Hədis
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır.
İslam |
---|
İslamda iman |
Allah • Allahın varlığı və təkliyi • Mələklər • Müqəddəs kitablar • Məhəmməd peyğəmbər və digər peyğəmbərlər • İmamət • Axirət • Kəlmeyi-şəhadət |
Firuiddin |
Namaz • Zəkat • Xüms • Oruc • Həcc |
İslamda xüsusi günlər |
Besət bayramı • Ramazan bayramı • Qurban bayramı • Qədir-Xum |
Quran |
Sünni • Hədis • Təsəvvüf · Fiqh • Kəlam • Şəriət |
İslam tarixi |
Əhli-Beyt • Səhabə • Şiəlik • Sünnilik • Xaricilik • Dörd xəlifə • İmamət • Məhəmməd |
Tarixi
Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – ( Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər. Belə bir fikir var ki, deyilən söz mənasında ilk dəfə hədis sözünü Məhəmməd peyğəmbər özü işlətmişdir.[1] Sonralar, yəni səhabə və onlardan sonra gələn nəsillərin zamanında hədis məfhumu daha geniş məna kəsb etmiş, Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və müxtəlif hadisə və əşyalara təqriredici münasibətini əhatə etmişdir.
Bəzi alimlər hədis məfhumunun məna tutumunu daha da genişləndirərək səhabə və tabiinlərin dediklərini, şəxsi fitvalarını da buraya müncər etmişlər. Bu zaman mərfu, məvquf və məqtu hədis deyilən anlayışlar ortaya çıxmışdı. Belə ki mərfu hədislər Məhəmməd peyğəmbərin özünə, məvquf hədislər səhabələrə, məqtu hədislər isə tabiinlərə aid edilirdi. Sonralar bu üç anlayışı özündə birləşdirən "xəbər" kəlməsi işlənməyə başladığı zaman bir-çox alimlər mərfu və məvquf olan rəvayətləri hədis kimi adlandırmağı münasib hesab etmişlər. Daha sonralar isə (VIII əsrdən etibarən) hədis məfhumunu ifadə etmək üçün "elm" sözü işlədilməyə başlandı.
Qurani-Kərim kimi əsas, ana mənbə olduğu halda Məhəmməd peyğəmbərin hədislərə baş vurmasının bir-çox obyektiv səbəbi vardır. Belə ki buraya Qurani-Kərimin bir-çox ayələrinə aydınlıq gətirmə, onları ümumidən xüsusiyə doğru prinsipi əsasında izah etmə, ayələrlə ümumi olaraq bildirilən, əmr edilən dini ritualların bütün təfərrüatı ilə səhabələrə çatdırılması, gündəlik məişət həyatında ortaya çıxan problemlərin həlli üçün vəhyə lüzumun görülməməsi və s. daxil idi. Hədislər vəhyə əsaslanan İslamın insanların qəlblərini fəth etmək üçün Məhəmməd peyğəmbərin münasib bildiyi "sadiq dostları" idi. İnsanlar ümumi dini ehkamlar qarşısında anlaşılmazlığa qapılmadılar. Bax, bunun qarşısını hədislər aldı. Hədislər Məhəmməd peyğəmbərin ilahi vəhylə şərəflənməsinin məntiqi rasionallıqda əksini tapmış təzahürü idi.
Hədisin iki əsas komponenti vardır. Bunlar hədisin sözləri, ifadə olunduğu maddi şəkli mənasına gələn "mətn" və hədisi rəvayət edənlər "zənciri" və ya onun çatdırılma, nəql edilmə zəncirini ifadə edən "sənəd" anlayışlarıdır. Deməli, hədisin mətni deyəndə onun məzmununu ifadə edən maddi dil işarələri, sənəd deyəndə isə hədisi rəvayət edənlərə isnadən onun nəqli çatdırılması nəzərdə tutulur.
