Gürcüstan Müsəlmanlarının Milli Şurası
Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ; az-əbcəd. کرجستان مسلمانلارنیك ملی شوراسی, gürc. საქართველოს მუსულმანთა ეროვნული საბჭო) — 1919-cu ilin fevralında Gürcüstan Müəssislər Məclisinə keçirilən seçkilərdə 6-cı nömrə altında iştirak etmiş seçki bloku.
| |
Sədri | Əbdürrəhim bəy Haqverdiyev |
Sədr müavinləri | Alay bəy Bayramov |
Quruluş tarixi | 1919 |
Baş qərargah | Tbilisi, Gürcüstan |
Haqqında
Gürcüstan Müsəlmanlarının Milli Şurası (GMMŞ) tərəfindən ilkin olaraq tərtib olunmuş və GMMŞ-nin sədr müavini Alay bəy Bayramov (instruktor-aqronom) tərəfindən imzalanıb Parlament Mərkəzi Seçki Komissiyasına göndərilmiş 6 nəfərlik siyahıda 1-ci sırada Alay bəyin özü, 2-ci sırada GMMŞ-nin sədri Əbdürrəhim bəy Haqverdiyevin (Gürcüstan Parlamentinin üzvü), 3-cü sırada Ömər Faiq Nemanzadənin (jurnalist), 4-cü sırada Əlimirzə Nərimanovun (müəllim), 5-ci sırada İbrahim bəy Mursaqulovun, 6-cı sırada isə Mirzə Rza Əlizadənin (müəllim) adları əks olunurdu. Bu siyahının ardınca Seçki Komissiyasına GMMŞ sədri Ə.Haqverdiyevin imzasıyla əlavə namizədlərdən ibarət 5 nəfərlik başqa bir siyahı göndərilir.[1] Bu əlavə siyahıda ardıcıllıqla Abbasqulu Xanəhmədovun (tacir), Fətəli bəy Rəşid bəy oğlu Axundovun (tələbə), Qasım Abbas oğlu Bayramovun (tramvay konduktoru), Məşədi Əli Bayram oğlu Quliyevin (tacir) və İsmayıl Xəlilovun (kiçik usta) adları qərarlaşırdı.[2]
Seçkilərin təşkili üçün Parlament Mərkəzi Seçki Komissiyası gürcü və rus dillərində 5 namizəddən ibarət siyahını təsdiq etmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurasının təsdiq edilmiş namizədlərinin bunlar idi:
- Alay bəy Aslan ağa oğlu Bayramov;
- Abbasqulu Cabbar oğlu Xanəhmədov;
- Qasım Abbas oğlu Bayramov;
- Əlimirzə Molla Məhəmməd oğlu Nərimanov;
- İsmayıl İsa oğlu Xəlilov.
Gürcüstan Müsəlmanları Milli Şurası 1919-cu ilin fevral ayında keçirilmiş əsas seçkidə — 6 səs (Tiflis qəzası – 1, Sığnaq qəzası – 1, Kutaisi qəzası – 2 səs), ilk əlavə seçkidə — 96 səs (Posxov bölgəsindən – 40, Axalsıx qəzasından – 49, Borçalı qəzasından – 6 səs, Axalkələk qəzasından – 1 səs), ikinci əlavə seçkilərdə — 3 səs (maraqlıdır ki, ondan biri erməni Dağet-Xaçın kəndindən) olmaqla cəmi 105 səs toplaya bilmişdi. Gürcüstan Müsəlmanlarının Milli Şurası müəyyən edilmiş həddi aşa bilmədi və buna görə də onun üzvləri Müəssislər Məclisinə daxil ola bilməmişdirlər.[1][2]
Həmçinin Bax
İstinadlar
- First Universal Democratic Elections in Independent Georgia (PDF) (II nəşr). Tbilisi: Central Election Commission of Georgia. 2018. səh. 50–51. 2023-07-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-03.
- Fəxri Valehoğlu-Hacılar. "Gürcüstanın demokratik yolla seçilmiş ilk parlamentinə – Müəssisələr Məclisinə seçkilər. Qaraçöplü deputat Hüseynqulu Məmmədov" (az.). zirve.info. 25.05.2018. 19.08.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.04.2021.