Hənəfi Zeynallı
Zeynallı Hənəfi Baba oğlu (1896[1], Bakı – 13 oktyabr 1937, Bakı) — müəllim, ədəbiyyatşünas, tənqidçi, folklorşünas, mətnşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri,[2]1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[3]
Hənəfi Zeynallı | |
---|---|
Doğum tarixi | 1896[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1937 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, xalq nağılları kolleksiyaçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Hənəfi Zeynallı 1896-cı ildə Bakının Mərdəkan qəsəbəsində, dəmirçi-nalbənd ailəsində anadan olmuşdur. Babası nalbənd Zeynalabdin bütün Abşeron yarımadasında, həmçinin, Mərdəkan kəndində mahir sənətkar kimi tanınmışdır. Hənəfi Zeynallı altı yaşında olarkən atası vəfat etmişdir. O, kiçik yaşlarından anasının himayəsində yaşamışdır.[2][4][5][6][7][8]
Təhsili
Zeynallı yeddinci rus-tatar məktəbinə daxil olmuş, on iki yaşında məktəbdə oxuya-oxuya ailəsini dolandırmaq üçün çəkmə silməklə, qəzet satmaqla məşğul olmuşdur. O, rus-tatar məktəbini bitirdikdən sonra Bakıda Alekseyev adına 3 nömrəli ali-ibtidai məktəbdə təhsilini davam etdirmişdir.[4][7]
Hənəfi Zeynallı 1916-cı ildə həmin məktəbi uğurla bitirir. Daha sonra imtahan verib müsabiqə yolu ilə ali-texniki məktəbə daxil olur. Eyni zamanda, Moskva-Nijniqorod dəmiryol baş idarəsində işləyir. Bu illərdə o, tələbələrin gizli inqilabi fəaliyyətləri ilə tanış olur və fəal tələbə-inqilabçılardan birinə çevrilir. Buna görə də o, institutun ikinci kursundan xaric edilir.[4][5][7]
Daha sonra 1920-ci ilin yanvar ayında İstanbul Universitetinin Hüquq fakültəsinə daxil olur, lakin Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə əlaqədar partiya və sovet idarələrində işləmək üçün 1920-ci ilin iyul ayında Türkiyədən geri çağrılır. Hənəfi Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunur və oranı 1927-ci ildə birinci dərəcəli diplomla qurtararaq hərbi xəstəxana həkimi adını alır.[2][4][5][7][9] 1930-cu ildə dosent olmuşdur.[2]
Fəaliyyəti
Əmək fəaliyyəti
Hənəfi Zeynallı 1920–1922-ci illərdə respublikanın ictimai həyatında yaxından iştirak etmişdir. O, Göyçay, Şamaxı, Muğan, Salyan qəzalarında partiya və sovet orqanların yaranmasında iştirak etmiş, həmin illərdə AKP MK-nın qadınlar şurasında, məktəbdənkənar və kənddə iş şöbələrində müdir işləmişdir. Eyni zamanda, keçmiş Xalq Maarif Komisarlığı kollegiyasının üzvü olmuş və burada məktəbdənkənar şöbəyə rəhbərlik etmişdir.[4][5]
O, 1921–1922-ci illərdə keçmiş "Kommunist" qəzetinin redaksiya heyətinin üzvü olmuşdur. Eyni zamanda, Şuşa qəza partiya komitəsinin katibi, daha sonra isə Azərbaycan Həmkarlar İttifaqları Şurasının orqanı olan "Zəhmət" qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir.[4][5] Azərbaycan KP V qurultayının nümayəndəsi olan Hənəfi Zeynallı həmin qurultayda təftiş komissiyasının üzvü seçilmişdir.
