Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi

Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksiNaxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey.[1]

Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi
Əsası qoyulub 21 iyul 1981
Açılış tarixi 9 iyun 1984
Ölkə
Yerləşir Naxçıvan,  Azərbaycan
Kolleksiyası 9200
Direktor Bəhruz Axundov
39°12′54″ şm. e. 45°24′45″ ş. u.

Tarixçəsi

Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır.[2]

Ekspozisiya

Muzeyin fondunda 9200 eksponat toplanmışdır.[2] Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.[3]

Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.[3]

Ekspozisiyada cavidşünasların – Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə bağışladığı kitablar yer almışdır. Muzeyin ekspozisiyasının tematik planını teatrşünas Tamilla Təhmasib tərtib etmişdir.[3]

Tədqiqat və təbliğat

Muzey eyni zamanda Hüseyn Cavid yaradıcılığının tədqiqi ilə də məşğul olur. Hüseyn Cavidin əsərlərinin səhnə və nəşr tarixlərini, onun adı ilə bağlı müəsissə və təşkilatları, yaşayış məntəqələrini əks etdirən kataloqlar tərtib edilmişdir. "Hüseyn Cavid və teatr", "Hüseyn Cavid və Naxçıvan Teatrı", "Hüseyn Cavidin dramaturgiyası", "Hüseyn Cavidin həyat və yaradıcılığı" mövzularında səyyar sərgilər yaradılmış, Naxçıvan MR-in mədəni-maarif müəsissələrində, "Hüseyn Cavid və teatr" sərgisi isə Minsk şəhərində nümayiş etdirilmişdir.[3]

Muzey əməkdaşları Hüseyn Cavidin yaradıcılığı haqqında mühazirələr oxuyur, ədəbi irsini təbliğ edirlər. Muzeydə təşkil olunmuş "Hüseyn Cavid poeziya klubu" müxtəlif yaradıcı kollektivlərlə, cavidşünas alimlərlə, şair və yazıçılarla görüşlər və disputlar keçirir.[3]

Həmçinin bax

İstinadlar

  1. AMEA, Naxçıvan Ensiklopediyası, Bakı, 2002
  2. "Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin yaradılmasının 35 illiyi qeyd olunub" (az.). kaspi.az. 2019-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 Mart 2018.
  3. "Hüseyn Cavidin ev muzeyi" (az.). yasamal.cls.az. 2018-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 Mart 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.