Gəncə xalçaçılıq məktəbi

Gəncə xalçaçılıq məktəbiAzərbaycan xalçaçılıq məktəblərindən biridir. Gəncə şəhəri və ona yaxın kəndlər, həmçinin Gədəbəy, Goranboy, ŞəmkirSamux rayonlarının ərazilərini əhatə edir. Xalçaçılıq məktəbinin əsas mərkəzi Gəncə şəhəri olmuşdur. X–XI əsrlərdən etibarən Gəncə şəhəri ən böyük ipək istehsalı mərkəzlərindən biri olmaqla yanaşı, eyni zamanda yüksək keyfiyyətli yun və ipək xalçaları ilə də tanınmışdır. Britannika Ensiklopediyasında Gəncə xalçaları aşağıdakı kimi təsvir edilir:

" Gəncə xalçası (ing. Genje carpet) — Gəncə şəhərində (Sovet dövründə Kirovabad, Rusiya imperiyası dövründə Yelizavetpol) və onun ətrafındakı ərazilərdə əllə toxunan Azərbaycan xalçalarıdır. Bu xalçalar üçün sadə künc dizaynları və intensiv parlaq rənglər xarakterikdir. Gəncə xalçalarında daha çox səkkizbucaqlı və ya ulduz formalı naxışlara, həmçinin xalça boyunca sıra ilə düzülmüş həndəsi medalyonlara rast gəlinir. Bu xalçalar üçün ənənəci olan rənglər - göy, tünd göy və parlaq qırmızıdır. Qədim dövrlərə aid Gəncə xalçaları yundan toxunmuşdur. Bir qədər müasir xalçalar isə pambıq əsas üzərində yun iplərlə toxunmuşdur. Gəncə xalçalarının istehsal edildiyi ərazi QazaxQarabağ bölgələri arasında yerləşdiyindən Gəncə xalçalarında bu bölgələrin xalçaçılıq ənənələrinin də təsirini görmək mümkündür.[1] "
Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna aid olan yüksək keyfiyyətli Fəxralı xalçası, Azərbaycan Xalça Muzeyi
Gəncə xan sarayı yaxınlığında xalça bazarı, XIX əsr.

Gəncə xalçaçılıq məktəbinə Gəncə, Qədim Gəncə, Faxralı, Samux, Gədəbəy, Çaylı, Çıraqlı, Şadılı və başqa kompozisiyalar daxildir. Gəncə xalçaçılıq məktəbinə aid olan və qədim dövrlərdə namazlıq xalçası kimi istifadə olunmuş Fəxrəli xalçaları yüksək bədii keyfiyyətləri və toxuma üsulu ilə seçilirlər.

Tarixi

Mənbələrin verdiyi məlumata görə, orta əsrlərdə, xüsusilə X–XI əsrlər ərzində Gəncədə istehsal olunmuş yun parçalar, geyimlər, ipək xalçalar böyük məşhurluğa malik olmuş və geniş yayılmışdır.[2] XIII əsrin birinci yarısında monqolların Azərbaycana yürüşü zamanı Gəncə şəhəri işğalçılara ipəklə ödəniş etmiş və dağıntılardan qurtula bilmişdi.[2] Əsrlərlə Qafqazın əsas toxuculuq mərkəzlərindən biri olmuş Gəncə yaxın bölgələrin toxuculuq ənənələrinə də ciddi təsir göstərmişdir.[2]

Əvvəllər Gəncədə və onun ətraflarında istehsal olunan bütün xalçalar regionun adı ilə "Gəncəbasar" adlanırdı. Gəncəbasara aşağıdakı xalçaçılıq məntəqələri daxil idi, baxmayaraq ki, onların hər birinin özünün xüsusi xalça tipi vardır: Samux, Fəxralı, Zeyvə, Çaylı, Alıuşağı, Sarısu, Mollabazı, Balçılı, Qaracəmirli, Şəmkir, Gədəbəy.[3]

Xalçalar

Gəncə

Gəncə xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[4] Gəncə xalçaları təkcə şəhərin özündə deyil, Qarabağlı, Borsunlu, Şadılı, Qaradağlı, Şəmkir və bir sıra digər xalçaçılıq məntəqələrində də istehsal olunurdu.[2] Gəncənin özündə toxunmuş xalçalar "Gəncə-şəhər" adlandırılırdı. Belə xalçaların bazar qiyməti kəndlərdə toxunan Gəncə xalçalarının qiymətindən yüksək olurdu.[2]

