Gənzə hamamı
Azərbaycan memarlığının Naxçıvan məktəbinə məxsus memarların yaratdığı möhtəşəm hamam nümunələrindən biri də Ordubad rayonunun Gənzə kəndindəki hamam tipli memarlıq abidəsidir. Naxçıvan Muxtar Respublikası ərazisində bu günədək qalan ən qədim hamam nümunələrindən biri olan bu memarlıq nümunəsi kəndin mərkəzində yerləşən Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində, məscidə bitişik şəkildə inşa olunmuşdur .
Yerli əhalinin verdiyi məlumata görə məscid kimi bu hamamı da Hacı Hüseynqulu inşa etdirmişdir.
Memarlıq quruluşu
Hamam yeraltı hamamlar qrupuna aiddir. Girişi şimal-şərq tərəfdən olan hamam planda düzbucaqlı formada inşa olunmuşdur. Onun uzunluğu 22,6 m, eni 9,4 m olmaqla, umumi hündürlüyü 5,6 metrdir. Umumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonları, ona birləşdirilən köməkçi otaqlar iki günbəzlə örtülüb. Soyunma və yuyunma otağı bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilmişdir. İsti sulu hovuz yuyunma otağına bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı su boruları ilə gətirilirmiş. Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq oradan hamama və hovuza verilirmiş. Hamamda yuyunan adamlar isti suyu yuyunma otağına açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə xəzinənin yanında yerləşdirilmiş otaqdan götürərmiş. Yuyunma otağı və ona birləşən otaqların döşəməsinin altından içərisindən isti hava axan kanallar düzəldilmişdir. Kanalın bir ucu ocağa, digər ucu isə ba¬caya birləşdirilib. Hamamın 3 bacası var. Onlardan biri yuyun¬ma zalının cənub hissəsində ocağın üstündə, digər ikisi isə yuyunma otağının şimal hissəsində, qərb və şərq divarlarında qoyulmuşdur. Ocaq xəzinənin altında yerləşir, giriş oyması vardır.
Hamamın zallarının tavanı dairəvi günbəzlə, otaq və dərin taxçalar tağtavanla qapanıb. Hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhət onun divalarının, günbəz və tağtavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın içərisi günbəz və tağtavanların tavanının mərkəzində qoyulmuş baca vasitəsilə işıqlandırılır. Keçmişdə hamamı qızdırmaq üçün samandan və odundan istifadə edirmişlər. Saman ocağa qoyulduqdan sonra ocağın bacası və ağzı qapanır, yaranan istilik həm xəzinədəki suyu, həm da hamamın döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyun¬ma zalını qızdırarmış [1].
Hamamdan məscidə gələn insanlar, ümumiyyətlə kənd əhalisi istifadə etmişdir.
Tarixi
Qeyd olunduğu kimi hamam kənd sakini Hacı Hüseyqulu tərəfindən inşa etdirilmişdir. Hacı Hüseynqulu isə XV yüzillikdə yaşadığından məscidin inşa tarixini XV əsrə aid etmək olar.
Mənbə
- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
İstinadlar
- Naxçıvan abidələri ensiklopediyası, 2008, s. 131-132