Hənəfi Zeynallı 1927–1928-ci illərdə Bakı Dövlət Universitetinin tarixi kafedrasına, daha sonra Ali Pedaqoji İnstituta elmi işçi təyin edilmişdir.[9] O, ilk əvvəl professorlardan Bəkir Çobanzadənin, S. Vasilyevin, T. Berinin, A. Baqrinin və b. rəhbərliyi altında işləyib. 1930-cu ildən isə Hənəfi Zeynallı APİ-nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti kimi tələbələrə Azərbaycan ədəbiyyatı tarixi, dünya ədəbyyatı tarixi fənlərindən mühazirələr oxumuşdur.[4][5]
Bəzi mənbələrdə bu tarix 1922–1927-ci illər olaraq göstərilir. Belə ki, 1922–1927-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Hənəfi Zeynallı bu təhsil ocağının Şərq fakültəsinin Azərbaycan-türk ədəbiyyatı tarixi kafedrasında, 1930-cu ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında çalışmışdır.[2][6][9]
O, 1923–29-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalışmış, sonralar isə ömrünün axırına kimi redaktoru vəzifəsində çalışmışdır.[2][6] Bu zaman özünün qeyd etdiyi kimi respublikada nəşr olunan bütün elmi-ədəbi əsərlər onun əlindən keçmiş və onlara münasib müqəddimə və başlanğıc yazmışdır. 1930–1935-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat bölməsində folklor şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.[4][5][7] O, AKP MK-nin təklifi ilə Leninin altıcildlik "Əsərləri"nin tərcüməçisi, subredaktoru və Partizdatın müdiri işləmişdir.[7]
Hənəfi Zeynallı keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat şöbəsinin müdiri olmuşdur. Həmin şöbə akademiyanın nəzdində instituta çevrildikdən sonra müxtəlif vaxtlarda folklor şöbəsinin müdiri, elmi katib, direktor müavini, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətində folklor komissiyasının sədri vəzifəsini icra etmişdir. Eyni zamanda, 1936-cı ilin sentyabrında AZFAN-ın yanında Baş Mətbuat Müvəkkili vəzifəsində işləmişdir.[4][5][7] 1923–1936-cı illərdə Hənəfi Zeynallı elmi-tədqiqat işini üç istiqamətdə aparırdı. O, bir tərəfdən folklor materialların toplayıb qaydaya salır, digər tərəfdən müasir və klassik Azərbaycan ədəbiyyatını öyrənir, onun təbliği ilə məşğul olur, dərgilər və proqramlar tərtib edirdi.[5][7]
1930–1935-ci illərdə isə SSRİ EA Azərbaycan filialı Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyat bölməsində Folklor şöbəsinin müdiri işləmiş,[5] həmçinin "Kommunist", "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət", "Maarif işçisi" qəzet və jurnalları ilə əməkdaşlıq edərək ədəbi-publisistik yazılarla çıxış etmişdir.[2][6]
Yaradıcılığı
Hənəfi Zeynallı elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, elmi-ədəbi yaradıcılıqla da məşğul olmuşdur. O, ilk şeir, hekayə və məqalələrini 1912-ci ildən Azərbaycan dövri mətbuatında dərc etdirməyə başlamışdır. Onun "Namus" adlı 68 səhifəlik ilk hekayə kitabı 1914-cü ildə Bakıda "Ümid" Nəşriyyatı şirkəti tərəfindən nəşr edilmişdir. Azərbaycan sovet dramaturgiyasının banisi Cəfər Cabbarlının şəxsi məktubları arasında Hənəfi Zeynallının 1 yanvar 1917-ci ildə Moskvadan ona göndərdiyi məktubunda qeyd olunub:[7]
