Göygöl Milli Parkı
Göygöl Milli Parkı — Azərbaycanın Göygöl və Gəncə şəhərlərinin ərazisində milli park. 2008-ci ildə yaranmışdır, 12755 hektar sahəni əhatə edir.
Göygöl Milli Parkı | |
---|---|
azərb. Göygöl Milli Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 127,55 km2 ha |
Mütləq hündürlüyü | 1.969 m |
Yaradılma tarixi | 1 aprel 2008 |
İdarəetmə orqanı | AETSN |
Dağlar | Kəpəz dağı, Murovdağ |
Çay | Yuxarı Ağsu |
Göllər | Göygöl gölü, Maralgöl |
Florası | Eldar şamı |
Faunası | Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq |
Yerləşməsi | |
40°24′21″ şm. e. 46°19′21″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Göygöl |
Yerləşməsi | Kiçik Qafqaz |
Yaxın şəhər | Gəncə |
Göygöl Milli Parkı | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Göygöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2008-ci ilin 1 aprel tarixində yaradılmışdır.[1] Milli Park Azərbaycanın qərbində Xanlar və Gəncə inzibati rayonlarının ərazisində yerləşir.
Milli Park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına yaradılmışdır.
Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.
Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli Qərarına əsasən qoruq yenidən təşkil edilmişdir. Ərazisi 6739 hektar idi. Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000–3060 m hündürlükdə yerləşir.
Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır.
Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır.
Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mylayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 4-100 arasında tərəddüd edir. İllik yağıntının miqdarı 600–900 mm-dir.
Kiçik Qafqazın şimal yamaclarının subalp zonasının bir hissəsi və orta dağlıq meşələri, Göygöl, Maral, Zəli göllərinin ekosistemi qoruğun əsas mühafizə olunan obyektlərindəndir.
Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Ərazidə məskunlaşan heyvanlardan ikisinin—Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı Qırmızı kitablara düşmüşdür. Qırmızı kitablarda Göygöldə yaşayan və və qorunan forel balığının və bir çox quşların da adı vardır.
Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100–2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.
Filmoqrafiya
2015-ci ildə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə “Göygöl Milli Parkı” adlı sənədli film çəkilmişdir. Nizami Kino Mərkəzində filmin təqdimatı olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimatda iştirak etmişdir.[2]
Qalereya
İstinadlar
- eco.gov.az. "Göy-göl Milli Parkı" (az.). 2022-02-22 tarixində arxivləşdirilib.
- “Göygöl Milli Parkı” sənədli filminin təqdimatı olub: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimatda iştirak edib: [Nizami Kino Mərkəzində] //Azərbaycan.- 2015.- 30 dekabr.- S.6; //Xalq qəzeti.- 2015.- 30 dekabr.- S.5; Yeni Azərbaycan.- 2015.- 30 dekabr.- S.4.
Həmçinin bax
- Azərbaycan Milli Parkları
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Göygöl dövlət qoruğu (kitab)
Xarici keçidlər
- Vikianbarda Göygöl Milli Parkı ilə əlaqədar mediafayllar var