Gərginlik baş ağrısı
Gərginlik baş ağrısı(GBA) — geniş yayılmış birincili baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir.
Ümumi məlumat
Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir:
- ikitərəfli lokalizasiya
- sıxıcı və ya təzyiqedici xarakter
- ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər
- ürəkbulanma və ya qusma yoxdur
- adi fiziki gərginlik zamanı artmır
- perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilər
GBA-nın səbəbləri tam aydın deyil, lakin onun əmələ gəlməsinə gətirən amillər müəyyən edilmişdir. Onların sırasına aşağıdakılar aiddir:
- emosional (həyəcan, depressiya, ailədə və həyatda stress və münaqişə vəziyyətləri)
- əmək və asudə vaxt rejiminin pozulması (işdə və ya təhsildə monoton əmək və ya artıq iş yükü, dincəlmə müddətinin yetərliolmaması)
- cinsi problemlər
- yuxunun pozulması
- havanın dəyişməsi
- gicgah-çənə oynağının disfunksiyası
- ənsə-alın və ənsəaltı əzələlərin spastik yığılması, əzələ gərginliyinə anadangəlmə meyililik
Gərginlik baş ağrısı diaqnozu nevroloji müayinələrin nəticələrinin normal olması ilə yanaşı əmək qabiliyyətinin itirilməsinə gətirməyən ikitərəfli baş ağrısı olan xəstələrə qoyulmalıdır.[1]
Əsas məqamlar
Gərginlik tipli baş ağrısı baş ağrılarının ən çox rast gəlinən səbəbidir. Lakin, bu patologiyanın əsasında duran mexanizm hələ də dəqiq məlum deyil. Gərginlik tipli baş ağrısına həm əzələ gərginliyi, həm də emosional stress səbəbindən baş verən baş ağrıları daxildir. Əzələlərin palpasiyasında qeyd edilən tapıntılar baş ağrısının yaranması ilə uzlaşmır. Mürəkkəb hallarda gərginlik tipli baş ağrısı miqrenlə yanaşı gedə bilər. Bu patologiyanı periferik ağrı sensitizasiyasından ayırd etmək vacibdir. Müalicə əsasən qeyri-farmakolojidir: fiziki çalışmalar, erqonomika, masaj, relaksasiya[2].
Simptomlar
●Adətən, axşama doğru tədricən pisləşən məngənəyə bənzər davamlı basıcı və sıxıcı bir ağrı.
●Gicgahlarda, ənsədə və ya kəllə qapağında lokalizə olunmuş ağrı; adətən ikitərəflidir, lakin birtərəfli də ola bilər.
●Kəllə qapağı üzərində bıçaq kimi əzabverici ağrılar hiss olunur.
●Bəzən gecələr yuxarı ətraflarda keyləşmə baş verir.
●Oturduqda və ya ayağa qalxdıqda müvazinətin ani itkisi hissi ilə birlikdə başgicəllənmə hiss edilə bilər.
●Yanaşı olaraq çox zaman depressiya tipli yuxu pozğunluğu qeyd edilir[2].
Diaqnoz
●Anamnez və kliniki müayinəyə əsaslanır.
●Nevroloji status normalır.
●Palpasiya zamanı bəzi pasiyentlərdə gicgah və ya ənsə nahiyələrində həssaslıq, eləcə də boyun və çiyinlərdə gərginlik vardır.
●Əgər onurğa sütununun sadə rentgen müayinəsi aparılırsa çox zaman lordozun düzləşməsi aşkar edilir.
●Yalnız ciddi bir xəstəliyə şübhə olduqda görüntüləmə müayinəsinə göstəriş vardır.
●Beynəlxalq təsnifat komitəsinin (Baş ağrısı Pozğunluqlarının Beynəlxalq Təsnifatı-2004-cü il: CHD 2004) verdiyi tərifə uyğun olaraq bu baş ağrıları epizodik (< 15 baş ağrısı günü/ay) və xroniki (> 15 başağrısı günü/ay) tiplərə bölünür[2].
Differensial diaqnostika
●Aurasız miqren (daxildir: prodromal symptomlar, ürəkbulanma/qusma, fizki gərginliklə simptomların artması).
●Baş nahiyəsi dərisində ağrı hissinin sensitizasiyası (həssaslığının artması) çox zaman miqrenlə əlaqəlidir.
●Dişləm pozulması (ağrının lokalizasiyası, bruksizm).
●Sinusit (Rentgen müayinəsi).
●Temporal (gicgah) arteriit (çox zaman birtərəfli; eritrositlərin çökmə sürətinin artması).
●Hipertiroidizm.
●Hiperparatiroidizm.
●Böyük ənsə sinirinin kompressiyası (innnervasiya edilən sahənin hüdudları daxilində ağrı; birtərəfli).
●Baş beyin şişi (səhərlər ürəkbulanma, proqressiv pisləşən baş ağrısı, digər müvafiq simptomlar)[2].
Radioloji müayinələr
●Baş ağrılarında başın kompüter tomoqrafiyası və ya maqnit rezonans tomoqrafiyası müayinəsi üçün göstərişlər:
- Subaraxnoidal qansızma şübhəsi.
- Proqressiv olaraq pisləşən baş ağrısı.
- Baş ağrısı ilə əlaqəli olaraq təkrarlanan və ya davamlı qusma.
- Baş ağrısı ilə əlaqəli olaraq qeyri-normal nevroloji status.
- Baş ağrısı yalnız öksürmə ya fiziki gərginliklə əlaqədar baş verir.
- Huşun itirilməsi epizodu baş ağrısı ilə əlaqəlidir.
- Bədən vəziyyətindən asılı olan baş ağrısı.
- Endokrin pozğunluq baş ağrısı ilə əlaqəlidir.
- Pasient və ya onun ailə üzvündə neyrofibromatoz xəstəliyi vardır[2].
İstinadlar
- "BAŞ AĞRILARININ DİFERENSİAL DİAQNOSTİKASI ÜZRƏ KLİNİK PROTOKOL Bakı - 2012" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
- Markus Färkkilä. "Gərginlik tipli baş ağrısı" (az.). https://www.ebmg.az/. 30.08.2017. İstifadə tarixi: 2021-03-31.