Güney Azərbaycan Milli Oyanış Hərəkatı

GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatıİran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir".[1] Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir.[2]

Güney Azərbaycan Milli Oyanış Hərəkatı

GAMOH
Sədri Mahmudəli Çöhrəqanlı
Lideri Mahmudəli Çöhrəqanlı
Quruluş tarixi 2002
Baş qərargah
İdeologiya Azərbaycan millətçiliyi, türkçülük
Saytı gamoh.org
Bayrağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradılması

Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir.[2]

Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:[3]

İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.

Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.[2]

2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır. Bundan dərhal sonra o, bir neçə nəfər tərəfdarları ilə bərabər GAMOH-un bünövrəsini qoymuşdur.[4][5]

Çöhrəqanlı "milli şəhidimiz" deyə adlandırdığı və onun ilk köməkçisi kimi təqdim etdiyi mühəndis Qulamrza Emani ilə birlikdə 1995-ci ildə Təbrizdəki evində təşkilatın ilk təməllərinin atıldığını, ilk adının Güney Azərbaycan Milli Hərəkatı olduğunu bildirmişdir. 7 il davam edən həbsxana və ev həbsindən sonra 2002-2004-cü illərdə Şimali AzərbaycanaTürkiyəyə səfərlər etmiş, burada ondan Şimali Azərbaycanda Sovet İttifaqına qarşı başladılmış hərəkatın Milli Azadlıq Hərəkatı adlandırıldığı, Güney Azərbaycandakı hərəkatın azadlıqmı, yoxsa qurtuluş hərəkatı olduğu soruşulmuşdur. Çöhrəqanlı bu motivli suallara Güney Azərbaycandakı türklüyün ağır dərəcədə assimiliyasiyaya məruz qaldığını, buna görə də ilk öncə güclü bir oyanışa ehtiyac duyulduğunu bildirərək cavab vermişdir. Beləliklə, bu tarixdən sonra hərəkatın adı Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq adlandırılmışdır.[6]

Fəaliyyəti

2002-ci ildən sonra Çöhrəqanlı Cənubi Azərbaycanın İrandan ayrılıb Türkiyə və ya Azərbaycan Respublikasına birləşməsi ideyasını yox, İran daxilində federal quruluşun yaradılmasını dəstəklədiyini bildirmişdir. Qafqaz və Mərkəzi Asiya İnistitutundan olan araşdırmaçıların fikrincə, GAMOH üzvlərinin birbaşa İrandan ayrılmaq barədə danışmamaqlarına baxmayaraq, hərəkatın ritorikası bir çoxları tərəfindən məhz İrandan ayrılmağın məqsədləndiyi kimi kimi şərh edilə bilər.[1] Təşkilat üzvlərinin fikrincə, hərəkat əsas olaraq İranda azərbaycanlıların mədəni və dil kimliyini, həmçinin dünyəviliyi və azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu təbliğ edir.[7]

Təşkilatın rəsmi saytında bunlar yazılmışdır:[8]

GAMOH 1995-ci ildə ən ağır təzyiqlər, həbslər və işgəncələrə dirənərək Azərbayacan haqlarının uğrunda açıq mübarizəyə və Azərbaycan Türkçülüyü təfəkkürünün kütləviləşdirilməsi hərəkatına start verən və başçılıq edən Dr. Çöhrəqanlı və onun silahdaşlarının tərərfindən gizli şəraitdə çeşitli kod adları altında yaradılmışdır. Güney Azərbaycanda baş verən kütəlvi aksiyalara, etirazlara, marifçilik hərəkatına, milli şüurun yüksəldilməsi və milli oyanış davasına başçılıq etmiş və etməkdədir. İran adlanan ölkənin durumunu nəzərə alaraq içəridə Güney Azərbayacan Milli Hərərkatı adı altında çalışmaqdadır. GAMOH – Türkçülüyə, Muasirliyə ve İnanc Özgürlüyünə söykənən, yüzə qədər elmi- ədəbi, milli-mədəni, ictimai-siyasi qurumu ətrafında birləşdiren və milyonlarla tərərfdarı olan böyük demokratik, siyasi-ictimai hərəkatdır.

GAMOH’un onlarla üzvü, rejimin qurbanı olmuşdur. Minlərlə üzvü və tərərfdarı rejimin təzyiqləri altındadır, yüzlərlə üzvü və tərəfdarı isə həbsxanalardadır. GAMOH’un Mərkəzi Qerargahı Güney Azərbaycanda yerləşir. Ünvanı gizli saxlanılır. Əsasən Güney Azərbaycanda fəaliyyət göstərən GAMOH’un İranın başqa bölgələrində də komitə və şöbələri çalışmaqdadır. 2002-ci ildən başlayaraq GAMOH-un xarici nümayəndəlikləri və təmsilçilikləri də açılmışdır.

Hazırda GAMOH’un xarici ölkələrdə fəaliyyət göstərməkdədir. GAMOH, Birləşmiş Millətlərin müxtəlif komissiyalarının, Dövlətsiz Millətlər Təşkilatı UNPO, bir çox beynəlxalq qurumların, Avropa Birliyinin, Avropa Parlamentinin, eləcə də demokratik dövlətlərin tanıdığı beynəlxalq təşkilatdır.

GAMOH, beynəlxalq hüquq və prinsiplərə dayanaraq, Güney Azərbaycanın “öz müqəddəratını təin etmə” haqqının bərpası uğrunda mübarizə aparır. GAMOH, hər cürə zorakılığın əleyhinədir və dinc siyasi mübarizə metodlarına üstünlük verir.