Gəncə xalçaları kompozisiyasına, rəng seçiminə, xonçaların düzümünə görə müxtəlif cür olurlar. Lakin bu xalçanın özünəməxsus xüsusiyyəti var ki, bu xüsusiyyətinə görə Gəncə xalçası digər xalçalardan fərqlənir. Birinci növ Gəncə xalçalarının ara sahəsi diaqonal xətlər əmələ gətirən və bu xətlər üzərində sıra ilə çevrilmiş butalar olan xalça yalnız Gəncə xalçasına məxsusdur.[2] İkinci növ Gəncə xalçalarının ara sahəsi bir neçə göllə bəzədilmişdir. Bu göllər əksər hallarda xaçabənzər və səkkizbucaqlı formada olur.[3]

Qədim Gəncə

Qədim Gəncə xalçası, 1870-ci illər,
Viktoriya və Albert muzeyi, London.

Qədim Gəncə xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[5] Xalçalar adını Qədim Gəncə şəhərinin adından almışdır.[5] Sənətşünaslar tərəfindən bu xalçaları "Gəncə xalçaları", "Gəncə-şəhər xalçaları", həmçinin "Gəncə-buta xalçaları" və ya "Butalı Gəncə xalçaları" adlandırılan "Qədim Gəncə xalçaları" Gəncə şəhərində, hmçinin şəhərdən 40 şimal-qərb istiqamətində yerləşən Şəmkir rayonunda, və Gəncə ətraf ıxalçaçılıq məntəqələrində istehsal olunmuşdur.[4]

Adətən, Qədim Gəncə xalçalarının orta sahəsinin kompozisiyası "Gəncə-buta" adlanan sıraya düzülmüş butalardan ibarət olur.[5] Sadə forması və rəgarəngliyi ilə Bakı, Sərab, Şirvan butalarından fərqlən[5] "Gəncə-buta" adlanan butalarla toxunmuş xalçalar daha çox tanınır. Gəncə xalçaçılıq məktəbinə xarakterik olan "Gəncə-buta" adlanan bu elementlər bəzi hallarda diaqonal üzrə düzülür. Orta sahənin sol və sağ tərəflərində "pəncə" adlanan təsvir olan xalçalarda istehsal edilirdi. "Pəncə" adlanan təsvir dini xarakter daşıyır.[5]

Orijinal xüsusiyyətləri olan Qədim Gəncə xaıçalarının orta sahəsinin kompozisiyası düzbucaqlı elementlərdən, yaxud müxtəlif enli və ensiz zolaqlardan ibarət idi. Qədim Gəncə xalçalarının köbə haşiyəsi Gəncə xalçaçılıq məktəbinin xalçalarına xarakterik olan köbə zolaqlarından ibarətdir.[5]

Fəxralı

Fəxralı xalçaları Gəncə xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[6] Xalçalar adını Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşən Fəxralı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-fəxri" də adlandırırlar.[7] Fəxralı xalçaları müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirli kəndində, həmçinin, Şadılı, Bağçakürd, Çaylı, Borsunlu, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunurdu. Daha da təkmilləşən Fəxralı xalçalarının getdikcə məşhurluğu artır və eyni zamanda bu xalça toxunulan xalçaçılıq məntəqələrinin sayı da artırdı. Artıq XIX əsrdə Fəxralı xalçasını Gəncə mahalının sənətkarları ilə yanaşı hal-hazırda Gürcüstan Respublikasının (xüsusilə Faxralı kəndində), Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd kəndlərində yerləşən xalçaçılıq məntəqələrində də toxunmuşdur.[7]