Sevgili qardaşım, Cəfər! Gələcəkdə bizim millətdə də səni Tofiq Fikrət, Namiq Kamal kimi, ingilislərin Şekspiri, almanların Hötesi kimi görmək istəyirəm. Afaq fikrini aç, başqa əsərlərdən oxu. Mütaliədə bir şey tapdıqca sən başqasını yaradarsan. Bəlkə ondan daha qüvvətli yazarsan. Şair və ədib millətə lazımdır! |
Azərbaycan folklorunu toplamaq və nəşr etmək işinin ilk təşəbbüskarlarından olan Hənəfi Zeynallı şifahi xalq yaradıclığının sovet dövründə daha da inkişaf etməsinə, onun elmi-nəzəri məsələlərinin aydınlaşdırılmasına, M. Qorkinin I Ümumittifaq sovet yazıçıları qurultayındakı məruzəsindən irəli gələn vəzifələri həyata keçirilməsinə çalışan ilk görkəmli folklorşünas-alimdir. 20-ci illərdə Azərbaycan xalq ədəbiyyatının (bayatılar, mahnılar, atalar sözü, tapmacalar, nağıllar , dastanlar) toplanması və nəşri işinə böyük əhəmiyyət verilirdi. Bu sahədə Hənəfi Zeynallının xidməti daha çox diqqəti cəlb edir. O, bir tərəfdən toplanmış materialları kitab halında nəşrinə çalışır, redaktə edir, digər tərəfdən isə bu kitablara müqəddimələr yazırdı. Azərbaycan folklorşünaslığı sahəsində onun bu xidməti 1922–1936-cı illər dövri mətbuatında dərc olunmuş məqalələrində aydın nəzərə çarpır. Bu əsərlərdə folklorşünaslığın mühüm elmi-nəzəri məsələləri, onun toplanması və tədqiqi prinsipləri aydınlaşdırılır.[7]
Xalq lirikası, məzmun və ideya və forma məsələləri ədəbiyyatşünaslıq tarixində daha az tədqiq edilmişdi. Bu baxımdan bayatı Hənəfi Zeynallının tədqiqlərində ilk dəfə ətraflı araşdırılmışdır. Sovet dövründə ilk dəfə 1925-ci ildə "Azərbaycan ədəbiyyat cəmiyyəti" tərəfindən buraxılmış "Azərbaycan xalq ədəbiyyatından: Bayatılar" adlı 1-ci kitaba yazdığı müqəddiməsində Hənəfi Zeynallı qeyd edirdi:[5][7]
Bu kitabça gələcəkdə bu yolla görüləcək işlərin birinci addımıdır. |
Burada bayatılarla yanaşı, el manilərinin də ideya-bədii xüsusiyyətləri nəzərdən keçirilirdi.[7]
Hənəfi Zeynallı "Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti"ndə folklor komissiyasının sədri olduğu və sonralar isə AZFAN-da folklor şöbəsinə rəhbərlik etdiyi illərdətez-tez respublikanın rayon və kəndlərinə ekspedisiyalar təşkil etmiş, Azərbaycan folklorunun müxtəlif janrlarını – bayatı və maniləri, lətifə və məsələləri, aşıq şeirləri və nağılları, yeni dastanları toplamaqla ciddi məşğul olmuşdu.[7]
Hənəfi Zeynallı şəxsi iş qovluğunda saxlanılan əlyazmaları arasında elmi əsərlərinin öz dəsti-xətti ilə yazılmış siyahısında Ə. Muznibin "Molla Nəsrəddin məzhəkələri" (1927), "Aşıq Pəri və müasirləri"(1928), S. Mümtazın iki cilddə "El şairləri" (1927–28, 1936), H. Əlizadənin "Azərbaycan el ədəbiyyatı" (1929), "Azərbaycan aşıqları"(1929–30), "Azərbaycan nağılları" (1929), "Aşıqlar"(1935) və s. kitablarını redaktə etməklə bunlara yığcam müqəddimələr yazdığını qeyd edir.[7]
