Fyodor Fedorenko
Fedor Demyanoviç Fedorenko (ukr. Федір Федоренко, ing. Feodor Fedorenko; 17 sentyabr 1907, Canköy – iyul 1987, Krım, Krım vilayəti[d]) — SSRİ kolaborsionisti, Treblinka ölüm düşərgəsinin mühafizəçisi, insanların kütləvi qətlinin iştirakçısı. ABŞ məhkəməsi tərəfindən SSRİ-yə təhvil verilmiş və sovet məhkəməsinin hökmü ilə güllələnib.[1]
Fyodor Fedorenko | |
---|---|
ukr. Федір Федоренко | |
Doğum tarixi | 17 sentyabr 1907 |
Doğum yeri | |
Vəfat tarixi | iyul 1987 (79 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Həyatı
Fyodor Fedorenko 17 sentyabr 1907-ci ildə Canköydə anadan olub. Milliyyətcə ukraynalıdı.
Alman qoşunlarının SSRİ ərazisinə hücumundan sonra 23 iyun 1941-ci ildə Qırmızı Ordu sıralarına səfərbər olunaraq, yük maşını sürücüsü vəzifəsinə təyin edilib. 2-3 həftədən sonra Fedorenkonun xidmət etdiyi bölmə almanlar tərəfindən mühasirəyə alındı. O, mühasirədən qalmağa müvəffəq oldu. Lakin üç gün sonra almanlar Fedorenkonu yenə də əsir götürdülər.
Fedorenko əvvəlcə Jitomirə, daha sonra Ümumi Hökumətdə yerləşən Helm şəhərindəki konsentrasiya düşərgəsinə göndərildi. Düşərgə rəhbərliyi burada saxlanılan hərbi əsirlərin alman xidmətinə cəlb olunduğunu elan edəndə Fedorenko əməkdaşlıq etmək arzusunu bildirdi. Travniki konsentrasiya düşərgəsində təlim keçdi və 1942-ci ilin sentyabrında məşhur Treblinka ölüm düşərgəsinə gözətçi kimi göndərildi.[2][3] Fedorenko kiçik zabit rütbəsi aldı və 1942-ci ilin sentyabrından 1943-cü ilin avqustuna kimi 200 nəfərlik Ukrayna dəstəsinə rəhbərlik etdi.[4]
Fedorenko "Reynhard əməliyyatı"nın bir hissəsi olaraq SS-Hauptşturmführer Karl Streybel tərəfindən təlim keçmiş Travnikidən olan təxminən 5000 əsgərdən biri idi.[5] “Son həll”in həyata keçirilməsi üçün nəzərdə tutulan bütün əsas yerlərdə ciddi hazırlıq işləri görüldü. Əməliyyatlar zamanı Hivi dəstələri SS və Şupo bölmələri, habelə ordnungspolizei birləşmələri ilə komplektləşdirildi. Onlar almanların işğalı altında olan Polşada yəhudilərin gettolarının içərisinə basqın edərək yerindən tərpənə bilməyən və ya qaçmağa cəhd edən hər kəsi gülləbaran edirdi. Hivə isə eyni yerlərdə dinc əhaliyə qarşı irimiqyaslı qırğınlar həyata keçirirdi.[6] Bu onların təlimlərinin əsas məqsədi idi.[7]
1942-ci ilin yazında Fedorenko Travnikidən Lyublin gettosuna göndərildi. Tarixi qeydlərdən məlumdur ki, 1942-ci il martın ortalarından aprelin ortalarına qədər olan dövrdə Lyublin gettosundan 30.000-dən çox yəhudi mal-qara maşınlarında Beljets ölüm düşərgəsinə, daha 4.000 nəfər isə Maydanek həbs düşərgəsinə aparılıb.[8][9] Lyublindən Fedorenko Varşava gettosuna göndərildi və 1942-ci ilin sentyabrında Treblinkaya gəldi.[10]
