Hüseyn xan Şamlı
Hüseyn xan Əbdi bəy oğlu Şamlı (XIV əsr – 1534, Herat) — qızılbaş sərkərdəsi, əmir əl-üməra, Heratın, Çuxursəəd bəylərbəyi. Hüseyn xan Şamlı Şah İsmayılın bacısı oğlu, Durmuş xan Şamlının qardaşı idi. O 1525-ci ildən 1531-ci ilə qədər Herat bəylərbəyi və Sam Mirzənin lələsi kimi Səfəvilər dövlətinə xidmət etmişdir. Daha sonra Übeyd xanın Herata hücumu zamanı uzun müddətli mühasirəni davam etdirə bilmədiyi üçün Herat şəhərini özbəklərə təslim etmək məcburiyyətinə qaldı. Şah Çuxa sultanın ölümündən sonra onu Abdulla xan Ustaclı ilə birlikdə əmir əl-üməra təyin etdi. Beləliklə Çuxa sultanın ölümü ilə onun yerinə Hüseyn xan Şamlı keçmiş oldu. Hüseyn xan Şamlı 1534-cü ildə Şah Təhmasibə sui-qəsd təşkil etmək şübhəsi ilə edam edilmişdir.
Hüseyn xan Şamlı | |
---|---|
Hüseyn xan Əbdi bəy oğlu Şamlı | |
Vəzifədədir | |
1525-ci ildən | |
Əvvəlki | Durmuş xan Şamlı |
– 1534 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | 1534 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Uşağı | Əliqulu xan Şamlı |
Rütbəsi | general, qubernator |
Həyatı
Hüseyn bəy Əbdi bəy oğlu Şamlı elinin Bəydili oymağındandır. I Şah İsmayıl Səfəvinin bacısı oğludur. Durmuş xan Şamlının qardaşı idi.[1] 1525-ci ildə Durmuş xan vəfat edərkən onun cəmi 13 yaşı var idi. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı.
Herat bəylərbəyi
Durmuş xan Şamlının vəfatından sonra vəziri Xacə Həbibulla Savəci Hüseyn xan Şamlının yeni Xorasan əmir əl-ümərası və Sam Mirzəyə lələ təyin edilməsi üçün Şah Təhmasibə məktub göndərdi. O bununla digər əmirlərin müxalif hərəkətlərinə son vermək istəyirdi. Lakin bu xəbər qısa müddətdə bütün şəhərə yayıldı və bir sıra Şamlı əmirləri ona qarşı çıxmağa başladı. Onların bu çıxışlarına səbəb maaşlarının gecikməsi idi. Şamlılar etiraz edərək 1526-cı ildə Sam Mirzə və Hüseyn xan Şamlının iqamətgahına hücum edib Xacə Həbibullahı öldürmək qərarına gəldilər. Xacə Həbibullah Xacə Müzəffər Bitikçini onların yanına göndərib maaşlarının tez bir zamanda ödənəcəyinə söz verdi. Lakin şamlılar onun sözünə qulaq asmadı və Xacə Həbibullahın evinə hücum edib bir sıra xidmətçilərlə yanaşı onun 2 oğlunu öldürdülər. Bununla kifayətlənməyib Xacə Həbibullahın bütün qohumlarını da qılıncdan keçirdilər. Şamlıların bu hərəkətlərinə Hüseyn Xan Şamlının göz yummasının səbəbi ehtimal ki, hakimiyyəti tamamilə öz əlinə almaq istəyi idi.[2]
Übeyd xanın Herata hücumu