Hənəfi Zeynallı bütün ömrü boyu bayatıların, atalar sözü və məsəllərin, tapmaca və lətifələrin, nağıl və əfsanələrin rus dilinə tərcümə olunub Ümumittifaq miqyasına çıxması üçün çalışırdı. Nəhayət, 1930-cu ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutu tərəfində üç cilddən ibarət litoqrafik folklor seriyasından "Фолклор Азербайджана и прилегающих стран" adlı kitab buraxılır. Həmin kitabda Hənəfi Zeynallının "Художественный фолклор Азербайджана" adlı müqəddiməsi verilmişdir. Eyni zamanda, Hənəfi Zeynallı və A. Baqri tərəfindən rus dilində "Азербайджанские тюрскские сказки" adlı kitab buraxılmışdır. Kitabda müxtəlif sujetdən ibarət 74 nağıl vardır.[7]
Hənəfi Zeynallı respublikada ilk dəfə "Azərbaycanda Mirzə Fətəli əsri" (1928), "M. F. Axundzadənin əsərlərində ideologiya" (1928), "M. F. Axundovun ədəbi və ictimai fəaliyyəti" (1928) kimi əsərlər yaratmaqla, xalqın ədəbi-ictimai fikir tarixini ciddi surətdə araşdırmışdır. Eyni zamanda, Hənəfi Zeynallının Seyid Əzim Şirvaninin "Seçilmiş əsərləri"(1930), "Natəvan Xurşid Banu"(1928), "Nakam (Seçmə parçaları)" (1928) kitablarına yazdığı müqəddimələr zəngin ədəbi irsin tədqiqinə yönəlmişdir.[7]
Ədəbiyyatşünaslıq sahəsində geniş fəaliyyət göstərən Hənəfi Zeynallı 1925–1926-cı illərdə Firudin bəy Köçərlinin iki cilddən ibarət "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının redaktoru olmuş, həmin kitaba "Bir-iki söz" adlı müqəddimə yazmışdır. Hənəfi Zeynallı K. Marksın, F. Engelsin və V. İ. Leninin əsərlərini ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir.[7]
Məqalələri
Hənəfi Zeynallının elmi fəaliyyəti yalnız klassik irsin tədqiqi və nəşri ilə məhdudlaşmır. Yaradıcılığa başladığı ilk illərdə, yəni Böyük Oktyabr sosialist inqilabına qədər əsasən bədii yaradıcılıqla məşğul olan Hənəfi Zeynallı 20-ci illərin əvvəllərində qüvvətlənən ədəbi tənqid və ədəbiyyatşünaslıq sahəsində fəal iştirak edir. Onun bu illərdə "Gələcək", "Maarif və mədəniyyət", "Maarif incisi", "İnqilab və mədəniyyət", "Azərbaycan öyrənmə yolu" jurnallarının, "Kommunist" və ona əlavə "Xalq ədəbiyyatı həyatdan doğar" vərəqinin, "Zəhmət" və s. qəzetlərin səhifələrində 200-dən artıq ədəbi-tənqidi, elmi əsərləri çap olunmuşdur.[2][7]
Onun "Gələcək" jurnalında dərc etdirdiyi "Sənət nə üçündür?" (1922) məqaləsində göstərirdi ki, ədəbiyyatı dərindən öyrənmək üçün sənətin əsas qaynaqlarını və onun estetik prinsiplərini bilmək lazımdır. O, 1922-ci ildən dövrü mətbuatda elmi və tənqidi məqalələrini dərc etdirirdi.[7] O, Azərbaycan sovet ədəbiyyatına dair bir sıra dəyərli məqalələrin müəllifidir. Onun S. S. Axundovun "Laçın yuvası" xüsusunda" (1923), "Hüseyn Sadiq haqqında" (1928), "Fövzi haqqında" (1929), "Əbülhəsən haqqında" (1930) məqalələri vardır.[7]