Çöhrəqanlı hərəkatın məqsədinin fars şovinizminin onları əsarət altına tutmasına qarşı, sülh yolu ilə ən təməl hüquqlarının əldə edilməsi olduğunu, ilk öncə təşkilata ad olaraq Güney Azərbaycan Hərəkatı adının düşünüldüyünü, lakin sonradan Bakıdakı milli hərəkatçılarla söhbətlərindən sonra ada Oyanış sözünün də əlavə edildiyini bildirmişdir. Təşkilatın dünyəvilik prinsipi üzərində qurulduğu, "alçaldılmış türk kimliyini" və çağdaşlıq prinsipini önə çıxardığı deyilməkdədir. Təşkilatın üç əsas şüarı "Türklük, çağdaşlıq və inanc azadlığı" olmuşdur.[2]

GAMOH İrandan kənarda 24 nümayəndəlik açmaqla birlikdə,[5] İran azərbaycanını Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında da təmsil etməkdədir.[9]

GAMOH cənubi azərbaycanlılar tərəfindən yaradılmış ən aktiv və ən məşhur təşkilatlardan biridir. Təşkilat ABŞ, Avropa Birliyi və Avropa Parlamentinin beynəlxalq təşkilatları tərəfindən tanınmışdır.[5]

4 fevral 2012-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində GAMOH-un qurultayı keçirilmişdir. Cənubi Azərbaycandan kənarda yaşayan şəxslərin qatıldığı qurultayda GAMOH-un yeni nizamnaməsi qəbul edilmiş və Çöhrəqanlı yekdilliklə 4 illik rəhbər seçilmişdir. Həmçinin GAMOH-un 7 nəfərdən ibarət idarə heyəti də seçilmiş və formalaşdırılmışdır.[10]

GAMOH-un fəaliyyətinə görə Çöhrəqanlı İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycan və Türkiyə respublikalarına müraciətindən sonra ölkədən deportasiya edilmişdir.[6] O, 2013-cü ildı Türkiyənin Millətçi Hərəkat Partiyası tərəfindən partiyanın qurultayına dəvət edilmiş, lakin hava limanından ölkəyə buraxılmamışdı. 2012-ci ilin dekabrında BBC-ə müsahibə verən Çöhrəqanlı Sabir Rüstəmxanlının İlham Əliyevə onu ölkəyə buraxması müraciət etiyini, lakin nəticənin nə olmasından asılı olmayaraq ölkəyə gələcəyini bildirmişdi. O, 2013-cü ilin 16 avqustunda Bakıda da yaşandı. Oğlu Alparslan Çöhrəqanlı ilə birlikdə Bakı hava limanına gələn Çöhrəqanlı ölkəyə buraxılmadı. Buna gələn reaksiyalardan sonra isə, Yeni Azərbaycan Patrtiyasının nümayəndəsi qərarın siyasi məqsədlərlə edilmədiyini bildirdi. APA-ın yaydığı məlumata görə, Mahmudəli Çöhrəqanlıya Azərbaycana giriş üçün viza verilmədiyindən o oğlu ilə birgə geri qayıdıb.[11][12][13]

Lakin 2022-ci ildən etibarən Çöhrəqanlı tez-tez Azərbaycan Respublikasında yerləşən xəbər saytlarında və televiziyalarında yenidən görülməyə başlamışdır.[14][15]

Həmçinin bax

İstinadlar

  1. Souleimanov və Kraus, 2017
  2. Mayis Alizade. "Güney Azerbaycan Milli Uyanış Hareketi lideri Çehrekanlı: Fars-Molla rejimi Şiiliği herkese karşı silah olarak kullanıyor". www.indyturk.com. 24 yanvar 2020. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  3. Shaffer, 2000. səh. 465
  4. "Çehreqanının CAMAH-dan çıxarılması barədə təşkilatın rəsmi qərarı". Archived from the original on 10 June 2002. İstifadə tarixi: 19 may 2023.
  5. Aghazada və başqaları, 2021. səh. 150
  6. "GÜNEY AZERBAYCAN MİLLÎ UYANIŞ HAREKETİ (GAMOH) LİDERİ DR. MAHMUTALİ ÇEHREGANLI İLE SÖYLEŞİ". devlet.com.tr. 5 fevral 2016. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  7. "Iran: Free Ethnic Rights Activists Five Demanded Greater Rights for Azeri Minority". www.hrw.org. 20 avqust 2013. 2023-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  8. "GAMOH". gamoh.org. 2023-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  9. "South Azerbaijan". www.unrepresentedunitednations.org. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2023.
  10. SANAM. "Southern Azerbaijan: SANAM General Assembly". unpo.org. 7 fevral 2012. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2023.
  11. "Mahmudəli Çöhrəqanlı Azərbaycana buraxılmadı". oxu.az. 16 avqust 2013. 2013-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  12. Ahmet Turan Esen. "GAMOH Lideri Çöhreganlı, Bakü'den geri çevirildi". 21yyte.org. 19 avqust 2013. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  13. İlhamə Qasımlı. ""İcazə versələr də, verməsələr də, Azərbaycana gedirəm"". www.bbc.com. 19 dekabr 2012. 2022-11-22 tarixində arxivləşdirilib.
  14. "Mahmudəli Çöhrəqani illər sonra AZTV-yə müsahibə verdi". Qafqazinfo. 5 noyabr 2022. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.
  15. "Mahmudəli Çöhrəqanlı: İran, sən elə Arazda boğulacaqsan!". İCTİMAİ TV. 2 noyabr 2022. 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2023.

Mənbə

Xarici keçdilər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.