Genealogiya
Genealogiya – şəcərəni, nəsil, soy qohumluğunu öyrənən elmdir.
Gen – yunan sözü olub "genes" sözündən əmələ gəlmişdir. Mənası əsil, mənşə, kök məzmununu əhatə edir. Nəyinsə yaranma mənşəyini, məcrasını, məzmununu açıqlamağa xidmət edir. "Logiya" da yunan sözüdür, "elm", "öyrənən sahə" məzmununda başa düşülür. Bütövlükdə nəzəriyyənin adı geniş məna çalarlarına malikdir. Genealogiya xalqların günümüz üçün, sözün geniş mənasında, mühüm əhəmiyyət kəsb edən gen mənşəyini, onun fərdi, ümumi cəhətlərini, törəmə formaları və funksiyalarını əhatə edir.
Elmin tarixi
Genealoji tədqiqatların öyrənilməsi və elmin müxtəlif sahələrində tətbiqi yeni problem deyildir. Bu istiqamətdə ilk mülahizə və tədqiqatlara Avropada təsadüf edilmişdir. Geneologiya elə həmin dövrdə nəsil qohumluğu şəcərəsini öyrənən istiqamət kimi tanınmışdır. Mənşəyin, qohumluq əlaqələrinin tarixi qanunauyğunluqlar zəminində öyrənilməsi XVII və XVIII əsrlərdə Avropada geniş vüsət almışdır. Nəsil şəcərəsinin öyrənilməsi problemin daha dərin köklərə malik olduğunu göstərməklə xalqların tarixən vahid gen, mənşə eyniliyinə məxsus xüsusiyyətlərinin mövcudluğunu da təsdiqləyir, antropoloji tədqiqatların yeni istiqamətini açıqlayırdı. Bu elmi istiqamətin Fransada A.Dyuşen, P.Anselvin, İngiltərədə C.Daqdeyl, Almaniyada M.Şnener, Y.V.İmxaf, İ.Qatterer kimi nümayəndələri olmuşdur.
Mənşə və nəsil şəcərəsi ilə bağlı ilk informatik məlumatlar və mülki aktlar XV əsrdə artıq məlum idi. XVI əsrdə – 1555-ci ildə "Qosudaryev rodoslaviye" əsəri çap edilmişdir. Rusiyada nəsil şəcərəsinin mənşə xüsusiyyətlərini öyrənən və ümumiləşdirən ilk tədqiqat isə M.M.Şərbətov tərəfindən 1857-ci ildə üzə çıxarılmışdır. Bu ənənə sonrakı yüzilliklərdə də davam etdirilmiş, qohumluq şəcərəsi ilə bağlı məlumatlar toplanıb çap olunmuşdur.
Genealoji baxımdan yanaşma metodologiyası XIX əsrin ikinci yarısından elmin müxtəlif sahələrinə tətbiq edilib yayılır, aparılan eksperimentlər bir sıra yeni və uğurlu nəticələrə gətirib çıxarırdı. Həmin gen, mənşə birliyi əsas götürülməklə linqvistika sahələrində "dillərin genoloji təsnifi", biologiya sahəsində Danimarka alimi B.Yohansenin bioloji irsiyyət, T.X.Morqanın irsiyyətlərin xromosom nəzəriyyələri meydana çıxmışdır.
Bu nəzəri mülahizələrdə valideyn əlamət və xassələrinin irsi vahidlər vasitəsilə nəsildən-nəslə pozulmaz, tam və bütöv halda keçməsi aşkarlandı.
İnkişaf istiqamətləri
XX yüzilliyin başlanğıcında artıq bütün tip – təbiət, insanat və heyvanat aləmini əhatə edən genlər tam, bölünməz irsiyyət vahidi hesab edilirdi. 1930-cu illərdə nəzəriyyə daha da inkişaf etdirildi. A.S.Serebrovski, N.P.Dubinin, İ.İ.Aqol genlərin müxtəlif sistemli, çoxpilləli mərkəzdən ibarət olduğunu müəyyən etmişdilər. Sonralar isə hər bir hissənin inkişaf xüsusiyyəti aşkarlandı. Amerikalı genetik S.Benzer genlərin çoxşaxəli, mürəkkəb və bölünməz xüsusiyyətə malik funksiyalarını açıqladı. Az sonra isə Amerika alimi C.Uotson və ingilis alimi F.Krik gen nəzəriyyəsinin yeni funksiyalarını müəyyən etdilər.
