Həmid Axundlu
Həmid Məmmədrəhim oğlu Axundlu (21 mart 1909 – 4 sentyabr 1964) — ictimai-siyasi xadim, yazıçı, SSRİ Yazıçılar İttifaqının üzvü (1939).
Həmid Axundlu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (55 yaşında) |
Dəfn yeri | Əmircan |
Həyat yoldaşı | Böyükxanım Əmirbəyova |
Atası | Məhəmmədrəhim Axund |
Fəaliyyəti | 1930–1964 |
Həyatı
Axundlu Həmid Məmmədrəhim oğlu 1909-cu il mart ayının 21-də Bakının Əmircan kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Məhəmmədrəhim Axund Əmircandakı ilk rus-tatar məktəbində mütərəqqi fikirli din alimi Axund Əbu Turabın şagirdi olmuş, təhsil almışdır. Sonra İraqda ali dini təhsil almışdır. Həmid Axundlu orta təhsilini 18 №li şəhər məktəbində almışdır. Gənclik illərində Suraxanı rayon komsomol komitəsində çalışmışdır. Əmək fəaliyyətinə 1927-ci ildə kənd uşaq kitabxanasında başlamışdır. 1927-1941-ci illərdə neftçilərin mədəniyyət sarayında (indiki Səttar Bəhlulzadə adına Mədəniyyət sarayı) kitabxana müdiri, "Neft uğrunda" qəzetində məsul katib işləmişdir.
Həmid Axundlu 1941-1942-ci illərdə M.C.Bağırovun təşəbbüsü ilə İran Azərbaycanında milli-mədəni və siyasi dirçəlişə yardım adı altında Cənubi Azərbaycana göndərilən xüsusi qrupun tərkibində Təbriz, Pəhləvi, Rəşt, Qəzvin, Ərdəbil şəhərlərində olmuşdur. Baş leytenant Həmid Axundlu 1942-ci ildə İrandan qayıtdıqdan sonra Mərkəzi Komitəyə, Mir Cəfər Bağırovun qəbuluna dəvət edilmişdir. Ertəsi gün isə Suraxanı Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Daha sonra bir müddət Azərbaycan Teleqraf Agentliyində direktor müavini işləmişdir. Azərbaycan KP MK-nın qərarı ilə Respublika Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti sədrinin müavini vəzifəsinə irəli çəkilmiş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Həmid Axundlu 1964-cü il sentyabrın 4-də dünyasını dəyişmişdir. Doğulduğu Əmircan kəndində ata və anasının yanında dəfn edilmişdir. Əmircan kəndindəki küçələrdən birinə onun adı verilmişdir.
Yaradıcılığı
Həmid Axundlu ədəbi yaradıcılığa 1930-cu ildən başlamışdır. O, Bakı neftçilərinin həyatından bir sıra oçerklər və hekayələr yazmışdır. İlk hekayəsi "Qaşov" "Ədəbiyyat cəbhəsində" jurnalında çap edilmişdir (1930 № 5-6). Daha sonra əsərləri vaxtaşırı olaraq "Ədəbiyyat cəbhəsində", "İnqilab və mədəniyyət" jurnallarında, "Ədəbiyyat qəzeti" və "Azərbaycan gəncləri" qəzetlərində dərc edilmişdir. 1939-cu ildə SSRİ Yazıçılar İttifaqının üzvü seçilmişdir. İlk kitabı "Maskalı adam" 1931-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Şurasının Nəşriyyatında nəşr edilmişdir. Daha sonra "Nəhənglər" (Azərnəşr, 1932), "Kələfin ucu" (Azərnəşr, 1937), "50 il buruqlar arasında" (Azərnəşr, 1949), "Ağır günün dostları" (Azərnəşr, 1960), "Toy gecəsi" (Azərnəşr, 1966), "Seçilmiş əsərləri" (Azərnəşr, 1970) kitabları buraxılmışdır.
"Kələfin ucu" romanı Azərbaycanın sovetləşməsinin 15 illiyi münasibətilə Azərbaycan SSR Xalq Komissarlar Şurasının elan etdiyi ən yaxşı ədəbi əsər müsabiqəsində 3-cü mükafatı qazanmışdır. 1937-ci ildə Seyid Hüseynin redaktorluğu ilə Azərnəşr tərəfindən nəşr edilmişdir. Lakin Seyid Hüseyn həbsə alınandan sonra Həmid Axundluya münasibət dəyişmiş, kitab Azərbaycan SSR Xalq Komissarlar Şurası müvəkkili yanında hərbi senzor şöbəsi tərəfindən qadağan edilmişdir. Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivində bu kitabın bir nüsxəsi saxlanılır. Qalın cildli, yüz səksən beş səhifəlik kitabın ilk səhifəsində müəllifin şəkli verilmiş, sonrakı səhifədə bu sözlər yazılmışdı: “Azərbaycanın sovetləşməsinin 15 illiyi münasibətilə Xalq Komissarlar Şurasının elan etdiyi ən yaxşı ədəbi əsər konkursunda 3-cü mükafatı qazanmışdır”. Yazıçının ölümündən sonra, 1970-ci ildə "Seçilmiş əsərləri"nə daxil edilmiş "Kələfin ucu" ixtisarlara uğrayaraq povest şəklinə düşmüşdür.
Ailəsi
Həmid Axundlu 1943-cü ildə Böyükxanım Əmirbəyova ilə ailə həyatı qurmuşdur. İki oğlu və bir qızı olmuşdur. Ziya (1944 – 2017) ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsini bitirmişdir. 1979 – 1989-cu illərdə Əfqanıstanda tərcüməçi, sonra Azərbaycan Milli Aerokosmik Agentliyində (AMAKA) tərcüməçilər qrupunun rəhbəri işləmişdir. Fikrət (1946) də ADU-nun şərqşünaslıq fakültəsini bitirmişdir. 1971 – 1974-cü illərdə Əfqanıstanda, 1979 – 1983-cü illərdə İranda çalışmış, 1984 – 2002-ci illərdə bir sıra respublika nəşriyyatlarında məsul vəzifələrdə işləmişdir. Şəfəq xanım (1948) uzun illər Bakı mayesiz transformatorlar zavodunun (sonradan ATEF Şirkətlər Qrupu) texniki şöbəsində çalışmışdır.
Mənbə
- Fəridə Bünyatova. “Əmircan (Xilə) şəcərələri” Bakı, Tuna, 2012. səh 336 (http://www.ebooks.az/book_Q0jEh9IG.html?lang=ru)
- Teyyub Qurban. “Düşmənlərindən güclü şəxsiyyət”. Bakı, Şirvannəşr, 2006. səh 175 – 183 (http://ebooks.azlibnet.az/book/MRTG2CLH.pdf)