Übeyd xan Quryanda olarkən Hüseyn xan Şamlı Heratın bürc və hasarını təmir edib darvazaları etibarlı adamlarına tapşırdı, yolları və küçələri də təmir etdirdi. 1528-ci ildə Übeyd xan Herata hücum etdi.[3] O Herat yaxınlığında Şadnamə adlanan kənddə öz çadırını qurdurdu. Özbək əsgərləri bir neçə dəfə qalaya hücum etsələrdə Hüseyn xan Şamlı rəhbərliyində qoşun qalanı bu hücumlardan müdafiə edirdilər. Bu zaman Übeyd xan anladı ki, şəhəri sadəcə döyüş yolu ilə tutmaq mümkün görünmür. Bu səbəbdən əmr etdi ki, yollarda və keçidlərdə adamlar yerləşdirilsin və onlar şəhərə yemək cinsindən heç bir şeyin daxil olmasına icazə verməsin. Daha sonra adamlarına şəhərə gedən su mənbəyini torpaqla doldurmağı tapşırdı.[4]
Übeyd xan öz qoşunu ilə 4 ay Heratı mühasirəyə alsa da şəhərə daxil olmaq mümkün olmadı. Bu zaman məşhur Özbək əmiri Can Vəfa Mirzənin oğlu Yari bəy öz qoşunu ilə Herata gəldi. Yari bəy ağır hücumla qalanı ələ keçirmək istəsə də, hücum zamanı tüfəng gülləsi ilə öldürüldü. Bu hadisəni Həsən bəy Rumlu belə şərh edir:[4]
“Yari bəy Buxara şəhərindən gəlib çıxdı. O, Übeyd xana ərz etdi və etirazını bildirdi: - Yerimizdə oturmaqla və küçəbəndlər uğrunda xırda döyüşlər aparmaqla Heratı fəth etmək müyəssər olmayacaqdır. Bizə layiq olan budur ki, bu gün aləmi yandıran ordunun hamısı birlikdə müxtəlif tərəflərdən və istiqamətlərdən döyüşə atılsın və məqsədimizi əldə edək. Daha sonra o, bu iddianı gerçəkləşdirməkdən ötrü özbək sərdarları ilə birlikdə küçəbəndə tamaşa etmək qərarına gəldi və neçə nəfər əbləhlə birlikdə atlanıb yola çıxdı. Xeyli tamaşa etdikdən və saysız arzulara düşdükdən sonra keçməli olduğu bir yolda onun diqqətini bürcün qonşuluğunda yerləşən və dağılmış vəziyyətdə olan bir küçəbənd cəlb etdi. O, öz mülazimlərindən ayrılıb tamaşa üçün irəli getdi. Elə bu zaman o ərazinin qoruyucularından olan bir tüfəngçi onun tərəfə bir tüfəng gülləsi atdı. Güllə ona dəyib onu izzət atından zillət torpağına saldı. Tüfəngçi dərhal onun başını bədənindən ayırıb atını və yarağını Hüseyn xanın yanına gətirdi. Onun kisəsindən bir möhür çıxardılar və kağıza vurdular. Orada bu sözlər nəqş olunmuşdu: “əl-Əbd Yari bin Canvəfa mirzə”. O əsnada Yari bəyin mülazimlərindən biri onun başına nə gəldiyini öyrənmək üçün şəhərə daxil olub, onun əhvalı haqqında məlumat alaraq geri qayıtdı.”[5]
Yari bəyin ölüm xəbəri Übeyd xana çatdıqda o qalaya olan hücumları daha da şiddətləndirdi. Hüseyn xan öz əmirləri ilə məsləhətləşib ərzaq qıtlığı problemini aradan qaldırmaq məqsədilə qərara aldı ki, döyüşə yararlı olmayan şəxslər ailələri ilə birlikdə şəhəri tərk etsinlər. Şəhəri tərk edən hər ailədən 150 Təbriz dinarı toplanmışdı. Bununla Heratın müdafiəsi uzun müddət davam etdirildi. Təqribən 7 aylıq mühasirədən sonra Übeyd xan Şah Təhmasib və qoşununun 1528-ci ildə Xorasana doğru hərəkətə başladığından xəbər tutdu. Özbəklər tez bir zamanda mühasirəni dayandırıb Xorasanı tərk edərək Mavəraünnəhrə yola düşür. Şah Təhmasib İmam Rza türbəsini ziyarət etdikdən sonra Herata doğru hərəkət etdi. Şəhərə çatdıqda Hüseyn xan Şamlı və müdafiəçiləri ilə görüşüb onları mükafatlandırdı. Heratda işləri qaydasına saldıqdan sonra isə geri qayıtdı.[5][3]
