Həmid bəy Yusifbəyli
Həmid bəy Yusif bəy oğlu Yusifbəyli (Yusifbəyov, Usubbəyov; 1878, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1942, bilinmir) — Difai Partiyası, Türk Sosial-Federativ İnqilabi Qeyrət Partiyası və Türk Ədəmi-Mərkəziyyət Partiyasının yaradıcılarından biri. Nəsib bəy Yusifbəylinin böyük qardaşı.
Həmid bəy Yusifbəyli | |
---|---|
Həmid bəy Yusif bəy oğlu Yusifbəyli | |
1905 – 1911 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri |
|
Fəaliyyəti | maarifçi, siyasətçi |
Atası | Yusif bəy Yusifbəyli |
Həyat yoldaşı | Səriyyə xanım Şeyxzamanlı |
Uşaqları | Ənvər bəy Yusifbəyli |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Həmid bəy Yusifbəyli 1878-ci ildə Gəncə şəhərində anadan olub. 1895-ci ildə şəhərdəki klassik gimnaziyanı bitirdikdən sonra 1898-ci ildən etibarən "Məktəbi-xeyriyyə"də müəllim işləməyə başlayıb. Bu həmin illərdi ki, onun atası Yusif bəy siyasi proseslərin içində fəallardan biri sayılırdı. Gənc Həmid bəy də atası ilə bərabər bu işlərə cəlb olunmuş, Azərbaycanın muxtariyyət statusu alması üçün mübarizə aparmışdır.[1]
Həmid bəy Yusifbəyli 18 dekabr 1899-cu ildə siyasi fəaliyyətinə görə həbs edilərək Tiflis şəhərinə aparılmışdır. 14 ay Metex həbsxanasında saxlanılmışdır. 1904-cü ilin dekabrınadək Türkistana sürgündə olmuşdur.[1]
1905-ci ildə Gəncədə Türk Sosial-Federalist İnqilabi Komitəsi adlı təşkilatın yaradılmasında iştirak etmişdir. Bu təşkilat Azərbaycana Muxtariyyət və Rusiyanın Federativ şəkildə qurulması ideyalarını ortaya qoyan ilk siyasi qüvvəydi. Məhz bu komitənin əsasında daha sonra "Qeyrət" partiyası yaranmışdır. Sənədlərdə Türk Sosial-Federativ İnqilabi Partiyası adlanan təşkilatın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Ələkbər bəy Xasməmmədov, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli daxil idilər. Bəzi mənbələrdə partiyaya sədrliyin Ələkbər bəy Rəfibəylinin təklifi ilə Həmid bəyə həvalə olunduğu qeyd olunub.[1]
Yusif bəy Yusifbəyli və iki oğlu Həmid bəy və Nəsib bəy Yusifbəylilər "Qeyrət"dən daha sonra yaradılan "Difai" partiyasının sıralarına qatılmış və ən fəal üzvlərindən idilər. Hətta "Difai" partiyasının bir iclası Yusif bəy Yusifbəyli Gəncədəki evində, o biri isə Hacıkənddə Ləmsə bulağının yanındakı malikanəsində keçirilmişdir. 1907-ci ildə Həmid bəyin evində Çar hökuməti tərəfindən axtarış aparılır və 24 ədəd siyasi kitab tapılaraq ona xəbərdarlıq edilir.[1]
Həmid bəy 1908-ci ildən 1910-cu ilədək ruhani məktəbində dərs deyib və orada da geniş təbliğat işləri aparıb. 1909-cu ildə o, ruhani məktəbində dərs deyən zaman Nağı bəy Şeyxzamanlının əmisi qızı Səriyyə xanım Şeyxzamanlı ailə qurub və üstündən heç bir il keçmədən o, yenidən həbs olunub.[1]
1910-cu ildə Qafqaz canişini Vorontsovun hökmü ilə Həmid bəy Qafqazdan 5 illik müddətinə Krıma, Bağçasaraya sürgün edilmiş və orada bir müddət qardaşı Nəsib bəy Yusifbəylinin qayınatası İsmayıl Qaspıralının evində yaşadıqdan sonra İstanbula müraciət etmişdir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar II Nikolayın sərəncamına görə Həmid bəy əfv olunur və İstanbuldan Gəncəyə qayıdır. 1913-cü ildən 1917-ci ilədək daimi nəzarət altında saxlanılır.[1]
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra siyasi fəaliyyətini dayandırır.