Hənəfi Zeynallı "Azərbaycan el nəğmələri" (1927), "Aşıq Pəri və müasirləri"(1928), "Azərbaycan el ədəbiyyatı" (1929), "Azərbaycan aşıqları haqqında bir neçə söz" (1929), "Azərbaycan aşıqları"(1930) və s. məqalələrin də müəllifidir. O, həmçinin çox mühüm nəzəri əhəmiyyəti olan "Azərbaycan el ədəbiyyatı"(1926), "Xalq ağız ədəbiyyatı"(1928), "Oktyabr inqilabı və Azərbaycan folkloru" kimi məqalələr də yazmışdır. Bu məqalələrdə Azərbaycan şifahi xalq ədəbiyyatının keçmiş tarixi, inkişafı, forma və məzmun xüsusiyyətləri dərindən tədqiq edilir. "Azərbaycan folkloru", "Azərbaycan el ədəbiyyatı" məqalələrində müəllif folklorşünaslıq tarixində ilk dəfə olaraq Azərbaycanda xalq ədəbiyyatının çap olunma və öyrənmə məsələlərini sistemləşdirməyə çalışmışdır.[5][7]
Hənəfi Zeynallı 1926-cı ildə yazdığı "Ağız ədəbiyyatı" adlı məqaləsində xalq əhəmiyyətini göstərməklə, yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatını qarışdıranların fikirlərini təkzib etməklə yanaşı, ona təsir edən iki mühüm amili-yazılı ədəbiyyatın və şəxsiyyətin rolunu xüsusi qeyd etmişdir. O, həmçinin "Azərbaycanda el ədəbiyyatı"(1926) adlı başqa bir məqaləsində yazılı ədəbiyyata ən qüvvətli təsir göstərən, xalq ədəbiyyatı bizdə tamamilə unudulmuş bir halda olmasından bəhs etmiş və məqalədə qeyd etmişdir:[7]
Əgər bizim el ədəbiyyatımız toplanarsa, cildlərlə kitablar nəşr edilər. |
O, 1923-cü ildə təşkil edilmiş "Azərbaycan Ədib və Şairlər İttifaqı" Rəyasət Heyətinin sədr müavini seçilmişdi. Bu təşkilatın əsas fəaliyyəti Sovet hakimiyyətinin ilk illərində çıxan "Kommunist" qəzetinə əlavə şəklində buraxılan "Xalq ədəbiyyatı həyatdan doğar" adlı ədəbi səhifəni buraxmaqdan ibarət idi. Bu işdə Hənəfi Zeynallı yaxından iştirak edirdi. "Xalq ədəbiyyatı həyatdan doğar" adlı ədəbi səhifələrdə Hənəfi Zeynallı şifahi xalq ədəbiyyatını və onun xüsusiyyətlərini səciyyələndirən "Həyat və sənət" (1923), "Xəvas və əvam ədəbiyyatı" (1923) məqalələrini dərc etdirmişdir.[5][7]
Hənəfi Zeynallının məqalələri bir sıra məlum hadisələri daha dərindən və ətraflı işıqlandırmağa kömək etmişdir. Bu baxımdan "Feodalizmin təşəkkül və inkişafı dövründə Azərbaycan ədəbiyyatı" (1928), "Mərsiyəçilik ədəbiyyatı və onun xüsusiyyətləri"(1928), bitməmiş "XX əsr Azərbaycan ədəbiyyatı"(1930) məqalələri müəyyən əhəmiyyətə malikdir. Bu məqalələrdə XII əsrdən başlayaraq "Molla Nəsrəddin" jurnalının yaranmasına qədər olan dövrün ictimai-siyasi mənzərəsi və ədəbi prosesi araşdırılmışdır.[7]
"XX əsr Azərbaycan ədəbiyyatı" adlı məqaləsində müəllif XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ədəbiyyatını yeni janr və üslubla, yeni mövzu və ideyalarla zənginləşdirən M. F. Axundov, N. B. Vəzirov, Ə. Haqverdiyev, S. M. Qənizadə, S. Saxundov, Y. V. Çəmənzəminli, M. Hadi və H. Cavid haqqında məlumat verir və onları ümumi surətdə xarakterizə edir.[7]