Cam döyüşündə iştirakı
1528-ci ildə Mavəraünnəhr, Türküstan, Fərqanə, Əndincan, Otrar, Qaşğar, Xarəzm, Qılmak, Qırğız, Qaraxitay, Qaraqılpaq və Dəşti Qıpçaqdan toplanan özbək qüvvələri Kuçum xan, Übeyd xan, Canı bəy Sultan, Buraq xan, Fulad Sultan, Sevincək Məhəmməd Sultan və digər özbək əmirləri rəhbərliyində Amudəryanı keçərək Xorasana doğru hərəkətə başladı. Səfəvi mənbələrinə görə Çingiz xan dövründən bu yana Amudəryadan bu qədər güclü və izdihamlı ordu keçməmişdi. Bu ordunun tərkibi mənbələrdə 300 min, 250 min, 150 min, 105 min, 120 min, 100 min, qızılbaş ordusunun tərkibi isə 24 min , 40 min, 50 min kimi göstərilib. İki ordu 1529-cu ildə Cam yaxınlığında Zurabad adlanan yerdə qarşı-qarşıya gəldilər. Hüseyn xan Şamlı bu döyüşdə Qızılbaş qoşununun sağ qanadında dayanmışdı. Səfəvi qoşununun sağ qanadı döyüş başlayan zaman özbək qoşunun Canı bəy Sultanın rəhbərlik etdiyi sol qanadına hücum etdi. Özbəklər qızılbaşların əvvəlcə sağ sonra sol qanadına hücum edərək onları çətin vəziyyətə saldılar.[6]Bu zaman bir çox Qızılbaş əmiri və əsgərləri döyüş meydanını tərk etdi. Bu səbəbdən Səfəvi ordusu tüfəng və toplarından istifadə edə bilmədi. Qızılbaş əmirlərinin qaçmasından sonra 16 yaşlı Şah Təhmasibin yanında cəmi 3000 nəfərlik süvari qoşunu qalmışdı. Cani bəy Səfəvi ordusunun sağ qanadını təqib edib talan etməyə başladı. Übeyd xan isə eyni şəkildə qoşunun sol qanadına hücum etdi. Şah Təhmasib ordusunu sağ qanadına qardaşı Bəhram Mirzəni, sol qanada da Sam Mirzəni təyin edib 1700 nəfərlik qorçularına hücum əmri verdi. Beləliklə özbək ordusunu nizamı pozuldu və Übeyd xan rəhbərliyində özbəklər döyüş meydanından qaçmağa başladılar. Cam döyüşü Səfəvi qoşununun qalibiliyyəti ilə nəticələndi. Həsən bəy Rumlu Əhsən ət-Təvarix əsərində bu barədə yazır:[7]
“Düşmənləri yandırıb-yaxan şah bir neçə gün orada qaldı. İti qılıncın çeşməsi ilə fəth və qələbə fidanını yaşıllaşdırıb su ilə doyurmuş döyüş təcrübəli qorçular o həzrətin hüsn-rəğbəti ilə şərəfləndirilib çeşidli hədiyyələrə layiq görüldülər. Şah Təhmasib Heratın hakimiyyət boyunbağısını əvvəlki qaydada Hüseyn xanın boynuna saldı. Çünki o, həmin mərəkədə mərdliklər göstərmişdi. Daha sonra şah geri dönüş bayrağını İraqa tərəf qaldırdı. Səbəb bu idi ki, Zülfüqar Bağdadda yağı olmuşdu.”[7]