Sonrakı dövrdə Həmid bəy 1921-ci ildən 1930-cu ilədək Mirzə Fətəli Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda (indi Gəncə Dövlət Universiteti) dərs deyib.[1]
Həmid bəy Azərbaycan və rus ədəbiyyatının mahir bilicisi olub. Ötən əsrin 30-cu illərinin əvvəllərində o, "Türkan" adlı bir pyes yazır və əsər Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulur. 27 fevral 1931-ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsinin 5 nömrəli orderi ilə 28 fevral 1931-ci ildə dayısı Yusif bəy Xanbudaqovun iştirakı ilə evində axtarış aparılmışdı, heç bir şey tapılmadığına baxmayaraq, iki nəfər qonşusu üzünə durduğuna görə antisovet təbliğatı aparması bəhanəsi ilə həbs edilmişdir. Həmid bəyin yazılı izahatında "aparın məni edam edin, mənə qarşı sürülən iddianı qəbul etmirəm" demişdir. Bir il DTK-da saxlanıldıqdan sonra azadlığa buraxılır. Otuzuncu illərdə Azərbaycan Kommunist Partiyasında sıralarında yüksək vəzifələrdə işləyən qohumu Məmməd Cuvarlinskiyə görə, bir müddət ona dəymirlər. 1932-ci ilin sentyabrında Kirovabad Sənaye Politexnikumuna işə düzəlir və bununla bərabər Gəncədə 15 nömrəli məktəbdə dərs deyir.[2][3]
Ölümü
Həmid bəy Yusifbəyli Dövlət Təhlükəsizliyi Xalq Kommisarlığı (DTX-nin Arxivi, PR-28879 saylı iş) tərəfindən antisovet element, qatı türkçü və rus xalqının ünvanına böhtanlar yağdırdığına və "Müsavat" partiyasının üzvü olduğuna görə 16 iyulun 1941-ci ildə 213 saylı orderə əsasən həbs edilmişdir. 8 dekabr 1941-ci ildə yekun ittihamnaməsi hazırlanmışdır. İttihamnamədə göstərilir ki, o bəy nəslindədir, atası məhkəmə pristavı işləyib, böyük mülkiyyəti olub. "Müsavat" partiyasının üzvü olmuşdur. Qardaşı Nəsib bəy "Müsavat dövründə" Nazirlər Şurasının sədri olmuşdur. Antisovet təbliğat aparmış, rus xalqının əleyhinə danışmış və Türkiyəni təbliğ etmişdir. Və nəhayət, Həmid bəy Yusifbəylinin qocalığını nəzərə alaraq onun 5 il müddətinə sürgünə göndərilməsi təklif edilmişdir. 11 fevral 1942-ci ildə SSRİ XDİK yanında Xüsusi Müşavirə Ziyalov və Qriqoryanın təklifini nəzərə alıb, Həmid bəyi 5 il müddətinə sürgünə göndərılməsi qərara alındı. Həmid bəyin sonrakı taleyi barədə məlumat verilmir. Bu, onun sonuncu "səfəri" oldu. Dəfərlərlə çar və sovet imperiyasının caynağına keçmiş, lakin sağ-salamt vətənə dönən Həmid bəyi "qırmızı imperiya"nın həbsxanalarının birində dünyasını dəyişmişdir.[4]
31 dekabr 1957-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyası Həmid bəy Yusifbəyliyə işində cinayət tərkibi olmadığına görə bəraət vermişdir. Məhkəmənin qərarı 9 yanvar 1958-ci ildə Həmid bəyin oğlu Ənvərə bildirilmişdir.[4]
Kitabxanası
Həmid bəy 1898-ci ildə Gəncədə öz evində Puşkin kitabxanası yaratmışdı. Həmin kitabxana 1899-cu ildə Puşkinin 100 illik yubileyi münasibətilə Gəncə Tatlar Məscidinə köçürülür. Kitabxananın zənginləşməsində Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizasdə, Kərim bəy Mehmandarov, S.A.Rüstəmbəyli, Ş.S.Şahmalıyev, Hacı Mirzə Rəfiyev, İ.L.Səyad, Y.İ.Sizenskaya və başqaları köməklik göstərmişlər. Qısa bir zamanda kitabların sayı 700-ü ötüb. Oxucuların sayı 1203 nəfər olmuş və onlardan 283 nəfəri azərbaycanlı idi. Burada həmçinin Karamzinin "Rus dövlətinin tarixi", Belinskinin, Dobrolyubovun, Uşinskinin, Piroqovun, F.Şillerin və başqalarının əsərləri var idi.[1]