Klassik irsin tədqiqi ilə bağlı bir sıra vacib nəzəri problemlər də alim-tənqidçinin əsərlərində öz həllini tapmışdır.[7] Onun klassik irsə dair yazdığı məqalələrin mövzu dairəsi genişdir. Hənəfi Zeynalının "Qərbdə ticarət kapitalizminin inkişafı dövründə feodal saray zadənganlığının ədəbi üslubu" (1928), "A. S. Puşkin" – "Yevgeni Onegin" (1928), "M. Y. Lermontov" – "Bizim əsrin qəhrəmanları" (1928), "Rəcaizadə Məhmud Əkrəm" (1936), "L. N. Tolstoy" (1936), "A. P. Çexov"(1936), "Maksim Qorki" (1936), "V. V. Mayakovski" (1934), "Anri Barbus" (1934), "Herhart Hauptman" (1936), "Çalı quşu" haqqında bir neçə söz" (1929), "Bugünkü Türkiyə burjua ədəbiyyatı" (1930),"Tofiq Fikrət" (1936) və s. məqalələri qardaş və qonşu xalqların Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqəsi işıqlandırılmışdır.[7]
Kitabları
1926-cı ildə Hənəfi Zeynallının "Azərbaycan atalar sözü və məsəllər" kitabı nəşr edilmşdir. Kitab həmin dövrə qədər çap edilən bütün folklor kitablarından öz elmi prinsipləri ilə seçilir. Hənəfi Zeynallı Azərbaycan dövri mətbuatında dərc edilmiş mövcud atalar sözlərinin hamısını nəzərdən keçirərək, onların mənbələrini göstərməklə öz kitabına daxil etmişdir. "Atalar sözü və məsəllər" kitabı böyük bir müqəddimə ilə başlayır. Bu müqəddimə Zeynallının xalq ədəbiyyatının bir çox nəzəri məsələlərini dərindən bildiyini göstərir. Kitabda dörd minədək atalar sözü və məsəl toplanıb. Eyni zamanda, "Atalar sözü və məsəllər" kitabında təkcə atalar sözlərindən deyil, ümumiyyətlə, xalq ədəbiyyatından, onun mənşəyindən, janrlarından söhbət gedir.[2][4][5][6][7][2][8]
Hənəfi Zeynallının 1928-ci ildə nəşr edilmiş "Azərbaycan tapmacaları" adlı kitabı da folklorşünaslıq üçün yeni hadisə idi.[6] Müəyyən elmi prinsiplər əsasında tərtib edilmiş kitabda 760 tapmaca toplanmışdır.[2][5][7] Onun 1928-ci ildə yazdığı "Türk ədəbiyyatı üzrə iş kitabı" əsərlərində folklor, terminologiya və s. ilə bağlı məsələlərə toxunur.[2][6]Hənəfi Zeynallı 1935-ci ildə Azərbaycan nağıllarını tərtib edərək rus dilində nəşr etdirir. Kitabı görkəmli rus folklorşünası, professor M. Y. Sokolov redaktə edir.[4]
Repressiya illəri
Hənəfi Zeynallı 1928-ci ildə Bakıda Türkiyə konsulu Fərid bəylə əlaqə saxlamaqda və onun vasitəsilə tanınmış türk millətçi xadimi İsmayıl Hikmətlə məktublaşmaqda, eyni zamanda, 1929-cu ildə və sonrakı dövrdə müsavatçılardan Baharlı, Feyzullayev, Mövsümov və başqaları, həmçinin Bəkir Çobanzadə ilə sıx əlaqə saxlamaqda günahlandırılırdı. İttihamlardan biri də alimin öz əsərlərində əksinqilabi millətçi ideologiyadan yazması olmuşdur.[2][4][6]