Qızılbaş qoşunu Xorasanı tərk edən kimi, Übeyd xan 1529-cu ildə yenidən Amudərya çayını keçdi. Ordunun rəhbərliyini oğlu Əbdüləziz Sultan və Daşkənd əmiri Sevincək Məhəmməd Sultanı Məşhədi almaq üçün vəzifələndirdi. Özbəklər 2 ay Məhşədi mühasirədə saxladıqdan sonra əlavə dəstək gəldikdən sonra Məhşədə daxil olub 300 Qızılbaşı öldürdülər. Übeyd xan əmirlərindən birini burada qoyub özü Herata doğru yola düşdü. Hüseyn xan ard-arda baş verən döyüşlərə görə şəhərin qida və silahla təmin edilməsində çətinliklər yaşayırdı.[8] Übeyd xan yenə əvvəlki mühasirələrdə olduğu kimi şəhərə qida maddələrinin daxil olmasının qarşısını almaq məqsədilə Herat ətrafını talan edib əhaliyə təzyiq göstərməyə başladı. Həm qıtlığı həm də şahdan gələcək köməyin gecikəcəyini anlayan Hüseyn xan Xacə İshaq Siyavuşaniyi Übeyd xanın yanına göndərib Heratın dağıdılmaması və əhaliyə toxunmamaq şərti ilə qızılbaşları və ailəlini şəhərdən çıxaracağını bildirdi.[7] Übeyd xan bu təklifi qəbul edib geri çəkildi. Hüseyn xan Şamlı, Sam Mirzə və bütün qızılbaşlar Heratı tərk edərək Sistana tərəf yola düşdülər. Beləliklə Herat şəhəri özbəklərin əlinə keçdi. Heratın ələ keçirilməsinin səbəbkarlarından biri Çuxa Sultan idi. Çuxa Sultan qızılbaş qoşununu Heratda mühasirəyə düşənlərə köməyə göndərməyi yubandırmışdı. Hicr 937-ci il zülqədənin 2-də (1531-ci il iyunun 17-də) Hüseyn xan Sam Mirzə ilə şahın İsfahan yaxınlığındakı qərargahına gəldi. Şah Təhmasib onu ehtiramla qarşıladı. Lakin Übeyd xan qarşısında dayana bilmədiyi üçün onu vəzifəsindən kənar edib Bəhram Mirzəyə lələ təyin etdi. Xacə Əmir bəy isə Xorasan vəziri oldu.[9]
Çuxa Sultan özünün təhlükəli rəqibindən xilas olmaq üçün onu şənliklərin birində öldürmək qərarına gəldi. Onun bu planından Hüseyn xan xəbər tutdu. O, gecə düşəndə silahlı adamlardan ibarət dəstə ilə Çuxa Sultanın alaçığına yollandı. Çuxa Sultan sığınacaq tapmaq ümidi ilə divanxanaya qaçdı. İş o yerə çatdı ki, vuruşma şah otağnda davam etdirildi və Hüseyn xanın adamlarının atdıqları iki ox şahın tacına dəydi.[10] Həmin gecə şahı mühafizə edən, zülqədər tayfasından olan şah qorçiləri Hüseyn xanın tərəfinə keçdilər və onlardan biri Çuxa Sultanı ölümcül yaraladı. Gəndüman yaylasında İmam Səhl Əli ətrafında baş verən döyüşdə təkəlilər və şamlılar qarşı qarşıya gəldi. Təkəlilər məğlub olub Bağdada tərəf qaçdılar. Qızılbaşlar arasında baş verən münaqişələr Şah Təhmasibi olduqca narahat etdi.[10]
Yenidən əmir əl-üməra təyin edilməsi
Şah Təhmasib 1531-ci ilin avqust ayında Şiraza qasid göndərib Hüseyn xan Şamlını saraya dəvət etdi. Burada şahın məqsədi qızılbaşlar arasında müvazinəti qorumaq idi. Bu məqsədlə Hüseyn xan Şamlı və Abdulla xan Ustaclını ortaq əmir əl-üməra təyin etdi. Beləliklə Çuxa sultanın ölümü ilə onun yerinə Hüseyn xan Şamlı keçdi.[11]
