Fuad-Xan Talışinski
Fuad-Xan Talışinski Məmmədhəsən oğlu (1 yanvar 1896-cı ildə, Tiflis, Tbilisi quberniyası - təqribən 1943-cü ildə Novokuybışevskdə ) — hərbi xadim, polkovnik, Azərbaycan Demokratik Respublikasında və Qırmızı Orduda müxtəlif hərbi vəzifələrdə çalışmış, repressiya qurbanı olmuşdur. Talışxanovlar nəslinin nümayəndəsi.[1]
Fuad-Xan Talışinski | |
---|---|
Fuad-Xan Talışinski Məmmədhəsən oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tbilisi quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | təqribən 1943-cü ildə |
Vəfat yeri | Novokuybışevsk |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Atası | Məmmədhəsən bəy Talışxanov |
Hərbi fəaliyyəti | |
Qoşun növü | quru qoşunları |
Rütbəsi | polkovnik |
Vəzifəsi | Gəncə şəhəri hərbi müfəttişliyinin hərbi təlim müəllimi |
Təltifləri |
"Qırmızı Bayraq" ordeni "İnqilabın Müdafiəçisi" medalı Buxara SSR İkinci dərəcəli "Qırmizi ulduz ordeni" Buxara SSR |
Həyatı
Fuad-Xan Talışinski 1896-cı il yanvar ayının 1-də Tiflis şəhərində Talış xanları nəslindən olan polkovnik Məmmədhəsən bəy Talışxanovun ailəsində anadan olmuşdur. Talış xanı Mir Mustafa xanın nəticəsidir. Atası Məmmədhəsən bəy Talışxanov cəbhədə həlak olduqdan sonra əmisi Mirkazım bəy Talışxanovun qəyyumluğuna keçmişdir.
Tiflis Kadet Korpusunu fərqlənmə diplomu ilə bitirmişdir. Çar Rusiyası ordusunda rotministr rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda (1918-1919) əvvəlcə 1-ci piyada Cavanşir alayının batalyon komandiri olmuşdur. Sonra isə 1-ci piyada diviziyasının komandanı general-mayor Cavad bəy Şıxlinskinin adyutantı kimi xidmət etmişdir.[2]
Sovet dövründə (1920-1930) Qızıl Orduda müxtəlif hərbi vəzifələrində çalışmışdır:
- 01 iyun 1920 - Birinci Azərbaycan Fəhlə və Kəndli Atıcı alayının əks-kəşfiyyat qrupunun rəhbəri.
- 01 iyul 1920 - Birinci Azərbaycan Fəhlə və Kəndli Atıcı alayının kəşfiyyat rəhbəri.
- 06 dekabr 1920-ci il - Gəncə rayon hərbi qeydiyyatı və qəbul idarəsinin hərbi rəisinin köməkçisi.
- 14 aprel 1921 - müvəqqəti divizion komandiri.
- 17 sentyabr 1921 - ASSR xüsusi donanma məktəbi rəisinin köməkçisi.
- 18 dekabr 1921 - birləşmiş hərbi komandanlıq məktəbinin rəhbəri və Buxara Sovet Sosialist Respublikası təlim briqadasının komissarı.
- 05 fevral 1922 - Buxara Sovet Sosialist Respublikası Qırmızı Ordusunun birləşdirilmiş hərbi komandanlıq kurslarının rəhbəri.
- 4 mart 1924 - Qafqaz Qırmızı Bayraq Ordusunun Azərbaycan Atıcı Diviziyasının 2-ci alayının qərargah rəisi.
- 1930 - Gəncə şəhərinin hərbi müfəttişliyində hərbi təlim müəllimi.
1920-ci illərdə Mərkəzi Asiyada xidmət etmiş, basmaçı hərəkatına qarşı mübarizədə fərqlənmişdir. Buxara Sovet Sosialist Respublikası tərəfindən müxtəlif orden və medallarla mükafatlandırılmışdır.[3] Qızıl Orduda polkovnik rütbəsinə qədər yüksəlmişdir. Sonuncu vəzifəsi 1930-cu ildə Gəncə şəhərinin hərbi müfəttişliyində hərbi təlim instrukturu olmuşdur.
