Flavio Biondo

Flavio Biondo (latınca Flavius Blondus) — (1392–4 iyun 1463) italyan İntibah dövrünün humanist tarixçisidir.[6] O, tarixin üç dövr (qədim, orta əsr, müasir) bölgüsündən istifadə edən ilk tarixçilərdən biri olub və ilk arxeoloqlardan biri kimi tanınır. Romanya bölgəsindəki paytaxt Forli şəhərində anadan olan Flavio kiçik yaşlarından yaxşı təhsil almışdı. Qısa müddət ərzində Milanda yaşadığı dövrdə o, Siseronun "Brut" dialoqunun unikal əlyazmasını aşkar edərək köçürmüşdür. 1433-cü ildə Romaya köçən Biondo burada yazıçılıq fəaliyyətinə başlayır; 1444-cü ildə IV Yevgeninin rəhbərliyi altında Dəftərxana katibliyinə təyin edilir və onu Ferrara, eləcə də Florensiyada sürgündə olarkən də müşayiət etmişdir. IV Yevgeninin ölümündən sonra Flavio papanın varisləri V Nikolay, III Kallikst və humanist II Piyin də katibliyini etmişdir.

Flavio Biondo
lat. Flavius Blondus
Doğum tarixi 1388[1], ən tezi noyabr 1392ən geci 1 dekabr 1392[2] və ya 1392[3]
Doğum yeri
Vəfat tarixi 4 iyun 1463[1][5][…]
Vəfat yeri
Fəaliyyəti tarixçi, arxeoloq, coğrafiyaşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxeoloji əsərləri

Flavio qədim Romanın xarabalıqları və topoqrafiyası haqqında sistematik və sənədləşdirilmiş üç ensiklopedik əsər nəşr etdirmişdir ki, məhz bu səbəbdən o ilk arxeoloqlardan biri kimi tanınmışdır. Sonrakı tarixçilər Flavio və onun yaşlı müasiri Poggio Brassiolini tərəfindən qoyulmuş təməllər üzərində tarixi öyrənmişlər. O dövrdə qədim Roma xarabalıqları böyük ərazini əhatə edirdi və öyrənilməmişdi. 1420-ci ildə Brassiolini Kapitolini ziyarət edən zaman yalnız boş tarlaları görmüşdü. Eroziyaya uğramış torpağın altında qalmış Forumda inəklər və donuzlar otarılırdı. Flavio və onun humanist yoldaşı Leon Battista Alberti Romanın memarlığını, topoqrafiyasını və tarixini araşdırmağa və sənədləşdirməyə başladılar və bu müddətdə Romanın keçmiş şöhrəti haqqında təsəvvürləri canlandırdılar.

Flavionun ilk əsəri qədim Roma topoqrafiyasının yenidən qurulmasına həsr olunan "De Roma instaurata" (Roma bərpa edildi, 3 cild, 1444–1448) idi. Bu, qalan xarabalıqlara əsaslanaraq, əvvəllər Romanın necə göründüyünü yenidən canlandırmaqla Romanı əvvəlki əzəmət zirvələrinə qaytarmaq üçün çox təsirli, humanist baxışlarla yazılmış əsər idi. Bu əsər Roma xarabalıqları və ya əslində hər hansı bir qədim xarabalıq haqqında ilk sistemli və yaxşı sənədləşdirilmiş bələdçi kitabı idi.

İkinci əsər müasir hökumət və hərbi islahatlar üçün bir model olan bütpərəst Roma haqqında məşhur "De Roma triumphante" ("Müzəffər Roma", 1479) adlanırdı.[7] Kitab papalığı Roma İmperiyasının davamı kimi təqdim etməklə yanaşı, Roma vətənpərvərliyinin və qədim Romaya hörmətin canlanmasında çox təsirli olmuşdur.