Təkəli əyanlarınıın hökmranlıq müddəti (1527-1531) şamlı feodallarının hakimiyyəti ilə əvəz edildi. Çuxa Sultanın ölümündən sonra Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu, vəkil və əmir əlüməra vəzifələrini tutdu. Hüseyn xan da sələfi kimi ilk növbədə öz tayfasının yaxşı yerləşdirilməsi qayğısına qalaraq “ən yaxşı vilayətləri (iqta əsasında) şamlı əmirləri arasında bölüşdürüb” şaha dövlət işlərinə qarışmaq imkanı vermədi. 1531-1532-ci ildə vəzif Əmir Qıvaməddin Cəfər Savəcini öldürtdü. Onun yerinə isə Əhməd bəy Nurkamal İsfahani yeni vəzir təyin edildi. Hüseyn xan Şamlının sarayda güclənməsini yaxşı qarşılamayan Üləma bəy Təkəli 1531-ci ildə üsyan qaldırdı.[12]
Şah Təhmasib 1532-1533-cü ildə Üləma Təkəli məsələsində narahatlığı azaldığı üçün böyük bir ordu ilə Xorasana doğru hərəkətə başladı. O ilk əvvəl Heratda mühasirədə olanlara xəbər göndərib yola çıxdığını bildirdi. Heratlılar bu xəbərdən ümidlənərək özbəklərə qarşı mübarizə aparmağa davam etdilər. Şah Təhmasibin əmri ilə Qızılbaş dəstəsi Səbzivara hücum etdi. Xangəldi Bahadur isə Nişapur qalasına sığındı. Buranı ələ keçirmək üçün göndərilən Qızılbaş əsgərləri sayca az olduğu üçün Şah Təhmasib onlara yardıma Hüseyn xan Şamlı və bir digər şamlı əmiri rəhbərliyində yeni qoşun göndərdi.[12] Onlar özbəkləri məğlub edib Məşhədi geri almaq üçün hərəkətə keçdilər. Übeyd xan tərəfindən Məşhədə hakim təyin edilən oğlu Əbdüləziz Sultan dərhal Məşhədi tərk edib Heratda atasının dəstəsinə qoşuldu. Beləliklə qızılbaşlar Məşhədə daxil oldular.
Übeyd xan Şah İsmayılın Xorasana daxil olduğunu eşidəndə onun qarşılaşmamaq üçün 14 oktyabr 1532-ci ildə Heratın mühasirəsini tərk edib şəhərdən uzaqlaşdı. Şah Təhmasib isə qısa müddət sonra 20 dekabr 1532-ci ildə Herata daxil oldu.[13] O bundan sonra özbəklərə qarşı müdafiə siyasətini dəyişib hücum siyasətinə keçməyi qərara aldı. Bu məqsədlə Hüseyn xan Şamlı və başqa bir Şamlı əmirini Gərcistanı ələ keçirmək üçün göndərdi. Onlar şahın əmrini yerinə yetirib yenidən şah ordusuna qayıtdılar.[13]
Öldürülməsinin təsiri
Osmanlı ordusunun 26 iyul 1534-cü ildə Təbrizi işğal etməsi Səfəvilərin hərəkətə keçməsinə səbəb oldu. Osmanlılar bir çox Azərbaycan şəhərini ələ keçirmişdi. Belə olduqda Şah Təhmasib ordusunun avanqard hissəsini Hüseyn xan Şamlı da daxil olmaqla Osmanlı qoşunu üzərinə göndərdi. Lakin qızılbaş ordusu sayca az olduğu üçün geri qayıtmaq məcburiyyətində qaldılar. Bu zaman Hüseyn xanın müxalifləri şahı inandırdı ki, o Osmanlı tərəfinə keçmək üçün fürsət gözləyir. Nəticədə hicri 940 (1533-1534)-cı ilədək dövlət işlərini idarə etmiş Hüseyn xan elə həmin ildə qəflətən hakimiyyətdən kənar edilərək edam olundu.