Hökumə Sultanova
Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951).
Hökumə Sultanova | |
---|---|
8 may 1954 – 30 avqust 1958 | |
Sədr | Sadıq Rəhimov Vəli Axundov |
18 noyabr 1947 – 18 avqust 1951 | |
Əvvəlki | Hacı Rəhimov |
Sonrakı | Xəlil Əfəndiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 1981 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
|
|
Təltifləri |
|
Həyatı
Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur.[1] Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür.[2] Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur.[3] 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir.[4] Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur.[3] Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur.[5]
Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir. 9 avqust 1939-cu ildə onun işinə yenidən baxılmış, işi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün SSRİ XDİK Xüsusi Müşavirəsinin 28 dekabr 1939-cu il tarixli orderi ilə azad edilmişdir.[5]
Hökumə Sultanova sonrakı illərdə mətbuat sahəsində fəaliyyət göstərmiş, "Hücum", "Şərq qadını" jurnallarının redaktoru olmuş,[6] 1941–1947-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatının direktoru vəzifəsində işləmişdir. 1947–1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi, 1952–1954-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan SSR Baş Mətbuat (Litoqrafiya) İdarəsinin rəisi, 1954-cü ildən isə Nazirlər Soveti sədrinin müavini (bu vəzifədə ilk azərbaycanlı qadındır) vəzifələrində çalışmışdır.[3]
1960-cı ildən ömrünün sonlarınadək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda işləyən Hökumə Sultanova Azərbaycan Kommunist Partiyası və Azərbaycanda qadın hərəkatı problemlərini tədqiqi ilə məşğul olmuş, bir sıra elmi əsərlər çap etdirmişdir. O, eyni zamanda təşkilatçılıq fəaliyyəti də göstərərək Azərbaycan KP MK yanında Azərbaycan Qadınlar Şurasına rəhbərlik etmiş, "Azərbaycan qadını" redaksiya heyətinin üzvü olmuşdur.[4] "40 bahar", "Sovet Azərbaycanının xoşbəxt qadınları", "Ayna Sultanova", "Səadət", "Ceyran Bayramova" kimi kitabların müəllifi olmuşdur. "Üç bacı" əsəri isə vəfat etdiyi üçün nəşr olunmamışdır.[2]
Hökumə Sultanova dəfələrlə Azərbaycan KP Mərkəzi və Bakı komitələrinin üzvü seçilmiş, Bakı Sovetinin deputatı olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 3–4-cü çağırış deputatı seçilmişdir.[3]
Hökumə Sultanova 1981-ci ilin noyabr ayında vəfat etmişdir.[4]
Ailəsi
Hökumə Sultanova əslən İsmayıllının Lahıc kəndindəndir. O, inqilabçı Qasım İsmayılovun, Azərbaycan SSR xalq maarifi komissarı Ağa Sultanovun və Azərbaycanın ilk təyyarəçilərindən olan Yaqub Sultanovun bacısıdır.
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 21 oktyabr 1967
- "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946
- "Şərəf nişanı" ordeni
İstinadlar
- Qərənfil Dünyaminqızı. Stalinizmi canından artıq sevən Hökümə xanım // Kaspi. 2014.
- Ҹәннәт Нағыјева. Мә'налы өмүр: [Һ. И. Султанованын анадан олмасынын 80 иллији] // Коммунист. № 292 (21060). 22 декабр 1989-ҹу ил. С. 3.
- Һөкумә Исмайыл гызы Султанова // Альбом плакатов-биографий депутатов Верховного Совета Азербайджанской ССР четвертого созыва. 6 марта 1955 года. Бакы. 1956. С. 254.
- Һ. И. Султанова // Коммунист. № 263 (17897). 12 нојабр 1981-ҹи ил. С. 3.
- Şəfiqə Məmmədova. Sultanova Hökümə İsmayıl qızı // Anaların fəryadı. Bakı: "Gənclik" nəşriyyatı. 2006. səh. 444. ISBN 5-8020-1719-8.
- Əliyeva, Məhsəti. "Nəsillərə örnək". Azərbaycan. 7 mart 2010. səh. 6. 2024-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-03.