Gəncə xalçaları
Gəncə xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[1] Xalçalar adını Gəncə şəhərinin adından almışdır. Gəncə xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[2]
Xalça | |
Gəncə xalçaları | |
---|---|
| |
Xalça haqqında məlumatlar | |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi |
Tarixi
X–XI əsrlərdə Gəncədə istehsal edilən məhsullar içərisində yun parçalar, geyim və ipək xalçalar geniş yayılmışdır. Gəncədə istər yun, istərsə də parça istehsalı kimi ipək mallar istehsalı da o dərəcədə inkişaf etmişdi ki, monqolların, daha sonra isə qıpçaq qoşunlarının hücumları zaman şəhər əhalisi qiymətli parçalar müqabilində özlərini xilas edə bilmişdilər. Gəncənin mühüm ticarət və sənətkarlıq mərkəzi olduğunu təsdiq edən Zəkəriyyə əl-Qəzvini (XIII əsr) özünün "Əsar əl-biləd və əxbər əl-ibad" əsərində Gəncə ipəyinin öz gözəlliyinə görə başqa ölkələrindən üstün olduğunu yazır. O bu əsərində V iqlimə aid etdiyi Arran şəhərləri arasında Gəncəyə xüsusi yer verərək burada ipəyin keyfiyyəti haqqında belə yazır: "Şəhər əhalisi barama qurdlarının bəslənməsi və ipək istehsalı ilə məşğuldur. Gəncə ipəyi öz gözəlliyinə görə başqa ölkələrdəkindən üstündür. Şəhərin özündə bir arx var, ona tərəf iki yolla düşürlər-biri Bab əl-Məqbərə, digəri isə Bab əl-Bərdə adı ilə tanınır. Əhali Bab əl-Məqbərə yanındakı su ilə ipəyi yuduqda, onun qiyməti Bab əl-Bərdə yanında yuyulmuş ipəyin qiymətindən yuxarı qalxır. Bab əl-Məqbərə yanında su götürüb Bab əl-Bərdənin yanına gətirsən, bundan heç nə çıxmayacaq, tərsinə eləsən-əla ipək hasil olacaq".[3]
Gəncə şəhəri əsrlər boyu yüksək keyfiyyətli xalçaların hazınlandığı məkan kimi tanınır. Gəncə xalçaçılıq məktəbi ətraf rayonların xalçaçılıq sənətinə, xüsusən Qazax, Tovuz, Göyçə, Zəngəzur ərazilərində xalçaçılıq sənətinə böyük təsir göstərmişdir.[1] Gəncə xalçaları təkcə şəhərin özündə deyil, Qarabağlı, Borsunlu, Şadılı, Qaradağlı, Şəmkir və bir sıra digər xalçaçılıq məntəqələrində də istehsal olunurdu.[1]
Bədii analiz
Gəncə xalçaları kompozisiyasına, rəng seçiminə, xonçaların düzümünə görə müxtəlif cür olurlar, lakin bu xalçanın özünəməxsus xüsusiyyəti var ki, bu xüsusiyyətinə görə Gəncə xalçası digər xalçalardan fərqlənir. Birinci növ Gəncə xalçalarının ara sahəsi diaqonal xətlər əmələ gətirən və bu xətlər üzərində sıra ilə çevrilmiş butalar olan xalça yalnız Gəncə xalçasına məxsusdur.[1] XIX əsrdən etibarən Qarabağ xalçaçılıq məktəbinə aid, xüsusilə Şuşa tipli xalçalarda da Gəncə xalçalarının təsiri ilə oxşar naxışlar müşahidə olunmağa başlayır.[1]
İkinci növ Gəncə xalçalarının ara sahəsi bir neçə göllə bəzədilmişdir. Bu göllər əksər hallarda xaçabənzər və səkkizbucaqlı formada olur. Ulduzabənzər formada olub strukturu formalaşdıran səkkizbucaqlı göllər Muğan xalçasından götürülmüşdür.[1] XX əsrin əvvəllərinə kimi Gəncə yaxınlığındakı kəndlərdə qarmağabənzər xaç elementləriylə bəzədilmiş "Köhnənaxış", "Muğan" xalçaları da istehsal olunurdu. Bu naxışlar Orta Asiyada, xüsusən Türkmənistanda istehsal olunan xalçalarda da təsadüf edilir.[4]
Texniki xüsusiyyətlər
Gəncə xalçaları müxtəlif ölçü və formatlarda toxunurdu. Bu region üçün əsasən çox da enli olmayan uzun xalçalar və gəbələr (100x150 sm) xarakterikdir. Gəncə xalçalarında bir kvadrat desimetrdə ilmələrin sıxlığı 35x35 ilmədən 40x40 ilməyə qədər yerləşir.[4] Bir kvadrat metrdə isə 120 min ilmədən 160 min ilməyə təsadüf edilir.[4] Xovun hündürlüyü 6–8 mm-dir.[4]
- Göllü uzun Gəncə xalçası
- Göllü Gəncə xalçası
- Göllü Gəncə xalçası, XIX əsr
- Diaqonal xəttli/butalı Gəncə xalçası, Azərbaycan Xalça Muzeyi\
- Şəbəkəli Gəncə xalçası, XIX əsr
İstinadlar
- Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 108
- Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 111
- Gəncə-Qazax xalçaları. Bakı: "Təhsil". 2022. səh. 4-5.
- Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 109