Günbəzli ev

Günbəzli ev — XVI–XIX əsrlərdə Gəncə şəhərində geniş yayılmış yaşayış binaları. Dövrümüzə çatmış ən qədim nümunələri XVII–XVIII əsrlərə aid olan bu cür yaşayış binası memarlığına Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir.

Şəddadilər küçəsi 24 A ünvanında yerləşən günbəzli evin yan kəsimində tağtavanlı birinci mərtəbə və günbəz tavanlı ikinci mərətəbənin sxematik görünüşü

Dizayn xüsusiyyətləri

Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən günbəzli evin ümumi fasad görünüşü

Ənənəvi Gəncə evləri adətən küçədən izolyasiya edilmiş şəkildə və ya kar divarı küçə istiqamətində yerləşməklə inşa edilirdi. Küçələrdən çıxan dalanlara isə evlərin kiçik qapıları və ya həyətə açılan oxvari və ya yarımdairəvi tağla çərçivələnmiş böyük taxta darvazalar açılırdı.[1]

Şəhər ərazisində dövrümüzə çatmış ən qədim yaşayış tikililəri XVII–XVIII əsrlərə aid edilir.[2] Bu tikililər maraqlı memarlıq həllinə malikdir. Onların üstü gəc məhlulu ilə inşa edilmiş gümbəzlə tamamlandığına görə, elmi ədəbiyyatda həm də "Günbəzli ev" kimi tanınırlar. Bu evlərin unikal memarlıq xüsusiyyətlərinə Azərbaycanın başqa heç bir şəhərində rast gəlinmir. Tədqiqatçılar həmin ərazidə bu cür mülki memarlığın inkişaf etməsini yerli memarların ərazi üçün xarakterik olan inşaat materiallarına (bişmiş və çiy kərpic, gəc) mükəmməl hakim olmaları ilə izah edirlər. [2]

Günbəzli evlərin interyerlərində istifadə edilən kompozisiya həlləri, həmçinin polixromiyanın incə şəkildə tətbiq edilməsi xalq memarlarının peşəkarlığı ilə yanaşı həm də yüksək zövq sahibi olduqlarını nümayiş etdirir.[2] Memarlıq kompozisiyalarının ifadəliliyinə baxmayaraq, bu cür evlərdə tağların inşası sadə yolla həyata keçirilmiş, yük bölgüsü isə yüngül daşıyıcı sütunlar üzərində qurulmuşdur.[2]

Konstruktiv xüsusiyyətləri

Əli bəy Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən günbəzli evin yan kəsimində birinci və ikinci mərtəbənin konstruktiv görünüşü

Gəncə Günbəzli evləri mütəxəssislər tərəfindən iki qrupa bölünür: planda kvadrat təmələ malik olan evlər və güclü dartılmış düzbucaqlı təmələ malik olan evlər. İkinci qrupa daxil olan evlərin günbəzlərində çoxlu sayda təkrarlanan ikiqat əyriliklərlə fərqlənirlər.[3] onlar əsasən daşıyıcı divarlar arasında yerləşdirilmiş tağ-nervürlər üzərində dayanırlar.

Kvadrat təməlli evlərdə isə ikiqat əyrilik və künc elementlərinin kəsişməsindən alınan xaçvari plan oxşar ikiqat əyriliklərə malik sferik yelkənlər şəklində həll edilmişdir. Kəsişmə yerlərinin kobud qabırğaları isə daha yuxarı hissədə cilalanma ilə düzləşdirilir.[3]

Günbəz və ya tağın ikiqat əyri elementi 120–130 sm enlilikdə, 15–20 sm qalxışa malikdir ki, bu da konstruksiyanın fəza sərtliyini təmin edir. [3] Tağın kəsişmə hissəsi tağ-nervürlər, tağların özünün birləşmə hissəsi isə 1.2–1.5 metr qalınlığa malik daşıyıcı divarlara söykənir.[3]

Planlaşdırma xüsusiyyətləri

Bu cür Gəncə evləri üçün mürəkkəb planlaşdırma xarakterikdir; qədim yerli ənənələr əsasında inşa edilən bu cür evlər həyətin dərinliyində tikilir, əsas fasad isə həyətə açılır.[3] Fasad xüsusiyyətlərinə görə sadə olan bu evlər, xüsusi memarlıq elementlərinə malik deyillər. Onların bütün memarlıq fərqlilikləri məhz interyerlərdə toplanmışdır.[3]

Plan xüsusiyyətləri baxımından, günbəzli evlərin daha qədim nümunələri bir otaqlı olsa da, XIX əsrin ikinci yarısından başlayaraq anfilada sistemi üzrə bir ox sırası boyunca düzülmüş iki və üç otaqlı evlərin inşasına daha çox üstünlük verilir.[4] Qeyd etmək lazımdır ki, bu cür evlərdə divarlar qalınlıq ölçülərinə görə daşıyıcı və daxili divar tiplərinə bölünmür və evlərin bütün divarları bərabər ölçüyə malik olur.[4]

Dövrümüzə çatmış nümunələri

İstinadlar

Ədəbiyyat

  • Джеванширова, Н.А. Жилые дома Кировабада XVII-XIX веков. Баку: Памятники архитектуры Азербайджана. 1950.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.