Hüseyn Abdullayev

Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922).

Hüseyn Abdullayev
Hüseyn Abdulla oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Güləbird, Zəngəzur qəzası, Yelizavetpol quberniyası
Vəfat tarixi
Vəfat yeri Laçın, Azərbaycan SSR
Uşağı Rüstəm Abdullayev
Atası Abdulla Məmmədcəfər oğlu
Milliyyəti azərbaycanlı
Fəaliyyəti siyasətçi
Mükafatları "Şərəf nişanı" ordeni

Həyatı

Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur.

Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır.

1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır.

1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır.

Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir.

Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir.

Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.

Laçın şəhərində adına küçə, rayonda adına kolxoz və orta məktəb var idi.

Ailəsi

Atası — kənddə ən böyük və nüfuzlu tayfalardan olan "Orucməmmədlilər" nəslindən olan Abdulla Məmmədcəfər oğlu kənddə sayılıb, seçilən, sözü keçən ağsaqqallardan olub. Ata-anasını erkən itirən Abdulla kasıbçılıqla, çətin həyatla mübarizə aparmalı olub, ancaq fərasətli, ağıllı və cəsur olduğundan kənddə cavanlığından böyük nüfuz qazanıb. Elə buna görə də onu yüzbaşı seçiblər. Onun 4 oğlu, 4 qızı olub, böyüyü Hüseyn uşaqlığından təsərrüfatda atasına yaxından köməklik göstərmiş, ailənin ağırlığı onun da üzərinə düşmüşdür. Gəncliyindən həmişə insanların qeyri bərabər səviyyədə, çoxunun kasıb, az bir hissənin hədsiz varlı olması onu düşündürürmüş. Bu hisslər onu 1917-ci ildə Zəngəzurda gizli fəaliyyət göstərən RSD(b)P-na, yəni kommunist partiyası sıralarına daxil olmağa sövq etmişdir. Ailə vəziyyətinin ağırlığı ilə əlaqədar və yaxınlıqda məktəb olmadığına görə təhsil ala bilməmişdir.

Oğlu – Abdullayev Rüstəm Hüseyn oğlu Laçın rayonunun Abasqışlağı kəndində (indiki Güləbird sovetliyi) doğulmuşdur. O, kənd təsərrüfatı mütəxəsisi olub və rayon kənd təsərrüfatı idarəsində 1940-cı ildə hərbiyə çağrılana qədər atçılıq üzrə zootexnik vəzifəsində çalışmış, 1941–45-ci ilin Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Ukrayna ərazisində döyüşlər zamanı yaralanaraq əsir düşmüş, sonda əsirlikdən qaçaraq əvvəlcə Ukraynanın Vinnitsa vilayətində, sonradan isə Leninqrad vilayətində partizan dəstəsinə qoşulmuş və hərbi xidmətini Almaniyada başa vurmuşdur. Bir neçə medalla və Ali Baş Komandanın təşəkkürü ilə mükafatlandırılmışdır. Partizanlıq fəaliyyəti haqqında Sankt-Peterburqdakı Smolnı partizan hərəkatı muzeyində sənədlər vardır. 1951-ci ildə avtomobil qəzasında həlak olmuşdur.

Oğlu — Abdullayev Təvəkkül Hüseyn oğlu uzun müddət Laçın rayonunun Güləbird kənd orta məktəbinin direktoru olmuşdur. 1999-cu ildə vəfat etmişdir.

Oğlu — Abdullayev Kamil Hüseyn oğlu Laçın avtobazasının müdiri olmuş, 1970 ci ildə Sumqayıta köçüb, şəhər təsərrüfatında müxtəlif sahələrdə çalışmışdır. 2010-cu ildə vəfat etmişdir.

Qızları — Hüseyn Abdullayevin üç qızı olmuş, ailə həyatı quran iki qızı Qubadlı rayonunda, biri isə Laçın şəhərində yaşamışdılar, hər üçü vəfat edibdir.

Nəvəsi — Laçın rayonunun tanınmış ziyalısı, Qarabağ müharibəsi iştirakçısı Qəzənfər Hüseynov Hüseyn Abdullayevin nəvəsidir.

Nəvəsi — Hüseynov Fazil Kamil oğlu, ehtiyatda olan polis polkovniki.

Nəvəsi — Hüseynov Tahir Kamil oğlu, Qarabağ müharibəsi zamanı böyük fədakarlıqlar göstərmiş, tanınmış həkim-cərrah.

Nəvəsi — Abdullayev Hacımurad Kamil oğlu, DİN DAM şöbə rəisi, polis polkovniki.

Nəvəsi — Hüseynov Sabir Təvəkgül oğlu, Qarabağ qazisi, II qrup müharibə əlili.

Nəvəsi — Cəbrayılov İsfəndiyar Ağa oğlu, Qubadlı rayonunda yaşayıb, çalışmışdır.

Nəvəsi — Cəbrayılov Famil Ağa oğlu, təqaüdçü müəllim.

Nəvəsi — Təhməzov Feruz Yusif oğlu, təqaüdçü neftçi-energetik.

Nəvəsi — Şükürov Şükür Mürsəl oğlu, iş adamı.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.