[14]Mənbələrdə göstərilir ki, Hüseyn xan Şamlı I Şah Təhmasibi zəhərləmək məqsədilə sui – qəsd hazırlanmaqda təqsirləndirilmişdi. I Şah Təhmasib Heratda ikən Hüseyn xanın həmtayfası olan Başdan Qara adlı bir nəfər şahın piyaləsinə zəhər tökmək üçün cəhd göstərmişdi. Hüseyn xanın tərbiyəçisi (lələsi) olduğu qardaşı Sam Mirzənin xeyrinə I Şah Təhmasibi devirməyə yönəldilmiş fəaliyyətdə ittiham etmişdilər. Həmçinin Sam Mirzənin xəyanəti barədə xəbər verən “Şərəfnamə”yə görə, Sam Mirzə özünü I Sultan Süleymanın vassalı kimi tanımışdı. Hüseyn xandan məmləkətə soxulmuş türklərlə əməkdaşlıq etməkdə,düşmənin tərəfinə keçmək niyyətində olmaqda şübhələnirdilər.[15]
Hüseyn xan Şamlının ölümü hadisəsini Həsən bəy Rumlu belə təsvir edir:[16]
“Durmuş xanın kiçik qardaşı Hüseyn xan ibn Əbdi bəy Şamlu, Çuxa sultanın qətlindən sonra dinin pənahı olan şahın vəkili olmuşdu. Bu il dinin pənahı olan şahın könlü ondan incidi. Üstəlik, bu əyyamda onun tərəfindən törədilmiş bəzi qəbahətli əməllər də bu incikliyin üzərinə əlavə olundu. Qəbahətləri cümləsindən biri budur ki, şamlu qövmündən Hüseyn xanla qohumluğa malik və dinin pənahı olan şahın yanında hörmətə sahib Başdan Qara adlı birisi o həzrətə (Şah Təhmasibə) bəslədiyi ədavət səbəbindən şahın məxsusi şərbət şüşəsinin içinə zəhər atıb, o zəhərli şərbəti o həzrətə vermək istədi. Padşah fərasətlə və ya qeybdən gələn ilhamla o bədbəxtin qəsdindən xəbər tutdu. O səadətdən uzaq kimsə (Başdan Qara) onun (şahın) agah olduğunu görüb, dərhal bir bəhanə ilə məclisdən çıxaraq Mavəraünnəhrə tələsdi. Bəzi adamlar söz saldılar ki, Başdan Qaraya bu yaramaz sui-qəsdi törətməyi Hüseyn xan buyurmuşdur və bu söz zəmanə padşahının ürəyində yer tutdu. Hüseyn xan belə bir qəbahətə əl ataraq şeytani vəsvəsələrin zərurəti və nəfsani qayğıların arzusu ilə dövlət çevrilişi yolunda lazımınca səy göstərmək və insanları Sam mirzənin səltənətinə rəğbətləndirmək istəyirdi. Bu əsnada şah onu (Hüseyn xanı) qaravulluğa göndərdi. Onun mülazimlərindən Həsən ağa dinin pənahı olan şahın ərzinə çatdırdı ki, tezliklə Hüseyn xan inad yolunun yolçusu olacaq və rumilərin ordusuna yollanacaq. Dinin pənahı olan şah onu hüzuruna tələb etdi və işarə etdi ki, onu parça-parça etsinlər, Qənbəroğlu isə onun başını nizənin ucuna keçirib şah ordusunda gəzdirsin. Onun qoşununu Bəhram mirzəyə verdilər.”[16]
