Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
Həyatı
Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı.
12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi.
1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı. O da Nadirdən tapşırıq aldı ki, Nəhavəndə tərəf irəliləsin.
Havalar münasib olan kimi Nadir Behbehan və Şüştərdən keçib Dizfula gəldi və mövcud olan məlumatlara görə, yolu üzərindəki çayların aşmasına görə bir neçə gün hərəkətini təxirə salmalı oldu. Qısa fasilədən sonra Nadir Xürrəmabad yolu ilə Borucərdə çatdı. Burada olarkən Hüseynqulu xan Zəngənəyə tapşırdı ki, Kermanşaha doğru irəliləyib həmin məntəqəni Osmanlı qüvvələrindən təmizləsin. Tapşırığı yerinə yetirdikdən sonra Hüseynqulu xan Zəngənə Kermanşah hakimliyini öz üzərinə götürməli idi.
Nadirin qoşunları ilə Həmədana daxil olması xəbərini eşidən Sənəndəcdəki Osmanlı qarnizonunun rəhbəri də oranı tərk etməyi qərara aldı. Bununla, Sənəndəc də döyüşsüz və müqavimətsiz Osmanlı qüvvələri tərəfindən tərk edildi. Belə olanda, Nadir diqqətini Kermanşaha çevirdi. Yaxınlıqdakı böyük məntəqələr arasında Kermanşah hələ də Osmanlı qüvvələrinin nəzarəti altında qalmaqda idi. Bu şəhərin geri qaytarılması məqsədilə Nadir, Hüseynqulu xan Zəngənəyə müvafiq tapşırıq verdi. Hüseynqulu xan dəstəsi ilə Kermanşaha yollandı, onun dağlıq yollarla irəliləməsi müəyyən təhlükə ilə bağlı idi. Kermanşah hakimi təyin edilmiş Həsən paşa şəhərin iki fəsəngliyində, dağlıq ərazidə əlverişli müdafiə mövqeləri tutaraq Hüseynqulu xanın dəstəsinin qarşısını kəsdi. Hüseynqulu xan rastlaşdığı müqaviməti nəinki qıra bilmədi, hətta ağır zərbə alaraq geri çəkilmək məcburiyyətində qaldı.
Xəbər Nadirə çatan kimi Kermanşaha doğru hərəkət etmək əmri verdi. O, qüvvələrinin bir hissəsini öncədən yola saldı, özü isə sonradan onların arxasınca hərəkətə başladı. Həsən paşa eşidəndə ki, Nadir qüvvələri ilə Hüseynqulu xanın köməyinə gəlir, bütün topları, hərbi təchizatı Kermanşahda tərk edib Bağdada çəkildi. Bununla da, ikinci cəhddə Kermanşah da Osmanlı qoşunlarından təmizləndi.
Mənbə
- Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.