Gavurqala (Oğuz)
Gavurqala — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində istehkam xarakterli tarixi-memarlıq abidəsi.[1]
Gavurqala | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Oğuz |
Yerləşir | Xaçmaz kəndi |
Tikilmə tarixi | VI—XIV əsrlər |
İstinad nöm. | 1650 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Haqqında
Gavurqala XVII əsr ədəbiyyatında Xaçmaz Govur qalası adı ilə məlumdur. A. Bakıxanovun məlumatına əsasən Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində 1578–1583-cü illərdə Səfəvi sərkərdəsi Zülqədər Məmmədqulu ilə Osmanlı sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasında Xaçmaz Gavurqalasının qarşısında döyüşlər baş vermişdir.
Gavurqalanın yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəkdədir. Şimal tərəfdə bu dağ Böyük Qafqaz dağlarının yamacları ilə birləşir. Dağın üstü ilə qalaya fayton yolu olmuşdur. Cənub və şərq tərəflərdən isə qalaya ancaq piyada yolu vardır.
Mənbələrə görə qala Vll əsrdə sadə memarlıq üslubunda çay daşı və kirəc məhlulu ilə tikilmişdir, iki mərtəbəlidir. Darvazası kiçik ölçülüdür. Onun eni 1,5 metr, hündürlüyü 3 metrdir. Oradan qalanın içərisinə ancaq piyada və atlı daxil ola bilər. Qalanın yuxarı hissəsi dağılmışdır. Qalanın bugünkü qalıqlarına görə müəyyən etmək olar ki, burada 12-yə qədər otaq olmuşdur. Qala 7 bürcdən ibarətdir ki, bu bürclərdən ev kimi istifadə edilmişdir. Gavurqala 7 bürcdən ibarət olub xüsusi su kəməri vasitəsilə içməli su ilə təchiz edilmişdir.
Gavurqala XVII əsrə qədər fəaliyyət göstərmişdir. 1965-ci ildə qalanın 2 sahəsində qazıntı işləri aparılmışdır. Ərazidən çoxlu şirli və şirsiz saxsı məmulatlar: dopu formalı qablar, novçalı bardaq, səhəng, su tünglərinin hissələri və s. əldə edilmişdir.
Mənbə
- F.V.Qədirov, Muxas qülləsi, Azərbaycan SSR EA Məruzələri, cild 26, 1970, №12.
- F.V.Qədirov. Azərbaycanın şimal müdafiə istehkamları, Bakı, 1984.
- Azərbaycan arxeologiyası. VI cild, Bakı, 2008.
İstinadlar
- "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2014-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2023-05-25.