Fəxralı xalçaları dini mərasimlərdə, eləcə də namaz qılma mərasimində istifadə olunurduğu üçün əsasən kiçik ölçüdə hazırlanırdı. Bu səbəbdən də Fəxralı xalçaları xalq arasında "Çaynamaz" və ya "Ceynamaz" (namaz qılınan yer) kimi də adlandırılmışdır.[8] Xalçanın orta sahəsinin yuxarı hissəsində yerləşən tağ görünüş və formasına görə müsəlman Şərq mümarlığı elementlərini, xüsusilə məscidlərin cənub hissəsində yerləşən mehrabı xatırladır.[8] Fəxralı xalçalarını əsas halda iki yerə ayırmaq olar: mürəkkəb naxışlı xalçalar, sadə naxışlı xalçalar. Xalçaların orta sahəsinin naxışları sadə və mürəkkəb olsa da, onlar texnoloji cəhətdən bir-birinə çox yaxındır. Sadə naxışlı Fəxralı xalçalarının orta sahəsinin mərkəzində düzbucaqlı formada böyük göl, mürəkkəb naxışlı xalçalarda isə kvadrat və səkkizbucaqlı göllər toxunurdu.[9] Mürəkkəb naxışlı Fəxralı xalçalarında kərpic, böyük və kiçik "gədəbəylər", "sırğa""tuğbaşı" (bayraq) kimi əsas naxışlardan istifadə edimişdir. Mürəkkəb naxışlı xalçalarda isə onların özünəməxsusluğu orta haşiyədə ardıcıl təkrarlanan "çanaqlı bağa"tısbağa təsviri ilə ifadə olunur.[8]

Gədəbəy

Gədəbəy xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[10] Gədəbəy xalçaları Gəncədən 50 km qərbdə yerləşən Gədəbəy rayonunda istehsal olunur. Yaxın keçmişə qədər Gədəbəy xalçaçılıq məktəbinin istehsal mərkəzləri həm də ÇaykəndGölkənd (müasir Ermənistan ərazisində yerləşən kənd orada "Qaraqoyunlu" adlanırdı) kəndləri idi.[8]

Xalçanın ara sahəsi şaquli istiqamətdə uzanmış ulduzşəkilli medalyonlarla bəzədilmişdir. Onların arasında uzunsov düzducaqlılar yerləşdirilib. Bu düzbucaqlıların daxilinə hörülmüş şaquli formaların sonlarında buynuzvari burumlar (qıvrımlar) var. Kontur xətli bütün mərkəzi hissə haşiyə naxışı şəklindədir. "Qaragöz" haşiyəsi ön planı arxa plandan ayırmaqla yanaşı onu həm də formalaşdırır.[6] Ön planda yerləşən gətəbə şəkilli göy rəngli göllər və göllərin arasında yerləşən sarı rəngli düzbucaqlı elementlər Gədəbəy xalçalarının dekorunda əsas xarakterik elementlərdir.[6] Ara sahənin arxa planı, adətən, naxışsız və hamar olsa da rəngi birincidən tünd olur. Ara sahəsi düzbucaqlılara və ya kvadratlara bölünən Gədəbəy xalçalarına da rast gəlinir. Gədəbəy xalçalarının köbə zolağı Gəncə-Qazax tipli xalçalara məxsus sadə naxışlı zolaqlardan ibarətdir.[6]

Çaylı

Çaylı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[11] Xalçalar adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-şəhər", "Qazaxça", "Öysüzlü", "Qaraxanlı" adlandırırlar.[11]

Çaylı xalçaları Şirvan xalçaçılıq məktəbinə aid olan "Qobustan xalçaları" və "Mərəzə xalçaları"nın orta sahəsindən götürülmş bəzi elementlərin şəkilləri bir qədər dəyişdirilərək "Gəncə xalçaları"nın texniki xüsusiyyətlərinə uyğun şəkildə istifadə edilərək toxunmuşdur.[11] Çaylı xalçalarının orta sahəsində məhz bu xalçalara xarakterik olan, bu xalçanın əsas elementi sayılan uzunsov altıbucaqlı qırmızı yerlikli iri bir göl yerləşdirimiş və qara rəngli yerliyi olan ara sahəsinin sərbəst qalan yerləri "Bəndi-rumi" adlanan torşəkilli naxışla bəzədilmişdir. "Bəndi rumi" adlanan torşəkilli naxışların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir.[11]

Çıraqlı

Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[12] Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Bir müddət sonra bu xalçalar Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Çıraqlı xalçaları bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur.[10]

Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir. Göllər arasındakı boş sahələr isə rom şəkilli kətabələrlə bəzədilmişdir.[10]

Samux

Samux xalçaları Gəncə qrupunda ən qədim və ən məşhur xalçalar hesab olunur.[13] Xalçalar adını Gəncədən 35 km şimalda yerləşən Samux yaşayış məntəqəsinin adından götürülmüşdür. Belə xalçalar Samux rayonunun şimal — qərb hissəsindəki xalçaçılıq məntəqələrində — Kəsəmən, Salahlı, Poylu, Qazaxlı və başqa kəndlərdə də istehsal olunur.[13]