Həqiqət kimi qələmə verilən bütün bu ittihamlara görə Hənəfi Zeynallı məhkəmə qaydasında cəzalandırılmazdan əvvəl akademiyada tutduğu bütün vəzifələrdən azad edilir.[6] Həmin hadisənin ertəsi günü isə onun istintaqı başlanır və üç gün davam edir. Bir mənbədə bu tarix 1937-ci il yanvarın 27-si olaraq göstərilir.[6] Hənəfini bir çox əksinqilabçı və millətçi, eyni zamanda, Nazim Əfəndi, İsmayıl Hikmət, Xəlil Fikrət, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxladığına görə ittiham edirlər.[2][4][6]
Lakin folklorşünasın həmin şəxslərlə əlaqəsi olmadığından ona qarşı olan bütün ittihamları rədd edir. Aylarla sürən ağır fiziki və mənəvi işgəncələr öz işini görür. H. Zeynallı ona qarşı irəli sürülən ittihamları qəbul etmək məcburiyyətində qalır.[6] Həmin hal fevralın 23-də də təkrarlanır. Fevral ayının 24-dəki istintaqda Hənəfi Zeynallı birdən-birə tamamilə dəyişərək başqa sözlər deyir:[2][4]
Bəli, mən əksinqilabi kitablar alırdım. Bəli, mən əksinqilabi təşkilatın üzvü idim. Cavad Bağırzadəni, Həbib Səmədzadəni, İmran Babayevi də həmin təşkilata cəlb etmişəm. Bəli, mən əksinqilabi millətçi kadrlar tərbiyə edib yetişdirmişəm. Bəli, mən Türkiyəyə meyil etmək baxımından Azərbaycanın SSRİ-dən ayrılmasına tərəfdar idim və s. |
Bu rejim heç bir günahı olmadığı halda Hənəfi Zeynallıya fevralın 9-u, 10-u və 11-də əksinqilabi təşkilata R. Axundov tərəfindən cəlb olunduğunu etiraf etdirir. Folklorşünas ittihamların hamısını təsdiqləyərək deyir:[4]
1936-cı ilin sonunda onun kabinetində Bakıda və respublikanın rayonlarında gəncləri təşkilata cəlb etmək kimi göstərişlər almış, türk ziyalıları arasında işi genişləndirərək onları terrora, təxribatçılığa, ziyankarlığa, casusluğa və müharibə vaxtı təslimçiliyə istiqamətləndirmişəm. |
Lakin bütün bunları Hənəfi Zeynallıya işgəncələrin gücü ilə etiraf etdirirlər. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessiyasının Matuleviçin, Zaryanovun və Jiqurun iştirakı ilə məhkəmə iclası olur. Hənəfi Zeynallının da məhkəməsi cəmi 15 dəqiqə çəkir. Hərbi kollegiya Hənəfi Baba oğlu Zeynallını güllələnməyə məhkum edir.[4] 1937-ci il oktyabrın 13-də hökm Bakıda yerinə yetirilir.[2][6]
1957-ci il martın 30-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə, 1937-ci il sentyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının Hənəfi Baba oğlu Zeynallının istintaq işi üzrə çıxartdığı hökm dəyişdirildi və cinayət tərkibi olmadığı üçün iş xətm edildi. Beləliklə, yanlız ölümündən sonra bəraət almışdır.[2][6]
Ailəsi