Həmid bəyin yaşadığı evdə də 1950-ci ilə kimi zəngin kitabxana vardı. Orada 2000-dən artıq kitab qorunurdu. Bunların içərisində İsmayıl bəy Qaspıralı rus dilinə tərcümə etdiyi "Qurani-Kərim" də vardı. Həmid bəyin kiçik qardaşı Eyyub bəy Yusifbəyli və bacıları Dilşad xanımın uşaqları Gülnar xanım və Rasim bəy Xasməmmədovlar[5] 1949-cu ildə Sibirdə sürgündə olduqda onlara kömək məqsədi ilə həmin kitabxana Azərbaycan SSR Elmlər Akademiyasının Gəncə Elmi Tədqiqat Mərkəzinə satılıb. Həmid bəyin kitabxanasındakı kitabların əksəriyyəti Elmlər Akademiyanın Gəncədə olan bazası ləğv ediləndən sonra itdi. Az bir hissəsi, yəni 120-dən artıq nüsxə sonralar tapılıb. Gəncədəki Şahsevənlər məscidində yaradılmış "Xəzinə" adlı kitabxanaya verilmişdi.[1]
Əsərləri
- Elmi və nəzəri müfəssəl elmi-hesab. Gəncə: Əsgər Hacı Həsənzadə mətbəəsi, 1908 (İsmayıl Faiq ilə birgə);
- Mübtədillər üçün iki qisimli hesab məsələləri. Birinci nəşri. Gəncə: Haqverdiyevin şirkət mətbəəsi, 1908;
- Gəncədə "Mədrəsə" kitabxansı. Əsamiül-kütub. Bağçasaray: "Tərcüman" qəzetəsinin elektrik basmaxanası, 1912;
- Mübtədillər üçün hesab məsələləri. İkinci təb. Bağçasaray: "Tərcüman" qəzetəsinin mətbəəsi, 1914.
Ailəsi
- Ulu babası — Usub bəy Gəncə xanlığının vəziri. Usub bəy Cavad xanın vəziri olmuşdur. Usub bəyin bacısı Şükufə xanım Cavad xanın həyat yoldaşı idi. Nəsib bəyin ulu babası Usub bəy Cavad xanın dəftərxanasında ilk məktəb açmışdır. Bütün həyatı boyu həmvətənlərinin elmli, təhsilli olması naminə çalışmış və onun əməllərinin şöləsi bütün nəslin yolunu işıqlandırmışdır.
- 1915-ci ildə oğlu Ənvər bəy Yusifbəyli dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra soyadını məcburiyyət qarşısında dəyişərək, Yusifbəyli etmişdir. 1933-cü ildə Tiflis Rabitə Elektrotexniki İnstitutuna daxil olub. Həmin institutu bitirdikdən sonra təqiblərlə üzləşməmək üçün Rusiyanın İrkutsk şəhərinə üz tutub, 1938–1939-cu illərdə orada böyük mühəndis vəzifəsində işləyib. 1939–1941-ci illərdə Ənvər bəy Tacikistanın Stalinabad şəhərində Rabitə İdarəsində baş mühəndis vəzifəsində çalışmışdır. 1941-ci ildə SSRİ-nin Almaniya ilə başladığı müharibəyə çağırılmış və orada diviziya ilə bərabər əsir düşmüşdür. 1945-ci ildə əsirlikdən sonra həbs edilib. Ənvər bəy 1956-cı ildə bəraət aldı, 1989-cu ildə vəfat etdi. Gəncə şəhərində Yusifbəylilər sərdabəsində dəfn edildi. Ənvər bəy bu barədə öz xatirələrində yazır:
Mənə bir neçə ay işgəncələr verdilər və hətta ayaqüstü kabinaya yerləşdirib saatlarla başıma su damcıları buraxırdılar. Sonra məni məhkəməyə aparıb 15 il iş kəsərək siyasi məhbus kimi Sibir həbsxanalarına göndərdilər. Gəncliyimin 10 ili orada keçdi. 1954-cü ildə səhər saat 5-6 radələrində radio ilə eşitdik ki, Lavrenti Beriyanı həbs ediblər. Onun laqerin ortasında heykəli ucalırdı, dustaqlar həmin heykəli yıxmaq istədikdə vışkadan onları gülləbarana tutdular, bir neçə nəfərin meyiti yerdə qaldı. Üstündən bir neçə saat keçdikdən sonra laqerin rəhbərliyi xəbər tutdu ki, həqiqətən də Beriyanı həbs ediblər |
- Anası Cəmilə xanım Xanbudaqovlar nəslindəndir.