Hədislərin mətninin yazıya alınmasına gəlincə, onun tarixi tam dəqiqliyi ilə bizə məlum olmasa da bir şey bəllidir ki, Allahın kəlamı ilə müqayisədə onlar sistemli şəkildə və tam olaraq sonralar yazılmışdı. Bir şeyə fikir verək: Məhəmməd peyğəmbər vəhyin məhsulu olan hər bir ayəni yazdırmış və bu ilahi mesajın – Quranın təkcə insanlara çatdırılması üçün deyil, qorunması üçün də lazımi və mümkün olan bütün tədbirləri görmüşdü. Ancaq hədislərin yazıya alınmasına olan diqqət və maraq Qurana olan qayğıdan daha az idi. Səbəb kimi deyə bilərik ki, Məhəmməd peyğəmbər üçün Allahın kəlamı daha vacib idi. Cəhaləti yox etmək üçün Quran hər şeydən daha üstün sayılmışdı.
Hədislərin toplu halda yazılmasına olan ənənəvi baxış bundan ibarətdir ki, bu proses VIII əsrin əvvəllərindən başlayıb. Ancaq müxtəlif mənbələri araşdırdıqda aydın olur ki, hələ Məhəmməd peyğəmbərin sağlığında yazıya alınmış hədis topluları (rulonlar) mövcud idi. Hədis alimləri olan Tirmizi və Əbu Davudun hədis kitablarında belə bir rəvayət yer alır ki, Məkkədən olan Abdullah ibn Əmr ibn As Məhəmməd peyğəmbərdən eşitdiyi hədislərdən (təxminən 1000 hədis) ibarət kiçik bir məcmuə yazır və onu "əs-Səhifə əs-Sadiqa" ("Doğru-dürüst səhifələr") kimi adlandırır. Sonralar bu əsər sünni alimi, Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl və digərlərinin hədis kitablarının tərtib edilməsində istifadə edilmişdir. Səhabələrdən Ənəsin də hədis rulonlarına sahib olması məlumdur. Məhəmməd peyğəmbərin Əmr ibn Həzmi Yəmənə vali təyin edərkən ona yazılı şəkildə təlimatı verməsi, Cabir ibn Abdullahın həccə dair kitabça yazması – Cabirin "Səhifə"si (çox güman ki, burada Məhəmməd peyğəmbərin son həcc səfəri və bu zaman etdiyi çıxışdan söhbət gedirmiş), səhabələrdən Səmurə ibn Cündəb və Səd ibn Übadənin Məhəmməd peyğəmbər barəsində qələmə aldıqları xatirələr (İbn Həcər Səmurənin əsərini "Böyük bir kitab" ("Nüsxə kəbirə") adlandırır), Məhəmməd peyğəmbərin vəfatı ərəfəsində gənc İbn Abbas yaşlı səhabələrdən öyrəndiklərini bir-çox kitabda toplaması, İbn Məsudun hazırladığı hədis tərtibatı, Əbu Hüreyrənin tələbələrinə mənbələrdə "Kutubən kəsiratən" ("Bir-çox kitab") kimi qeyd edilən hədis toplularını göstərməsi, tələbəsi Həmmam ibn Münəbbihə 138 hədisi ehtiva edən bir kitabça yazdırması (sonuncu əsər dövrümüzə qədər gəlib çatmışdır), Əbu Bəkirin Məhəmməd peyğəmbərlə bağlı 500 hədisə yer verdiyi bir kitab yazdığı və yandırdığı, Əlinin "Səhifə"si və s. faktlar ilkin İslam dövründə hədislərin yazıya alınmasını göstərən danılmaz dəlillər hesab edilir. Sonralar ortaya çıxan siyasi qrupların özlərini əsaslandırmaq üçün hədis uydurmaları hədislərin sistemli şəkildə toplanaraq yazıya alınmasına səbəb oldu. Məhəmməd peyğəmbərə dair hədislərin və onun barəsində nəql edilmiş rəvayətlərin yox olma təhlükəsi xəlifə Ömər ibn Əbdüləzizi hədislərin yazıya alınması üçün əmr verməyə sövq etdi. Hədislərin toplanması iki mərhələdən keçmişdir. Birinci dövr üçün hədislərin toplanaraq yazıya alınması xarakterik idi. Yuxarıda qeyd etdiyimiz hədis rulonlarında, səhifələrində yer alan, səhabə və tabiinlərin yaddaşlarında qalan hədislər toplanaraq yazıldıqdan sonra onların müxtəlif konsepsiyalara görə təsnif edilməsi başlandı. Bu, ikinci mərhələ sayılırdı. Toplanmış hədislərin təsnifi zamanı "əl-Cə`mi", "əs-Sünən", "əl-Müsənnəf", "əl-Müsnəd", "əl-Mü`cəm", "əl-Müstəxrəc", "əl-Müstədrək" və s. kimi adlar verilən kitablar yazıldı.