Müttəhim Aleksandr İvanoviç Yeqerin (1918 doğumlu, Almaniya) SSRİ-də istintaq zamanı dindirilməsi haqqında hesabatda Fedorenkonun işğal olunmuş Polşadakı Treblinka ölüm düşərgəsindəki fəaliyyətinə dair bölmə var. Yeqer Ukrayna Dövlət Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində ifadəsində onun haqda bunları deyir: “Fedorenko SS Obervahmannı rütbəsinə sahib idi. Treblinka "ölüm düşərgəsində" Mühafizəçilər bölməsinin birinci tağımının komandirinin köməkçisi vəzifəsini daşıyırdı. O, mənimlə Varşava şəhərindən Treblinkaya, “ölüm düşərgəsinə” gəldi. O, qatarların boşaldılması zamanı, qaz kameraları qarşısında soyunma yerlərində və “lazaret”də yəhudi vətəndaşların edamında iştirak edib. 1943-cü ilin sonunda mühafizəçilər bölməsinin tərkibində Dansiqa getdi. Mən onunla bir daha görüşmədim və indi harada olduğunu bilmirəm."[11]
Fedorenkonun 1978-ci ilin iyununda verdiyi ifadəsinə görə, o, qüllədə gözətçi kimi xidmət edərək, dolayısı ilə qaz kameralarında insanların qətliamında iştirak edib.
İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Fedorenko 1948-ci ildə vətəndaşlıq alaraq ABŞ-yə qaçdı. O, ilk illərdə Filadelfiyada məskunlaşdı. Lakin daha sonra Konnektikut ştatının Vaterberi şəhərinə köçərək orada mis mədənində işçi kimi iş tapdı. Sonradan Fedorenko Mayamidə də yaşayıb.[2]
1960-cı illərin ortalarında o, mümkün müharibə cinayətkarı kimi müəyyən edildi. Treblinkadan sağ qalanlar SS üzvlərindən götürülmüş fotoşəkillər və sənədlərdən onu düşərgə mühafizəçisi kimi tanıdılar. Onun Uoterberidəki adı və ünvanı Amerikada yaşayan əlli doqquz hərbi cinayətkarın siyahısına daxil edildi. Bu siyahı Avropa və İsraildə tərtib edilib və ABŞ İmmiqrasiya və Naturalizasiya Xidmətinə göndərildi.[12]
1970-ci illərin ortalarında ABŞ Konqresinin nümayəndələri Coşua Eilberg və Elizabet Holtzman, ABŞ Hökumətinin Hesabatlılıq Ofisini mümkün nasist müharibə cinayətkarlarını təhlil etməyə və araşdırmağa sövq edən bir sıra dinləmələr başlatdılar. Nəticədə, İmmiqrasiya Xidmətində nasist hərbi cinayətkarlarını araşdırmaq üçün xüsusi məhkəmə bölməsi yaradıldı. Altmışıncı illərdə əldə edilən məlumatlar indi istifadə oluna bilərdi. 1977-ci ildə İmmiqrasiya Xidməti Fedorenko haqqında məlumatları Ədliyyə Nazirliyinin prokurorluğuna göndərdi.[12]
Hələ 1970-ci illərin əvvəllərindən başlayaraq Sovet İttifaqı Şərqi Avropada hərbi cinayətlər törətmiş və müharibədən sonra ABŞ vətəndaşlığını almış insanların işlərinə baxılması üçün ABŞ-yə sorğular göndərirdi. Əvvəlcə Sov.İKP MK-nın baş katibi Leonid Brejnev ABŞ prezidenti Riçard Niksonla görüş zamanı Amerika torpaqlarında ədalətdən gizlənən nasisit əlaltılarının siyahısını ona vermək istədi, lakin Nikson təyin olunan görüşə az qalmış istefa verdi və bu baş vermədi. Növbəti prezident Cerald Ford Sovet rəhbərliyi ilə danışıqlar aparmaq istəmədi.
