Govurqala (Qəbələ)

Govurqala — Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin Cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir. Səlbirdə olduğu kimi, Qalanın ərazisi də topoqrafik quruluşuna görə mürəkkəb xarakterə malikdir. Belə ki, qərb tərəfdə yarıdan çox hissəsi yüksəklikdir, son dövrlərin tikintiləri onun ərazisində bəzi çökəkliklər və qabarmalar yaratmışdır.

Qalanın cənub tərəfinin divar və bürcləri yerüstü vəziyyətdə yaxşı qalmışdır. Burada yarımdairəvi vəziyyətdə inşa edilmiş dörd əzəmətli bürc və bürcləri birləşdirən divarlar dövrümüzə kimi çatmışdır. Bürc və divarların yuxarı hissəsi tamamilə dağılmışdır. Qərb tərəfdəki bürc şərti olaraq birinci bürc hesab edilir. Onun qərb tərəfi çox dağılmışdır. Qalığının hündürlüyü 10,7 metrdir. Sonra ikinci bürc gəlir ki, onun da hündürlüyü 11,3 metrdir. İçərisi dairəvi şəkildə boşdur. Boşluğun diametri yuxarı hissədə 6,8 metrdir. Hündürlüyü 14 metr olan üçüncü bürcün içərisinin diametri orta hesabla 7 m, divarının qalınlığı 5 metrdir. Bu bürcün alt cərgələrində kirəc məhlulu ilə iri yonma yumşaq (şirim) daşdan hörülmüş 8 cərgə daş divar yaxşı bilinir. Elə buna əsasən Qalanın cənub tərəfindəki bürc və divarların da alt cərgələrinin iri yonma daşdan hörüldüyünü söyləmək olar. Dördüncü bürc, Qalanın cənub divarının şərq qurtaracağındadır. O, təxminən ortadan qopub cənuba tərəf aşmışdır.

İkinci və üçüncü bürclər nisbətən yaxşı vəziyyətdədir. Bürc və qala divarlarının yuxarı hissəsi bişmiş kərpicdən kirəc məlulu ilə hörülmüşdür. İkinci və üçüncü bürclərin arası darvaza olmuşdur. Şəhərin Qala hissəsinin əsas giriş yolu buradan keçmişdir. Şəhərə qalxan ikinci yol isə Qalanın şimal-qərb tərəfindəki yoxuşla gedirmiş. Əslində, buradan Qalaya daha rahat qalxmaq olur. Bu yol yerinin qarşısında divar qalığının olmamasını və enişin ətəyindəki bulağı nəzərə alaran tədqiqatçılar buranı ikinci darvaza yeri hesab edirlər.

Covurluçay Səlbirə nisbətən Qalanın şərq tərəfini çox dağıtmışdır. Onun uçurum şəklində olan indiki görünüşündən aydın olur ki, vaxtilə möhkəm strateji mövqeyə malik idi. Qərb tərəfdən axan Qara çay, Səlbirdə olduğu kimi, Qalanın da qərb tərəfini əlçatmaz istehkama çevirmişdir. Səlbir ilə Qalanın arasından keçən süni müdafiə xəndəyinə gəldikdə isə bu xəndək sonralar Qalanın şimal tərəfdən müdafiəsi işində əlavə istehkam məqsədi daşımışdır. Bəzi alimlərin ehtimalına görə Qalada həyat başlanandan sonra xəndəyin üstündən Səlbir ilə Qalanı birləşdirən açılıb-bağlanan körpü olmuşdur.

Qəbələnin Qala hissəsinin arxeoloji tədqiqinə 1926-cı ildə başlanılmışdır. Bu zaman ciddi arxeoloji axtarış və kəşfiyyat xarakterli qazıntı işləri görülmüş və bir əsas məsələ — Qəbələ şəhər xarabalığının harada yerləşməsi məsələsi öz həllini tapmışdır. Bununla da Qəbələ şəhərinin harada yerləşməsi haqqındakı xırda yalnışlıqlara son qoyulmuşdur. Qalada geniş arxeoloji qazıntı işləri 1960-cı ildən başlamışdır. Burada 5 m qalınlığında üç mədəni təbəqənin olduğu aydınlaşdırılmışdır. Belə ki, yer səthindən 2,5–5 metr dərinliyədək olan alt qat birinci, 0,7 m dərinlikdən 2,5 m dərinliyədək olan orta qat ikinci, 0,7 m dərinliyədək olan üst qat birinci mədəni təbəqə hesab edilir.

Qazıntı zamanı mədəni təbəqələrdən çoxlu divar və döşəmə qalıqları. Saxsı tünglərlə çəkilmiş su kəmərləri, ocaqlar, təndirlər, dulus kürələri, həmçinin çoxlu miqdarda şirsiz, şirli qablar şüşə, metal, sümük, daş əşyalar, mis pullar və s. maddi-mədəniyyət qalıqları tapılmışdır.

Mədəni təbəqənin orta qatı üst və alt qatlara nisbətən daha zəngin material vermişdir. Dərbənd məliyi Müzəffər ibn Məhəmmədə (XII sər), Atabəy Əbu Bəkrə (1191–1210), həmçinin XIII–XIV əsrlərə aid digər pullara əsasən Qalanın orta yaşayış qatı təxminən XI–XIV əsrlərə aiddir. Alt təbəqənin maddi-mədəniyyət qalıqları isə əsasən VIII–X əsrlərə aid ərəb pulları ilə müşayiət edilmişdir. Sonrakı arxeoloji qazıntılar da mühüm nəticələr vermişdir və aydınlaşdırılmışdır ki, alt təbəqə özü üç təbəqəyə bölünür və ümumiyyətlə Qalada üç yox, dörd mədəni təbəqə vardır. Məlum olmuşdur ki, mədəni təbəqənin 4 m dərinliyindən sonra şirli saxsı qablar getdikcə azalmış və yoxa çıxmışdır. Əslində, şirli saxsı qablar verməyən orta əsr abidələri yeni bir tarixi dövrlə səciyyələnir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.