Həbs olunması
1930-cu ildə Gəncə şəhərinin hərbi müfəttişliyində hərbi təlim instrukturu vəzifəsində çalışarkən həbs edilmişdir. Fuad-Xan Talışinski bir neçə maddə ilə ittiham edilmişdir. İrəli sürülən ittihamlardan heç birində özünü təqsirkar bilməmişdir. Talışinski "Azərbaycan Milli Mərkəzinin" üzvü olmaqda günahlandırılmışdır.[4] Azərbaycan Baş Siyasi İdarəsinin kollegiyası tərəfindən 1931-ci il sentyabrın 1-də çıxardığı qərar ilə güllələnməyə məhkum edilmişdir. Lakin 1932-ci il fevralın 8-də Zaqafqaziya Baş Siyasi İdarəsinin qərarı ilə cəzası yüngülləşdirilmiş və 5 il konsentrasiya düşərgəsində keçirməklə əvəz edilmişdir.
Caza müddəti bitdikdən sonra Gəncəyə qayıtmış, mühasibat uçotunu müstəqil şəkildə öyrənmiş və üç il Kirovabad (indiki Gəncə) meyvə-tərəvəz trestində baş mühasib vəzifəsində çalışmışdır. 1941-ci ildə Sovet rejiminin əleyhdarları ilə əlaqədə olmaq ittihamı ilə yenidən həbs edilmişdir. Məhkəmənin hökmündən sonra cəzasını Novokuybışevskdə (1941-ci ildən) çəkmişdir. Təxminən 1943-cü ildə həbsxanada vəfat etmişdir.[5]
Ailəsi
- Həyat yoldaşı - Lyudmila Vasiliyevna Nikolskaya, Gəncədə tanınmış həkimin qızı, Rus-yapon müharibəsinin iştirakçısı (06.06-08.06.1904 - Çıançjhaitsi kəndi yaxınlığında), tibb elmləri doktoru Vasili Matveyevich Nikolsky (1872-1914), Yelizavetpol hərbi xəstəxanasının baş həkimi.[6]
- Oğlu - Talışinski Həsən Fuad oglu (14 iyun 1920, Gəncə - 6 may 2020, Bakı), Böyük Vətən Müharibəsinin iştirakçısı, süvari dəstəsində xidmət etmiş, bir müddət Marşal Budyonnının cangüdəni olmuşdur. Stalinqrad və Kursk qövsü döyüşlərinin iştirakçısı olmuşdur. İki dəfə ağır yaralanmış və iki dəfə kontuziya almışdır. Müharibədən ikinci dərəcəli əlilliklə geri qayıtmışdır.[6]
Rütbələri
- Rotmistr
- Podpolkovnik
- Polkovnik
Mükafatları
- Azərbaycan SSR-nin fəxri proletar nişanı (Azərbaycan İnqilab Komitəsinin 24 avqust 1920-ci il tarixli qərarı ilə)
- Azərbaycan SSR Qırmızı Bayraq ordeni (AzRevkomun 4 noyabr 1921-ci il tarixli əmri ilə)
- Buxara SSR-ın "Basmaçlara qarşı mübarizəyə görə" nişanı
- "Basmaçlara qarşı amansız mübarizəyə görə" Mükafat qılıncı
- "İnqilabın Müdafiəçisi" medalı Buxara SSR
- Buxara SSR-ın ikinci dərəcəli Qırmızı Ulduz ordeni (24 sentyabr 1923-cü il tarixli Buxara MİK-nin 110 nömrəli qərarı ilə)
İstinadlar
- Исмаилов Э.Э. [(https://www.academia.edu/attachments/51659974/download_file?st=MTU5MzI2OTE1Nyw5Mi40Mi45LjM3&s=swp-splash-paper-cover) (https://www.academia.edu/attachments/51659974/download_file?st=MTU5MzI2OTE1Nyw5Mi40Mi45LjM3&s=swp-splash-paper-cover)] (#bad_url) (#bare_url_missing_title) // Генеалогия Талышинских-Талышхановых. Bakı. 2001. ISBN 5-87459-246-6 5874592466.
- Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920
- "Талышинский Мир-Фуад-Хан". 2020-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-01.
- Статья И. Умудлу "Азербайджанский национальный центр", напечатанная в газете "Зеркало" (Баку) №42 от 25 октября 1997.
- Статья Мелека Велизаде "Без права переписки…", опубликованная 26 сентября 2011 года на сайте InfoAz.EU
- "Талышинский Мир-Фуад-Хан". 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.