Gülnar Hüseynzadə
Gülnar Hüseynzadə (azərb. Hüseynzadə Gülnar Cabbar qızı;13 may 1953, Bakı – 10 mart 2021) — Azərbaycan dilçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor
Gülnar Hüseynzadə | |
---|---|
Gülnar Cabbar qızı Hüseynzadə | |
Təxəllüsü | Gülnar Hüseynzadə |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | azərbaycanlı |
Təhsili | M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu |
Fəaliyyəti | dilçi, pedaqoq |
Fəaliyyət illəri | 1990—2021-ci illər |
Əsərlərinin dili | Azərbaycanca, rusca, ingiliscə |
İstiqamət | dilçilik metodikası |
Janrlar | monoqrafiya, problematik məqalə |
Həyatı və yaradıcılığı
Gülnar Cabbar qızı Hüseynzadə 13 may 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1960—1970-ci illərdə Bakı şəhərində 23 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsinə qəbul olunmuş və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. [1]
1976—1980-cı illərdə Leninqrad Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil aldığı zaman tədqiqat obyekti kimi seçdiyi xarici dillərin metodikası ilə ciddi məşğul olmağa başlamış, topladığı zəngin materiallar əsasında 1989-cu ildə Leninqradda «Совершенствование лексико-синтаксической стороны устной английской речи на старших курсах в национальной аудитории языкового вуза» mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır.
O, 1980—1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda İngilis dilinin leksikası kafedrasında saat¬hesabı müəllim, 1989-1991-ci illərdə Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim, 1991-ci ildən baş müəllim vəzifələrində işləmişdir.
Gülnar Hüseynzadə dünyanın bir çox universitetlərində keçirilən beynəlxalq konfranslara qatılmış, 2010—2014-cü illərdə “Tempus” proqramı çərçivəsində müxtəlif ölkələrdə (Birləşmiş Krallıq, Türkiyə) keçirilən peşəkar səviyyəli seminarların fəal iştirakçısı və məruzəçisi olmuşdur.
Onun «Методические рекомендации по обучению английским многозначным словам в азербайджанской аудитории языкового вуза» adlı kitabı 1994-cü ildə, yuxarı kurs tələbələri üçün yazdığı “Communicate” kitabı 2012-ci ildə, «Обучение речевой коммуникации на иностранном языке» adlı kitabı 2000-ci ildə “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Gülnar xanım orta məktəblər üçün dərsliklər yazılması prosesində də fəal iştirak etmişdir. Onun R.Əliyeva, A.Rasulova, N.Əliyeva ilə birlikdə orta məktəblərin V sinifləri üçün tərtib etdikləri “English”adlı dərslik 2002-ci ildə çapdan çıxmışdır.
O, 2004-cü ildə «Лингво-дидактический анализ речевой коммуникации на английском языке» adlı doktorluq dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi almışdır. O, 2008-ci ildə müsabiqədən keçdiyi üçün universitet Elmi Şurasının qərarı ilə Xarici dillərin metodikası kafedrasının professoru vəzifəsini icra etməyə başlamışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2014-cü il tarixli qərarı ilə ona Linqvodidaktika kaferdası üzrə professor elmi adı verilmişdir.
Gülnar Hüseynzadə iyirmi ildən artıq Azərbaycan Dillər Universitetində Xarici dillərin tədrisi kafedrasının müdiri vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik şurasının Avropa dilləri və ədəbiyyat bölməsinin, Təhsil problemləri institutunun pedaqogika və psixologiya problemləri üzrə Elmi Şurasının, ADU-nun Elmi Şurasının, ADU-nun nəzdində doktorluq dissertasiyası Şurasının, ADU-nun nəşri olan “Elmi əsərlər”in idarə heyətinin üzvü olmuşdur.
Gülnar Hüseynzadə 10 mart 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2]
Əsərləri
- English. Azərbaycan və rus bölmələrinin 5-ci sinfi üçün dərslik, Bakı: Təhsil, 2003, 344 s.
- English – İngilis dili. Azərbaycan və rus bölmələrinin 5-ci sinfi üçün dərslik, Bakı: Təhsil, 2003, 344 s.
- Лингво-дидактический анализ речевой коммуникации на английском языке [Текст] : дис. ... д-ра пед. наук : 13.00.02 /Г. Дж. Гусейнзаде ; М-во Образование Азерб. Респ., Азерб. Ун-т Языков, Баку, 2004, 469 с.
- English. Azərbaycan və rus bölmələrinin 5-ci sinfi üçün dərslik, Bakı: Azpoliqraf, 2006, 256 s.
İstinadlar
- Professor Gülnar Hüseynzadənin əziz xatirəsinə - BAŞSAĞLIĞI
- "ADU-nun professoru vəfat edib". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.