Fuad Mövludov

Fuad Mövludov (tam adı; Fuad Fərhad oğlu Mövludov; 25 sentyabr 1968, Bakı, Azərbaycan SSR, SSRİ25 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — 20 Yanvar Şəhidi.[1]

Fuad Mövludov
Fuad Fərhad oğlu Mövludov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı

Həyatı

1968-ci il seytyabrın 25-də Bakı şəhərində anadan olmuşdur[2]. İlk təhsilini Əzizbəyov rayonu 230 saylı məktəbdə almış, tam orta təhsilini isə 156 saylı məktəbdə başa vurmuşdur. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Kiyev Ali Hərbi Aviasiya məktəbinə daxil olur, lakin 3-cü kursdan vətənpərvər baxışlarına görə məktəbdən xaric edilmişdir. Bundan sonra, 4-5 ay Kalininqradda əsgərlik çəkmişdir. Əsgərlikdən qayıtdıqdan sonra, əvvəlcə texniki-peşə məktəbində, daha sonra isə 39 nömrəli Yanğından Mühafizə İdarəsində döyüşçü işləmişdir. Ailənin yeganə oğlu, subay idi[3].

Qanlı Yanvar faciəsi

19-dan 20-nə keçən gecə Şimali DRES-in yanında yaralanmış, yaralandığı yerdə uzun müddət qaldıqdan sonra 26 saylı xəstəxanaya çatdırılmışdır. Atasının sözlərinə görə, narkozsuz əməliyyat olunmuş, iki gün morfinin təsiri altında yatmış, yalnız yanvarın 23-ü saat 9-da ayıldıqdan sonra necə yaralandığını danışa bilmişdir[2]. Fuadın sözlərinə görə, hadisə aşağıdakı kimi olmuşdur:

Əvvəlcə tanklar insanlara tərəf yaxınlaşmış, lap yaxına çatdıqdan sonra sonra atəş açılmağa başlanmış, Fuad da daxil olmaqla dinc insanlar qaçmağa başlamış, əsgərlər onların dalınca düşmüşlər. Qabaqdakı əsgərlərə rusca müraciət etdikdən sonra qabaqdakı əsgərlər atəş açdığından Fuad yenidən qaçmağa davam etmişdir. Dalınca düşən iki əsgər (birinin baş dəbilqəsi düşmüş, saç-saqqalı görsənmişdir) ermənicə söyə-söyə Fuada çatmış, biri başından tutmuş, digəri isə süngü ilə Fuadı yaralamışdır. Fuad əsgərlərə cavab verməyə çalışmış, lakin əsgərlər yerə yıxılan Fuada iki güllə ilə də yaralamış, sonra isə təpiklə dalbadal zərbələr endirmişlər. Bundan əlavə, həmin əsgərlər digər bir nəfəri də vurmuş, Fuadı döyərkən isə əsgərlərdən biri "Oni naşi vraqi, beyte ix" demişdir.

Yanvarın 25-də aldığı xəsarətlərdən vəfat etmişdir.

Şüvəlan qəbiristanlığında dəfn edilmişdir.

Ünvan

Bakı, Cənubi DRES qəsəbəsi, XX qurultay küçəsi, ev 20, mənzil 18.

Xatirəsi

İlk təhsilini aldığı 230 nömrəli məktəb onun adını daşıyır.

Həmçinin bax

İstinadlar

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI. Bakı şəhəri, 17 yanvar 2000-ci il". 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-31.
  2. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
  3. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.