Hüseyn xan Şamlının ölümü ilə qızılbaş feodallarının on il müddətində - 1524-cü ildən 1534-cü ilədək davam etmiş ağalığı başa çatdı. Şübhə yoxdur ki, şamlı əyanlarının hakimiyyəti tezliklə dövlət işlərindən sıxışdırılıb uzaqlaşdırılmş digər tayfa əyanlarının narazılığına səbəb olacaqdı. Həm də I Şah Təhmasibib özü artıq böyümüşdü, qızılbaş əmirlərinin sıxıntılı himayəsindən qurtulmaq və nəhayət, dövlət işlərini öz əlinə almaq qərarına gəlmişdi. Hüseyn xanın edam olunması və vəkil vəzifəsinə Qazi Cahan Qəzvininin təyin edilməsi I Şah Təhmasibin mərkəzi hakimiyyəti gücləndirmək və möhkəmləndirmək qətiyyətini göstərirdi.[17]
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə əlaqədar olaraq qızılbaş tayfaları arasında başlanan ara müharibələri, Xorasanda da feodal hərc-mərcliyinə səbəb oldu.[18] Hüseyn xanın həmtayfası, Xorasan bəylərbəyi Ağzivər sultan Şamlı mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Onun qiyamında istər-istəməz hamisi olduğu şahın qardaşı Sam Mirzə də iştirak etdi. Qiyamçılar Herat şəhəri sakinlərinin əmlakını qarət etdilər. Sonra isə o zaman Böyük Moğollardan olan Sultan Hümayunun tabeliyindəki Qəndəhar şəhərini ələ keçirmək məqsədilə yürüşə başladılar. Qalanın iki aylıq uğursuz mühasirəsindən sonra Hümayunun qardaşı Kamran mirzə iyirmi minlik qoşunla mühasirədə olanların köməyinə gəldi. Düşmənin üstün qüvvələri ilə döyüşdə qiyamçılar darmadağın edildilər. Ağzıvar xan özü də həlak oldu. Bundan sonra Sam Mirzə özünü I Təhmasibin qarşısında təmizə çıxarmaq üçün bir neçə "qiyam təhrikçisini" edam etdirib başlarını şaha göndərdi.[18]
Ailəsi
Əliqulu xan Şamlı - oğlu
Mənbə
- Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009. səh.32-35.
- İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi (Abbasın dünyanı bəzəyən tarixi) (PDF). I. Bakı: Təhsil. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. 2009. səh. 792.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.
- M.Ə.Məhəmmədi. TARİX-İ QEZELBAŞAN. Bakı: Azərbaycan nəşriyyatı. 1993. səh. 48.
- Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
- Babək Cavanşir. İRAN’DAKİ TÜRK BOYLARI ve BOY MENSUBU KİŞİLER (SAFEVÎ DÖNEMİ – I. ŞAH TAHMASB HÂKİMİYETİNİN SONUNA KADAR / 1576). İstanbul: T.C. Mimar Sinan Güzel Sanatlar Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı Ortaçağ Tarihi Programı. 2007. səh. 896.
- Həsən bəy Rumlu. Əhsənüt-təvarix. Kastamonu: Uzanlar. Namiq Musalı, Oqtay Əfəndiyev. 2017. 661. ISBN 978-605-030-641-5.
İstinadlar
- Məhəmmədi, 1993. səh. 7
- Cavanşir, 2007. səh. 375
- Cavanşir, 2007. səh. 376
- Rumlu, 2017. səh. 460
- Rumlu, 2017. səh. 461
- Bayramlı, 2015. səh. 63
- Rumlu, 2017. səh. 470
- Cavanşir, 2007. səh. 379
- Cavanşir, 2007. səh. 380
- Əfəndiyev, 2007. səh. 76
- Rumlu, 2017. səh. 485
- Münşi, 2009. səh. 160
- Münşi, 2009. səh. 61
- Cavanşir, 2007. səh. 383
- Əfəndiyev, 2007. səh. 77
- Rumlu, 2017. səh. 497
- Əfəndiyev, 2007. səh. 78
- Rumlu, 2017. səh. 501