaf etdirmiş, onların kilsələrinin müstəqilliyini təmin etmişdir.

Hər zaman erməniləri dəstəkləyən Rusiya çarizmi 1836-cı ildə xüsusi fərmanla müstəqil alban kilsəsini ləğv edir. Albanlara aid bütün tikililər və nadir əlyazmalar erməni kilsəsinə verilir. Bundan istifadə edən ermənilər onları öz adlarına çıxmağa başlayırlar. Erməniləri Azərbaycan torpaqlarına köçürən imperiyaya da elə bu lazım idi. Beləliklə, onlar albanların tarixini silməklə Azərbaycan tarixinin çox mühüm bir hissəsini silməyə cəhd edirlər.

Qarabağa göz dikən ermənilər hal-hazırda Həsən Cəlalı və onun tikililərini özününküləşdirirlər. Onlar çəkinmədən görkəmli tarixi şəxsiyyətimizə "Həsən Cəlalyan" deyir, Qanzasar monastırı üzərində olan alban yazıları və ornamentlərini qoparıb onu "erməni kilsə kompleksi" kimi qələmə verirlər. Hətta Kirakos Qanzakesinin "Tarix" əsərini özlərinə lazım olan şəkildə "Ermənistan tarixi" adı ilə çap edirlər. Zəbt etdikləri Azərbaycan torpaqlarında möhkəmlənməyə çalışan ermənilər bunun üçün xalqımızın mədəni irsini və tarixini özününküləşdirirlər. Bunun qarşısı mütləq alınmalıdır.

İstinadlar

  1. V. Minorsky. Caucasia IV // Bulletin of the School of Oriental and African Studies. — University of London, 1953. — Т. 15, № 3. — С. 508.:

Həmçinin bax

Ədəbiyyat

  1. Azərbaycan tarixindən yüz şəxsiyyət // S.Ə.Əhmədov. – Bakı: Ayna Mətbu Evi, 2006.

Xarici keçidlər

  • "Qarabağın görkəmli şəxsiyyətləri:Həsən Cəlal (1215-1261)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.