- Həyat yoldaşı Səyyarə Zeynallı — 1907-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Ali təhsilli idi. Ailə tərkibi: oğlu Azər Hənifə oğlu — 1930-cu il, qızı Zemfira −1933-cü il təvəllüdlü. Səyyarə Səttar qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 15 oktyabr 1937-ci ildə həbs edilmişdir. SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən Zeynallı Səyyarə Səttar qızı 8 il müddətinə azadlıqdan mərhum edilmişdir. Sürgündən sonra Zaqatala rayonunda yaşayıb. Zeynallı Səyyarə Səttar qızı 1952-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinə müraciət edərək məhkumluğunun üzərindən götürülməsini xahiş etmişdir, lakin SSRİ DTN yanında Xüsusi Müşavirə 6 avqust 1952-ci il tarixli qərarı ilə həmin xahişi rədd edib. Zeynallı Səyyarə Səttar qızına Azərbaycan SSR Ali Məhkəməsinin 17 fevral 1956-cı il qərarı ilə bəraət verilmişdir.[10]
Mükafatları
Hənəfi Zeynallı Leninin altıcildlik "Əsərləri"nin birinci cildinin yarısını dilimizə tərcümə etdiyi, ikinci və üçüncü cildlərinin subrerdaktoru olduğu üçün Şaumyan adına Marsizm-Leninizm İnstitutu tərəfindən mükafatlandırılmışdır.[7]
Ədəbiyyat
- Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1980
- P. Əfəndiyev. "Azərbaycan şifahi xalq ədəbiyyatı". Bakı, "Maarif", 1981
- Y. Əliyev. "Azərbaycan folklorşünaslıq elminin tarixi". Bakı, 1999
- H. Zeynallı. "Azərbaycan folklorşünaslıq elminin tarixi". Bakı, 1926
- H. Zeynallı. "Azərbaycan tapmacaları. Bakı, Azərnəşr", 1928
- H. Zeynallı. "Seçilmiş əsərləri". Bakı, Yazıçı, 1983
- V. Vəliyev. "Azərbaycan folkloru". Bakı, Maarif, 1985
- B. И. Даль. "Толковый словарь", т-III, Москва, 1912
- Əfəndiyev P. Hənəfi Zeynallı : folklorşünaslıq fəaliyyəti //Şifahi xalq ədəbiyyatı. – Bakı : Maarif, 1992. – S.53-55.
- Kənan A. Birinci türkoloji qurultayın qurbanı : Hənəfi Zeynallı// XX əsrdə repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S.109-116.
- Vaqif Sultanlı. Azərbaycan ədəbi tənqidi, Bakı: Nurlar, 2019, s.177-179
İstinadlar
- Ḣănăfi Zei̐nally // Faceted Application of Subject Terminology.
- "Böyük elm fədaisi Hənəfi Zeynallı" (PDF) (Azərbaycan). clb.az. 21 yanvar 2018 tarixində arxivləşdirilib (PDF).
- "Hənəfi Zeynallı" (Azərbaycan). azyb.az. 8 noyabr 2016 tarixində arxivləşdirilib.
- Oktay. "«Azərbaycanın atalar sözləri və məsəllər» Hənəfi Zeynallının Azərbaycan folklorunun toplanması, tərtibi və nəşrində müstəsna xidmətləri olub" (Azərbaycan). anl.az. 27 oktyabr 2020 tarixində arxivləşdirilib.
- Xəzangül Məmmədova. "Hənəfi Zeynallının Azərbaycan folklorunun toplanması, tərtibi və nəşrində rolu" (Azərbaycan). dergipark.org.tr. 25 mart 2020 tarixində arxivləşdirilib.
- Aynurə Əliyeva. "Tanınmış folklorçu və ədəbiyyatşünas Hənəfi Zeynallı" (Azərbaycan). anl.az. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- Hənəfi Zeynallı. Seçilmiş əsərləri. Bakı: "Yazıçı". 1982. 319.
- Hənəfi Zeynallı. "Azərbaycan atalat sözü" (PDF) (Azərbaycan). folklor.az. 22 sentyabr 2018 tarixində arxivləşdirilib (PDF).
- M. Əmrahov, M. Salahov, N. Əsədov. Azərbaycanda ali məktəb quruculuğu, ali pedaqoji təhsilin təşkili və inkişafı tarixinin oçerkləri (1917–1941-ci illər). Bakı: Mütərcim, 2007. — səh. 118.
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-06.