Xalçanın sadə, lakin orijinal kompozisiyası Gəncə qrupundan olan digər xalçaların kompozisiyasından fərqlənir. Ara sahənin mərkəzində kvadrat formada göl yerləşir.[13] Kvadrat gölün içində bir neçə uzun üfiqi zolaq var. Bu zolaqlar içəriyə əyilən iri formalı qarmaqşəkilli elementlə tamamlanır. Gölün yuxarı və aşağı hissələrində orta ölçülü ulduz şəkilli medalyonlar yerləşir. Bu medalyonlar daha çox ŞirvanQuba xalçaları, xüsusən Zeyvə xalçaları üçün xarakterikdir.[14]

Ara sahənin sərbəst yerlərini Gəncə və Qarabağ xalçaları üçün xarakterik olan dairə formasında nəbati bəzəklər doldurur. Bundan başqa ara sahənin aşağı və yuxarı hissəsində Samux xalçasının əsas elementləri — vəl və quş təsvir olunmuşdur.[14]

Şadılı

Şadılı xalçaları Gəncə xalçaçılıq məktəbinin orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[7] Şadılı xalçaları Kiçik Qafqaz sıra dağlarının ətəyində, indiki Goranboy rayonunun inzibati ərazi vahidində, Gəncə şəhərindən 25 km məsafədə yerləşən Şadılı kəndində tərəfindən toxunmuşdur.[11] Bu kənddə yaşayan şadılı tayfası maldarlıqla məşğul olduğundan kənddə toxuculuqda yaxşı inkişaf etmişdir.[11] Bir müddət sonra Şadılı xalçalarını Gəncə, Şəmkir şəhərlərində, Çaylı, Qaradağlı kəndlərində və Qazax rayonunda da toxumağa başlayırlar.[11] Xalçaçılar bu xalçanı "Qazax xalçaları" və ya "Ağstafa xalçaları" da adlandırır, xarici ədəbiyyatda və bəzi digər mənbələrdə isə "Gəncə xalçaları" və ya "Qafqaz xalçaları" adlarına rast gəlmək olar.[11]

Şadılı xalçalarında "Qab-qabı" adlanan orta haşiyənin enli zolaqları mürəkkəb quruluşu ilə fərqlənir ki, bu cür köbə naxışları Azərbaycandan başqa Yaxın Şərqdə də toxunmuşdur.[11] Şadılı xalçalarının mərkəzi ara sahəsinə kiçik ölçülü kvadratlar yerləşdirlmiş və sıraya düzülmüş üç kvadrat göldən ibarətdir. Bu göllərin (medalyonların) daxilindəki kiçik kvadratların daxilinə isə şimal-qərbi Azərbaycan xalçalarında "qoşaquyrum" və ya "qoşabuynuz" adlanan naxışlarla bəzədilmişdir.[7]

İstinadlar

  1. Britannica Encyclopedia. Genje carpet. Arxivləşdirilib 2008-10-15 at the Wayback Machine
    Genje carpet — floor covering handwoven in Azerbaijan in or near the city of Gäncä (also spelled Gendje or Gänjä; in the Soviet era it was named Kirovabad, and under Imperial Russia, Yelizavetpol). The carpets are characterized by simple, angular designs and saturated (intense) colours. Genje carpets most often have designs composed of octagons, stars, or three geometric medallions arranged on the carpet’s longitudinal axis. Typical colours are blue, dark blue, and madder red. Old Genjes are made entirely of wool, but newer examples have piles of coarse wool knotted onto cotton foundation weaves. As the region producing Genje rugs lies between the areas producing Kazakh and Karabagh rugs, the Genje shows features of both.
  2. Керимов, 1983. səh. 108
  3. Керимов, 1983. səh. 109
  4. Керимов, 1983. səh. 111
  5. Керимов, 1983. səh. 112
  6. Керимов, 1983. səh. 119
  7. Керимов, 1983. səh. 117
  8. Керимов, 1983. səh. 118
  9. F. Stone, Peter. Oriental Rugs: An Illustrated Lexicon of Motifs, Materials, and Origins. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2017.
  10. Керимов, 1983. səh. 120
  11. Керимов, 1983. səh. 116
  12. Керимов, 1983. səh. 121
  13. Керимов, 1983. səh. 114
  14. Керимов, 1983. səh. 115

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.