- Babası Böyük bəy Xanbudaqov 1840-cı illərdə Şəkidən Borsunlu kəndinə gəlmiş və orada məskunlaşmışdır. Onlar Mirzə Fətəli Axundovun anasının yaxın qohumları idilər.
- Dayısı Yusif bəy Xanbudaqov Qori seminariyasını bitirdikdən sonra Gürcüstanda yaşamışdır. 1910-cu illərdə o, Qafqazın Tiflisdəki sərdarı Vorontsov-Daşkovun dəftərxanasının müdiri vəzifəsində işləmişdir. 1918-ci ildə Gəncəyə qayıdıb. 1940-cı ildə vəfat edib.
- Dayısı oğlu Eyyub Xanbudaqov 1920-ci illərdə Azərbaycan Fövqəladə Komissiyasının sədri olub. Sonralar o, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin katibi işləyib. 1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə Əhməd Cavadla bərabər güllələnmişdir.
- Bacısı övladının qaynı Məhəmməd Cuvarlinski Azərbaycan Kommunist (bolşeviklər) Partiyasında müxtəlif vəzifələrdə, həmçinin Azərbaycan SSR Xalq Maarifi Komissarı olaraq çalışmışdır.
Şəkillər
- Tiflis quberniyası jandarm idarəsinin hazırladığı Həmid bəy Yusifbəylinin şəkli olan sənəd, 1909-1910-cu illər
- Həmid bəy Yusifbəyli bacısı Dilşad xanımın uşaqları ilə
- Həmid bəy Yusifbəyli Krımda
Xatirələrdə
Cavad bəy Rəfibəylinin xatirələrindən:
Mən, görkəmli akademik, fəxrimiz Çingiz Çuvarlının kirvəsiyəm. Yusifbəylilər nəslində Həmid bəylə çox yaxın idim. O, olduqca savadlı və ensiklopedik biliyə malik bir insan idi. Bilmədiyimizi ondan soruşardıq. Həmid bəy Azərbaycan və rus ədəbiyyatını mükəmməl bilirdi. Gəncədə atası Yusif bəylə ilk kitab dükanı açmışdı. O, "Türkan" (Analıq) adlı bir pyes yazmışdı. Həmin dram əsəri Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulub uğur qazanmışdı. Əsər 31-ci ildə Həmid bəyin evində yoxlanış aparılan zaman DTK tərəfindən müsadirə edildi və əsərin taleyi barədə məlumat verən olmadı. |
İstinadlar
- "Böyük nəslin böyük faciəsi: Yusifbəylilərin daha bir repressiya qurbanı". "Azadlıq"ın Araşdırmaçı Jurnalistlər Qrupu. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2012.
- İradə Əliyeva. "Uydurulmuş cinayətin amansız cəzası". "Azərbaycan" jurnalı. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2012.
- İradə Əliyeva. "Uydurulmuş cinayətin amansız cəzası - Məmməd Cuvarlinski niyə öldürüldü?". publika.az. 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2017.
- Elşad Qoca. Sibir dərsi. Bakı: Şuşa. 2000. səh. 83-86.
- Xəlil bəy Xasməmmədovun qardaşı Nağı bəy Xasməmmədovun övladları