1974-cü ildə doğma yerləri üçün darıxan Fedorenko bir turist qrupu ilə Krıma getməyə qərar verdi. Orada, keçən uzun illərə baxmayaraq, onu tanıdılar. Bundan sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsi onun şəxsiyyəti ilə maraqlanmağa başladı. Turistin həqiqətən kim olduğu müəyyən edildikdə, SSRİ Fedorenko işinə baxmaq üçün ABŞ prezident administrasiyasına vəsatət qaldırdı və hərbi cinayətlərə dair materialları ona təqdim etdi.[13]
Məhkəmə və ekstradisiya
1976-cı ildə Fedorenko məsuliyyətə cəlb edildi. 1976-cı il mayın 25-də məhkəmə iclası keçirildi və and içərək o, Treblinkada minlərlə yəhudinin məhv edildiyini bildiyini və qaz kameralarından istifadə edərək qətliamların həyata keçirildiyi ölüm düşərgəsində xidmət etdiyini bildirdi. O, düşərgənin qaz kameralarının yerləşdiyi həmin hissəsində olduğunu inkar etsə də, bir vaxtlar düşərgənin bu hissəsinin üzərində ucalan gözətçi qülləsinin üstündə dayandığını etiraf etdi: “Ölüləri xərəyə necə yüklədiklərini görürdüm. ...Və sonra onları çuxura atırdılar. Daha sonra ifadəsində o, düşərgənin bu hissəsində “cəsədləri götürüb basdıran və ya çuxurlara qoyan işçilər olduğunu təsdiqləyirdi. Qaz kameraları orada idi”. Yəhudilərin qatarlardan boşaldılması ilə bağlı o, ifadəsində: “Bəzilərini işə aparırdılar, bəzilərini isə qaz kameralarına göndərirdilər”- demişdi.[14] Məhkəmə onun qətliamlarda iştirakını sübut etmədiyi üçün Fedorenkoya bəraət verdi. Hakim Norman K. Roetger 71 yaşlı kişinin özünün “nasist təcavüzünün qurbanı” olduğunu və Birləşmiş Ştatlar vətəndaşlığını saxlamaq haqda qərər qəbul etdi.[15]
Buna baxmayaraq, istintaq davam etdirildi və 21 iyun 1981-ci ildə vəziyyətə görə ABŞ Ali Məhkəməsi bəraət hökmünü ləğv etdi. Fedorenko həbs edildi, Amerika vətəndaşlığından məhrum edildi və 1984-cü ilin dekabrında Sovet İttifaqına sürgün edildi. O, ABŞ-nin SSRİ-yə təhvil verdiyi ilk nasist hərbi cinayətkar oldu. Lakin Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarının səhlənkarlığı ucbatından Fedorenko dərhal həbs olunmadı və bir neçə həftə doğulduğu Canköydə içki içib, küçələrdə tüfeyli həyat sürdü. Tezliklə “The Washington Post” qəzetində “Nasist Fedorenko SSRİ-də özünü azad hiss edir” məqaləsi dərc olundu və orada SSRİ xüsusi xidmət orqanlarını hərbi cinayətkarlara münasibətdə fəaliyyətsizlikdə ittiham etdi. 1985-ci ilin yanvarında Fedorenko həbs edildi. İstintaq hərəkətləri iştirakçılarının xatirələrinə görə, o, ona qeyri-yəhudi millətindən olan vəkil verilməsini tələb etdi.[13]
Fedorenko məhkəməni gözləyərək kamerada təxminən bir il keçirdi. 1986-cı il iyunun 10-da açıq məhkəmə prosesi başladı. Krım Regional Məhkəməsinin məhkəmə zalı 500 nəfər üçün nəzərdə tutulmuşdu, lakin o, hətta hamını qəbul edə bilmirdi. İttiham aktını oxuyandan sonra məhkəmədə iştirak edən adamlar qəzəbləndilər və Fedorenkonu "parçalamağı" tələb etdilər. Şahidlər ifadə verdilər ki, o, yəhudilərin edamında şəxsən iştirak edib və "onları çubuqlarla qaz kamerasına qədər qovub", həmçinin qiymətli əşyalarını əllərindən alıb. Prokuror Fedorenkoya ölüm hökmü cəzasını istədi. Vəkil isə məhkəmədən müttəhimin yaşını (o vaxt onun 79 yaşı var idi) nəzərə almağı xahiş etdi. Fedorenkonun özü isə son sözündə ağlayaraq dedi: "Mən bunu istəmirdim". Məhkəmə müəyyən etdi ki, onun Treblinkada xidməti zamanı 800 minə yaxın insan həlak olub. Məhkəmə doqquz gün davam etdi, bundan sonra hakim Mixail Tyutyunnik Fedorenkoya güllələnərək ölüm cəzası verdi. Hökm elan olunduqdan sonra zalda gurultulu alqış sədaları oldu. İştirak edənlərin xatirələrinə görə, Fedorenko hakimin sözlərinə biganəliklə qulaq asırdı. Fedorenko SSRİ Ali Məhkəməsinə kassasiya şikayəti verdi. Lakin onun əfv olunma xaişi rədd edildi.[13] Məhkum Fyodor Demyanoviç Fedorenkoya qarşı ölüm hökmünün icrası 28 iyul 1987-ci ildə rəsmən elan edildi.[16]