Hədis terminləri
İsnad: Bu kəlmə lüğətdə istinad, mənbə, dəlil-sübut, dayaq və s. mənaları ifadə edir. İstilahi mənada isə bu kəlmənin iki mənası var: – Hədisi istinad edərək rəvayət edənə aid etmək; – Hədisin mətninə gətirib çıxaran ravilərin silsiləsi. Bu mənada o, "sənəd"in sinonimi hesab olunur.
Həsən: Bu kəlmə lüğətdə yaxşı, çox gözəl, və s. mənaları ifadə edir. İstilahi mənada – İbn Həcərin tərifinə əsaslanıb belə demək olar: "Həsən hədis, isnadının əvvəlindən axırına qədər (mühafizə, yaxud yazdıqlarını qorumaq baxımından) dəqiqliyi az olan insaflı ravinin aramsız, sapdırmadan (şazz olmadan) və qüsursuz ("illə"siz) olaraq özü kimisindən xəbər verdiyi hədisdir".
Həsən li-ğeyrihi: "Həsən" kəlməsinin lüğəti və istilahi mənası artıq yuxarıda izah olunub. "Li-ğeyrihi" kəlməsinə gəlincə, bu ərəbcə "li"- ön qoşmasından, "ğeyrun"- ismindən və "hu"- bitişən əvəzliyindən əmələ gəlmiş kəlmədir. Ayrı-ayrılıqda "li"- aidiyyət, mənsubiyyət bildirir. "Ğeyrun"- kəlməsi özgə, başqa və qeyri mənalarını, "hu"- əvəzliyi isə onun, ona və onu mənalarını ifadə edir. İstilahi mənada isə – bu, bir çox yollarla (isnadlarla) rəvayət olunmuş "daif" hədisdir ki, onun zəifliyinin səbəbi ravinin yalançı və ya fasiq olmasıyla əlaqəli deyildir. Bu növ hədis dərəcə etibarilə "həsən"dən aşağı hesab olunur.
Həsən-Səhih: "Həsən" dərəcə etibarı ilə "səhih"dən aşağı hesab olunur. Elə isə fərqli mənaları olan bu iki istilahi terminləri necə cəm etmək olar? Artıq alimlər Tirmizinin bu ifadəsində olan məqsədini müxtəlif cür izah etmişlər. Bu izahların ən gözəli isə ibn Həcərin izahıdır. Bunu da Suyuti təqdirə layiq hesab etmişdir. Xülasə budur: – Əgər hədisin iki və daha çox isnadı varsa bu ifadə: "Bu hədis bir isnadla "həsən", digər isnadla isə "səhih"dir – mənasını ifadə edir. – Əgər hədisin yalnız bir isnadı varsa bu ifadə: "Bu hədis bir qrup alimin rəyinə görə "həsən", digərlərinə görə isə "səhih"dir!- mənasını ifadə edir.
