Gülər Əhmədova olayı
Gülər Əhmədova olayı və ya "Gülərgate" — Elşad Abdullayevin yayımladığı ilk video çəkiliş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Gülər Əhmədova ilə bağlı olmuşdur.
Gizli video çəkilişlər
Elşad Abdullayev 25 sentyabr 2012-ci il tarixdən etibarən Azərbaycan Respublikasının müxtəlif vəzifəli şəxslərlə görüşlərində gizli yolla çəkilmiş videoları internetdə yayımlamağa başladı. Həmin videoların bəziləri üzrə cinayət işləri açılmış, müxtəlif şəxslər həbs edilmiş və ya tutduğu vəzifədən azad edilmişdir.
Cinayət işi başlanması
28 sentyabr 2012-ci ildə videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılmışdır. Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi[1] ilə cinayət işi başlanmışdır[2].
Deputat mandatından imtina
Elə həmin gün Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraciət edir[3][4]. 3 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının bu məsələyə dair keçirilmiş iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın mandatından imtina barədə verdiyi ərizəyə baxılmış, onun mandatının ləğv olunması barədə qərar çıxarılmışdır[5][6].
Yeni Azərbaycan Partiyasının münasibəti
Həm Elşad Abdullayevin, həm də Gülər Əhmədovanın iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvü olması, olayın əsas diqqətçəkən məqamlarından biridir. Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov baş verən hadisə ilə bağlı belə demişdir:
"Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi, məhz, belədir."[7]
Müxalifətin münasibəti
Baş verənlərlə bağlı olaraq İctimai Palata oktyabrın 13-də Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi məqsədilə paytaxt meriyasına müraciət etmiş, lakin Bakı Şəhər İcra Hakimiyyəti onlara 20-ci sahədə mitinq keçirmək üçün razılıq vermişdir. İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinin təklifini qəbul etməmiş və müxaliflər oktyabrın 20-si saat 15-də Fəvvarələr Meydanında "Parlament buraxılsın" şüarı ilə mitinq keçirməyi qərara almışdır[8].
İstinadlar
- "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi". 2014-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
- Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin 28 sentyabr 2012-ci il tarixli məlumatı. genprosecutor.gov.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (az.)
- "Gülər Əhmədova deputat mandatından imtina edir... azadliq.org". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.
- DEPUTAT MİLLİ MƏCLİSİN SƏDRİNƏ MÜRACİƏT ÜNVANLAMIŞDIR. meclis.gov.az Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
- Gülər Əhmədovanın mandatı alındı. musavat.com
- "Azərbaycan Respublikası IV çağırış Milli Məclisin deputatı Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi barədə" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 3 oktyabr 2012-ci il tarixli, 4/13 nömrəli Qərarı. e-qanun.az (az.)
- YAP-ın Sədr müavini: "Gülər Əhmədova Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib". yeniazerbaycan.com Arxivləşdirilib 2021-06-13 at the Wayback Machine (az.)
- "İctimai Tədbir: Parlament buraxılsın". 2019-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-22.