Hüquqi dövlət
Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur.
Liberalizm | |
İdeyalar | |
Azadlıq | |
Kapitalizm • Bazar iqtisadiyyatı | |
İnsan hüquqları | |
Hüquqi dövlət | |
İctimai müqavilə | |
Bərabərlik • Millət | |
Plüralizm • Demokratiya | |
İdeyadaxili hərəkatlar | |
Libertarianlıq | |
Neoliberalizm | |
Sosial-liberalizm | |
Hüquqi dövlət ("Rechtsstaat") termini də, "polis dövləti" termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə "hüquqi dövlət" çox önəmli prinsipdir. Konstitusiya qurumu olan "hüquqi dövlət" prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır. Anqlo-sakson ölkələrində "hüquqi dövlət" isə "hüququn hegemonluğu" mənasına gələn "rule of law" termini ilə ifadə olunur.[1]
Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir.[2]
Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik zəmininə əsaslanmaq məcburiyyətində qalıb. Çağdaş dövlət idarəçiliyi hüquqi qaydalara bağlıdır. Totalitar-avtoritar sistemlər, diktaturalar hələ də mövcud olsa da, bunların fəaliyyəti geniş ölçüdə hüququn xaricindədir. Ancaq bunlar da legitimlik axtarışları səbəbindən hər zaman hüquqa dayanıqlı fəaliyyət göstər-diklərini iddia edirlər. Hüquqi dövlət olduqlarını onlar avtoritar dövlətin əhalisinə KİV-lər vasitəsi ilə təlqin etməyə çalışırlar. Lakin hüquqi dövlətdə siyasi iqtidarın akt və hərəkətləri hüquqla məhdudlaşdırılır, Konstitusiya və qanunlara bağlıdır. Demokratiya da hüquqi dövlətin conditio sine qua non şərtindən biridir.[3]
Prinsipləri
Siyasi cəmiyyətdə hüquqi dövlətin varlığı üçün bəzi qurumlar olmalıdır. Bu qurumlar məsələsində doktrinada fikir birliyi olmasa da, hüquqi dövlətin müəyyən sine qua non şərtlərinin olduğunu demək mümkündür. Çünki hüquqi dövlətin bəzi "bünövrə daşları" var ki, bunlar olmadan hüququn üstünlüyündən danışmaq mümkün deyil. Bunlar aşağıda incələnib. Bununla bərabər, qeyd etmək lazımdır ki, hüquqi dövlətin varlığı üçün fərqli cəmiyyətlərdə siyasi ehtiyaclar bəzi qurumların da olmasını tələb edə bilər. Bunlar aşağıdakılardır:
- Hakimiyyət bölgüsü prinsipi;
- Demokratiya;
- İnzibati aktlar üzərində məhkəmə nəzarətinin olması prinsipi;
- Hüquq və azadlıqların üstünlüyü prinsipi;
- İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi;
- Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət qarşısında və dövlətin şəxs qarşısında məsuliyyəti;
- Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi. Tarixən hakimiyyət və qanun həmişə yanaşı mövcud olmuş və inkişaf etmişdir. Əksər hallarda hakimiyyət qanunu üstələmişdir. Belə bir halda qanunujn aliliyi, təbii ki, hər şey üzərində onun mütləq üstünlüyü demək deyildir. Dövlət hakimiyyəti qanunla deyil, mübarizə ilə yaranır və yalnız sonra qanunla təsbit olunur. Bu mənada, yəni mənbəyinə, təkamülünə görə üstünlük hakimiyyətə məxsusdur. Bununla belə, özbaşınalığın qarşısını almaq üçün qanun hakimiyyətə nəzarət etməlidir. Qanunun aliliyi onda öz ifadəsini tapmış xalqın ümumi iradəsinin suverenliyinə əsaslanır. Lakin dövlət hakimiyyətinin ali nümayəndəli orqanının fəaliyyəti buna heç də təminat vermir. Qanunun ümumxalq iradəsindən kənara çıxması, birincisi, o, qəbul edilən məqamda mümkündür: ikincisi, qanun köhnələ bilir və artıq əhalinin iradəsini adekvat əks etdirə bilmir. Nəhayət, qanunun aliliyi yalnız dövlət aparatı tərəfindən onun təmin edilməsinin dönməzliyində ifadə olunmur, o, habelə onun sərəncamlarında vətəndaşların əməl etməsinə inamın olmasını nəzərdə tutur. Hələ XVIII əsrdə böyük alman alimi İ. Kant "hüquqşünaslığın metafizik əsasları" adlı kitabında "vətəndaşların və dövlət hakimiyyətinin qarşılıqlı məsuliyyətini necə təmin etmək olar?" – sualınna cavab verərək yazırdı ki, bütün sınanmış idarə formalarından ən yaxşısı respublikadır, lakin əgər hakimiyyət bölgüsü yoxdursa, hətta onun özü də hakimiyyətin özbaşınalığının və korlanmasının qarşısını almağa təminat verə bilmir. Onun fikrincə, burada qanunverici orqana ilkin mövqe məxsusdur, çünki yalnız burada vətəndaş özü üçün səmərəli müdafiə tapa bilir və tapmalıdır. O yazırdı ki, məhkəmə hakimiyyətinin müstəqilliyi təcrübədən irəli gəlir: "Hakimiyyət başında olanlar həmişə qanunu öz mənafeyinə uyğun şərh etməyə can atırlar. Buna yol verməmək üçün konstitusiya məhkəməsi təsis etmək lazımdır."[4]
İstinadlar
- Daver Bülent, Siyaset bilimine giriş, Siyaset Kitabevi, Ankara, 1993, s. 165.
- Fərhad Mehdiyev, İnzibati Hüquq, Bakı 2010, Adiloglu Nəşriyyat, s.42
- Özay İl Han. Günışığında yönetim, Alfa Basımevi, İstanbul, 1996, s.104.
- Həsən Şirəliyev, Əli Əhmədov, Bakı 1997, səh.181–182