Münqəti: Bu kəlmə ərəbcə "məqtu" felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da kəsilmiş, ayrılmış və s. Mənaları ifadə edir. İstilahi mənada isə – isnadının hər hansı bir yerində [ya əvvəlində, ya ortasında, ya da sonunda] bağlılıq olmayan sənəd "məqtu" adlanır.
Münkər: Bu kəlmə ərəbcə "ənkərə" felinin məchul növündən əmələ gəlmiş feli sifətdir. Bu da inkar olunmuş, hamı tərəfindən qəbul edilməmiş və s. mənaları ifadə edir. İstilahi mənada isə – etibarsız ravinin etibarlı raviyə müxalif olaraq rəvayət etdiyi hədis "münkər" adlanır.
Səhih: Bu kəlmə lüğətdə müxtəlif mənalarda istifadə olunur. Məsələn: Sağlam, möhkəm, qıvraq, gümrah və s. İstilahi mənada isə – səhih hədis, isnadının əvvəlindən axırına qədər dəqiq olan insaflı ravinin aramsız, sapdırmadan [şazz olmadan] və qüsursuz [müəlləlsiz] olaraq özü kimisindən xəbər verdiyi hədisdir".
Bu tərifi beş hissəyə bölüb şərh etmək olar:
a)isnadın aramsız olması: yəni isnadın əvvəlindən axırına qədər hədisin ravilərindən hər biri onu özündən əvvəlki ravidən bilavasitə götürmüş [eşitmiş] olsun;
b)ravinin insaflı olması: yəni hədisin ravilərindən hər biri müəyyən dəyərlərə malik olmalıdır. Belə ki, o müsəlman, həddi-büluğa çatmış, şüurlu olmalı, fasiq və əxlaqsız olmamalıdır;
v) ravinin dəqiq olması: yəni hədisin ravilərindən hər biri tam dəqiq olmalıdır. Belə ki, onun ya yaddaşı möhkəm olmalı, ya da yazdıqlarını qorumaqda dəqiq olmalıdır;
q) şazz olmaması: Hədis şazz olmamalıdır. Belə ki, rəvayəti "məqbul" ["səhih", yaxud "həsən"] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olması şazz adlanır.
d) müəlləl olmaması: Hədisdə [sənəddə və ya mətndə] "illə" olmamalıdır. "İllə" hədisin mötəbər olmasında naqislik əmələ gətirən gizlin, anlaşılmaz səbəbdir.
Səhih li-ğeyrihi: "Səhih" və "Li-ğeyrihi" kəlmələrinin ayrı-ayrılıqda lüğəti və istilahi mənası artıq yuxarıda izah olunub. İstilahi mənada isə – bu, özünün mislində və ya özündəndə qüvvətli bir başqa yolla [isnadla] rəvayət olunmuş "həsən" hədisdir. Bu növ hədis dərəcə etibarilə "səhih"dən aşağı hesab olunur.
Şazz: Bu kəlmə ərəbcə "şəzzə" felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da tək-tənha, yana çəkilmiş mənaları ifadə edir. İstilahi mənada isə – rəvayəti məqbul ["səhih", yaxud "həsən"] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rəvayət etdiyi hədis şazz adlanır.
Zəif: Bu kəlmə lüğətdə zəif, gücsüz, qeyriqənaətbəxş və s. Mənaları ifadə edir. İstilahi mənada isə – nəql etdiyi hədisə etimad olunmayan, etibarsız raviyə "daif"- deyilir. Hədislə bağlı terminə gəlincə, onun da özünə məxsus istilahi mənası vardır. Belə ki, hədis alimləri hədisə "daif" dedikdə, həsən hədisdən aşağı dərəcədə yerləşən, yaxud özündə həsən hədisin vəsfini cəm etməyən, hər hansı şərtlərindən biri olmayan hədisi qəsd edirlər.
Həmçinin bax
İstinadlar
- Buxari, "Səhihi Buxari", "Elm" kitabı, 33; "Riqaq" kitabı, 51; "İtisam" kitabı, 9