Frans Emil Sillanpaa
Frans Emil Sillanaa (fin Frans Eemil Sillanpää ⓘ; 16 sentyabr 1888[1][2][…] – 3 iyun 1964[1][2][…], Helsinki, Finlandiya) — fin yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1939).
Frans Emil Sillanpaa | |
---|---|
fin Frans Eemil Sillanpää | |
Doğum adı | Frans Eemil Sillanpää |
Doğum tarixi | 16 sentyabr 1888[1][2][…] |
Vəfat tarixi | 3 iyun 1964[1][2][…] (75 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, roman yazıçısı, şair |
Fəaliyyət illəri | 1916-cı ildən |
Əsərlərinin dili | fin dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fin romançısı Frans Emil Sillanpaa ölkənin cənub-qərbində, kəndli ailəsində doğulmuşdu. Fermer atası əski ənənəyə uyğun şəkildə yaşadığı yerin adını özünə soyad götürmüşdü. Sillanpaa soyadı belə yaranmışdı.
Ailələri nə qədər kasıb olsa da, Fransın Tamperedə oxuması üçün pul tapa bilmişdilər. O da öz növbəsində valideynlərinin ümidlərini doğrultmuş, hətta təhsilini Helsinki universitetində davam etdirməyə təqaüd qazanmışdı. Universitetdə biologiyanı öyrənir, gələcəkdə həkim olmaq istəyirdi. Helsinkidə yaşaması Fransa şəhərin ədəbi boheması ilə tanışlıq imkanı yaratmışdı. Kifayət qədər geniş mütaliəsi vardı. İbsen və Strindberq yaradıcılığını dərindən bilirdi. Bütünlükdə ədəbiyyat gənc Frans Sillanpaa üçün içərisinə düşdüyü mənəvi burulğanlardan yeganə xilas yolu idi. Sillanpaa tələbəlik dövründə qəzet və məcmuələrdə ilk hekayələrini çap etdirmiş və tezliklə fin oxucuları arasında populyarlıq qazanmışdı.
Yazıçı olmaq artıq həyat amalına çevrilmişdi. Universitetin bu məsələdə əngələ çevrildiyini hiss edən kimi o, çox da heyifsilənmədən təhsilin daşını atdı. Bir neçə il öyrəndiyi tibbi ədəbiyyat isə gələcəkdə bədii yaradıcılığına təsirsiz qalmadı. İri həcmli, epik xarakterli əsərlərə daha böyük üstünlük verən Sillanpaa "Həyat və günəş" adlı ilk romanını 1916-cı ildə çap etdirmişdi. Fin tənqidçisi L. Vilyanenin fikrincə, "ilk roman üçün bu əsər müstəsna dərəcədə gözəl idi".
Finlandiyanın dövlət müstəqilliyi qazandığı 1917-ci ildə Sillanpaanın "İnsan övladları həyatın axarında" adlı novellalar məcmuəsi çap olunmuşdu. Bunun ardınca müəllif ölkəsində yaranmış vəziyyətin dərin bədii təhlilini verən "Şərəfli yoxsulluq" (1919) romanını həmvətənlərinə təqdim etmişdi. Həmin dövrdəki fin yazıçılarından ilk dəfə Sillanpaa "ağlarla" "qırmızılar" arasındakı mübarizənin ölkənin və xalqın gələcəyi baxımından dəhşətli perspektivlər açdığını ibrətamiz, inandırıcı lövhələrlə əks etdirmişdi. Bu mənada Finlandiyanın vətəndaş müharibəsi girdabına yuvarlanmamasında Sillanpaanın da müəyyən xidmətləri vardı. Məhz buna görə də fin hökuməti 1920-ci ildə yazıçıya ömürlük təqaüd təyin etmişdi.