Genin nüvə quruluşunu müəyyən etməklə onun orqanizmin irsi xüsusiyyətlərini qeyri-müəyyən zaman kəsimində – daimi, fasiləsiz qoruyub saxlamaq funksiyasını aşkarladılar. Sonrakı illərdə Fransada Jakob və J.Mono genlərin struktur və tənzimləmə funksiyalarını müəyyənləşdirdilər. Bu isə onların etnik yaddaşda daimi yaşamaq və fasiləsiz ötürülmə funksiyalarına malik olduğunu təsdiqlədi.
Gen nəzəri müddəalarının əhatə çevrəsi çeşidlidir. Genetika və seleksiya, zoologiya, biologiya, mikrobiologiya, kimya, linqvistika və başqa elm sahələrində də mənşə xüsusiyyətlərinin öyrənilməsinə maraq getdikcə geniş intişar tapdı. Akademik N.Marr linqvistika sahəsindəki mülahizələrini praktikada tətbiq edə bilmədi. Sovet ideoloqları N.Marrı kəskin tənqid etdilər, gen nəzəriyyəsini burjua baxışı kimi yamanladılar. Sovetlər dönəmində nəzəriyyə bütövlükdə tənqid olundu. Ancaq gen mənşəyinin öyrənilməsi müxtəlif istiqamətlərdə davam etdirildi. Elmlərin bir neçə sahəsi üzrə diqqətəlayiq tapıntılar üzə çıxarıldı. Bitkilərin yaxın və qohum fəsilələri üzərində aparılan eksperimentlər təbiətdə mənşə birliyinin daha yeni xüsusiyyətlərini aşkarlamağa imkan verdi.
Genin mənşəyinin, kökünün öyrənilməsinə son onilliklərdə diqqətin artırılması bu sahədə aparılan axtarışların genişlənməsinə təkan verdiyi kimi, əldə edilən nəticələrin də miqyasını genişləndirdi. Ötən yüzilliklərdə mədəniyyətlərdəki oxşarlıqları öyrənən bir sıra nəzəriyyələrə diqqət artırıldı. Dünyanın müxtəlif qitələrində, ölkələrində yaşayan xalqların mədəniyyətlərindəki oxşarlıqlar qohumluq, mədəni-tarixi iqtibas, oxşar inikas düşüncəsi, səyyar transilə, oxşarlıqların tarixi qaynaqlardan bəhrələnmə müddəaları müxtəlif tədqiqatlara yenidən cəlb edildi. Folklorşünaslığı zənginləşdirən bu nəzəriyyə və məktəblər eyni zamanda folklorun bütövlükdə ictimai-siyasi qayəsini, cəmiyyətdəki nüfuzedicilik funksiyalarını, sivilizasiyaya doğru inkişafın müxtəlif pillələrini və tərəqqi istiqamətlərini öyrənməyə imkan verdi. Bununla belə, etiraf etmək gərəkdir ki, C.Freyrerin "Amerikanı kəşfi Avropada yeni humanizmin meydana gəlməsinə səbəb oldu. Antik dəyərlərlə yanaşı, daha qədim, daha uzaq keçmişin xalqlarının və mədəniyyətlərinin öyrənilməsinə başlandı. İlkin ibtidai insanlar (Orta əsrlərdə və İntibah dövründə olduğu kimi) artıq Bibliyadakı Adəmlə yox, Amerikanın uzaq meşələrində yaşamağa başlayan insanlarla müqayisə edilməyə başladı".
Antik mədəniyyətlər dünya xalqlarının gözü qarşısında zəngin və əsrarəngiz, həm də inkişaf etmiş, kamil estetik və etik dəyərlər formalaşdırmışdır. Bu dəyərlər sivilizasiyanın ən uca zirvəsi, insan bədii təxəyyülünün antik mədəniyyətlər çevrəsində yaratdığı bədii gözəlliklər idi.
Amerika cəngəlliklərində yeni açıqlanmış bu "vəhşi" canlı – əsl ibtidai insana məxsus mədəni dəyərlər isə estetik düşüncənin ən dərin qatlarından süzülüb gələn, gen yaddaşı vasitəsilə qorunub saxlanan, sonrakı tarixi kəsimlərdə isə həmin qaynaqdan baş alıb gəlməklə insanın tarixi təkamülündə özünü göstərən, üzə çıxan cahanşümul həqiqət idi. Bu isə dünya xalqlarının yaratdığı, dünyanın bütün xalqlarına bu və ya digər dərəcədə məxsus olan sivilizasiya tarixinin yeni baxışlara möhtac olmasından xəbər verir. C.Freyzerin yazdığı kimi, elmin diqqətini cəlb edən, ibtidai insanların həyat təcrübəsi və ideallarla bağlı adət-ənənələri tək-tək tanınan və fərqlənən xalqlara yox, bütövlükdə bəşəriyyətə məxsus idi.
Mənbə
- "Soy" dərgisi, Geneologiya nədir? 3 (8), 2007, səh.81-83.