İstinadlar
- "Feodor FEDORENKO, Petitioner, v. UNITED STATES". Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine Supreme Court: 449 U.S. 490 (101 S.Ct. 737, 66 L.Ed.2d 686) No. 79-5602. Cornell University Law School. Case decided.
- Irving V. Lipstadt. "Evidence for the Implementation of the Final Solution: Electronic Edition, by Browning, Christopher R." (ingilis). . 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-2-18.
- Chris Webb (2014). The Treblinka Death Camp: History, Biographies, Remembrance Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine Columbia University Press. p. 208. ISBN 978-3838205465.
- David, Holmberg (August 16, 1977). "The Miami News" Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine
- Энциклопедия Холокоста. "Травники" Arxivləşdirilib 2014-07-10 at the Wayback Machine Мемориальный Музей Холокоста Соединенных Штатов Америки.
- Browning, Christopher R. (1998) [1992]."Прибытие в Польшу". Обычные люди: резервный полицейский батальон 101 и окончательное решение в Польше Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine Penguin Books. pp. 52, 77, 79, 80, 135.
- Станислав Яблонский (1927–2002). "Гитлеровский лагерь в Травниках" Arxivləşdirilib 2007-01-31 at the Wayback Machine История лагеря (на польском языке). Trawniki official website
- Jack Fischel, The Holocaust Arxivləşdirilib 2023-07-20 at the Wayback Machine, Greenwood Publishing Group, 1998, стр. 58; in Google Books.
- Statistical data compiled on the basis of "Glossary of 2,077 Jewish towns in Poland" Arxivləşdirilib 2016-02-08 at the Wayback Machine Museum of the History of the Polish Jews as well as "Getta Żydowskie" Arxivləşdirilib 2014-10-15 at the Wayback Machine by Gedeon and "Ghetto List" Arxivləşdirilib 2014-12-14 at the Wayback Machine by Michael Peters
- Chris Webb (2014). The Treblinka Death Camp: History, Biographies, Remembrance Arxivləşdirilib 2020-08-26 at the Wayback Machine. Columbia University Press. стр. 208. ISBN 978-3838205465
- Aleksandr Yeger (2012). "Fedorenko served at Treblinka" Arxivləşdirilib 2019-12-28 at the Wayback Machine. Report of Interrogation: Investigation Department of Ministry of State Security of the Ukraine, Molotov Region. The Nizkor Project
- ""Radical America - Vol 13 No 5 - 1979 - September October". Scribd". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
- Документальный фильм «Каратели» из цикла «ru:Тайны века»
- Christopher R. Browning, "Evidence for the Implementation of the Final Solution" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Emory University 2013.
- ""Ruling favors Treblinka guard". Bangor Daily News. July 27, 1978. p. 4". 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
- WILLIAM J. EATON. "Soviets Execute Ex-Nazi Guard Deported by U.S." (ingilis). . 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-2-18.