"Xilty və Raqnar" (1923), "Mələklərin qanadı altında" (1923), "Dağlarda ev" (1925), "Bu anlar üçün şükür sənə, İlahi!" (1928), kimi novellalar məcmuələri Sillanpaanı təkcə vətənində deyil, bütün Skandinaviyada tanıtmışdı. "Gəncliyində haqqa qovuşan" (1931) romanı isə fin yazıçısının şöhrətini bütün Avropaya yaymışdı. Bu əsərdə içərisində yaşadığı eybəcər mühitlə tam dissonans təşkil edən, əsil-nəcabətli, lakin yoxsullaşmış ailədən çıxan gənc və tənha qızın sakit ölümü təsvir olunurdu. Tənqidçilər romanı yalnız humanist mahiyyətinə deyil, həm də dil və üslubunun gözəlliyinə görə yüksək qiymətləndirmişdilər.
Bu romanla eyni vaxtda yazıçı başqa bir epik əsəri – "Kişinin yolu" (1932) epopeyası üzərində işini tamamlamışdı. Fin ədəbiyyatşünasları epik siqləti və insan xarakterləri ilə zənginliyi baxımından həmin epopeyanı Dikkensin romanları ilə müqayisə edirdilər. Nəhayət, "Yay gecəsində adamlar" (1934) Sillanpaa yaradıcılığının mühüm yekunu kimi qəbul olunur. Formasının yayğınlığına və yüksək emosionallığına görə bəzən həmin əsəri mənsur poema da adlandırırlar. İkinci Dünya müharibəsinin başlanması, SSRİ-nin kiçik Finlandiya ilə savaşı, nəhayət, uzun illər birlikdə yaşadıqları və 8 övlad böyütdükləri arvadının vəfatı 1939-cu ildə Sillanpaanın dərin mənəvi böhran keçirməsi ilə nəticələnmişdi. Yazıçı nicat yolunu ikinci dəfə evlənməkdə görsə də, yeni nikahı uğursuz olmuşdu.
Həyatının məhz belə çətin, ziddiyyətli dövründə fin yazıçısı Stokholmdan Nobel mükafatı qazanması xəbərini almışdı. Mükafat ona "fin kəndlilərinin həyatına dərindən nüfuz etməsinə, onların adət-ənənələrini, təbiətlə əlaqələrini son dərəcə gözəl canlandırmasına görə" verilmişdi. Avropa müharibə içərisində olduğundan hər hansı mərasim keçirilməmişdi. İlk fin laureatının diplomu və medalı İsveç Akademiyasının adi iclaslarından birində təqdim edilmişdi. Akademiya üzvləri adından çıxış edən Per Xalstryom fin yazıçısına üz tutaraq: "Biz təkcə sizinlə deyil, sizin xalqınızla da fəxr edirik", – demişdi.
30-cu illərin ortalarından etibarən Sillanpaada əqli və emosional böhran əlamətləri özünü göstərməyə başlamışdı. Yazıçı qorxu və dəhşət içərisində yaradıcılıq ehtirasının, yazmaq istəyinin tədricən yoxa çıxdığını görürdü. Məlhəmə çevriləcəyi düşünülən Nobel mükafatı müharibənin daha da dərinləşdirdiyi bu prosesin qarşısını ala bilməmişdi. 1940–1943-cü illərdə psixiatriya klinikasında müalicə olunan Sillanpaa bədbin ruhlu "Avqust" (1941), "İnsan həyatının gözəllik və iztirabları" (1945) kitablarını yazmış, nəhayət, üç cildlik xatirələrini tamamlamışdı.
Həyatının son illərində bu uca boylu, daz başlı, uzun saqqallı, içki aludəsi olan qoca millətin sevimlisinə çevrilmiş və Baba təxəllüsü qazanmışdı. O, fin ədəbiyyatının XX əsrdəki ən görkəmli nümayəndəsi kimi öz ölkəsində və Finlandiya hüdudları xaricində bizim günlərdə də kifayət qədər populyardır.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Frans Eemil Sillanpaa // Encyclopædia Britannica (ing.).
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.