Tarixi əsərləri

Biondonun ən böyük əsərləri "Italia illustrata" ("İşıqlandırılmış İtaliya", 1448–1458-ci illərdə yazılmış, 1474-cü ildə nəşr olunmuş) və "Historiarum ab inclinatione Romanorum imperii decades"dir (Roma İmperiyasının Dağılmasının Onilliklər Tarixi, 1439-cu ildən 1453-cü illərdə yazılmış, 1483-cü ildə nəşr olunmuşdur).

Italia illustrata (1474) müəllifin şəxsi səyahətlərinə və İtaliyanın on dörd bölgəsinin tarixinə əsaslanan coğrafi əsərdir. Diqqətlərini sadəcə bəzi regionlara yönləndirmiş orta əsr coğrafiyaçılarından fərqli olaraq, Biondo, Strabonu əsas götürərək, İtaliyanın bütün yarımadanı əhatə etməsi ideyasını bərpa etdi. Topoqrafiya vasitəsilə o, antik dövrü müasir dövrlə, hər bir yerin təsviri, toponiminin etimologiyası və zamanla dəyişməsi, hər bir məkanla bağlı mühüm hadisələrin konspekti ilə əlaqələndirmək niyyətində idi. Bu ilk tarixi coğrafiya Roma Respublikası və İmperiyasından və Böyük Karlın, eləcə də onun xələfləri olan Müqəddəs Roma İmperatorlarının təhlilindən başlayır. O, XV əsrin birinci yarısında klassiklərin humanist dirçəlişi və bərpasının gözəl təsvirini verir.

Flavionun ən böyük əsəri, 410-cu ildə vestqotlar tərəfindən Romanın talan edilməsindən müasir İtaliyaya (1442) qədər olan dövrü əhatə edən və otuz iki kitabdan ibarət Avropa tarixini əks etdirən "Historiarum ab Inclinatione Romanorum Imperii" (Venesiya, 1483) əsəridir. Yalnız ən etibarlı və ilkin mənbələrdən istifadə edərək, Biondo üç mərhələli tarixi çərçivədən istifadə etmişdir. Leonardo Bruni Biondonun əsəri ilə təxminən eyni vaxtda yazılmış "Florensiya xalqının tarixi" kitabında da üç mərhələli tarixi çərçivədən istifadə etmişdir.

Həmçinin bax

Mənbələr

  • Repertorium Blondianum [1]
  • Rome Restored, Edited by Fabio Della Schiava and William McCuaig, English translation, To be announced.
  • "Flavio Biondo". In Encyclopædia Britannica Online.
  • "Flavio Biondo" in Catholic Encyclopedia (1907).
  • Castner, Catherine J. (ed., trans., comm.). Biondo Flavio's Italia illustrata: Text, translation, and commentary. Vol. I: Northern Italy. (Binghamton, NY: Global Academic Publishing, 2005).
  • J. A. White (ed., trans.), Biondo Flavio, Italy Illuminated. Vol. 1: Books I–IV, I Tatti Renaissance Library 20 (Cambridge, MA: Harvard University Press, 2005) and Italy Illuminated. Vol. 2: Books V–VIII, I Tatti Renaissance Library 75 (Cambridge, MA: Harvard University Press, 2016)
  • F. Della Schiava (ed.), Blondus Flavius, "Roma instaurata". Vol. 1, Edizione Nazionale delle Opere di Biondo Flavio, 7 (Roma: Istituto Storico Italiano per il Medioevo, 2020)

İstinadlar

  1. Fubini R. BIONDO Flavio // Dizionario Biografico degli Italiani (it.). 1968. Vol. 10.
  2. BNE authority file.
  3. BeWeB.
  4. Бьондо Флавио // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  6. Angelo Mazzocco. A New Sense of the Past: The Scholarship of Biondo Flavio (1392–1463). Leuven University Press. 2016. ISBN 978-9462700482.
  7. Frances Muecke; Maurizio Campanelli. The invention of Rome: Biondo Flavio's Roma Triumphans and its Worlds. Librairie Droz S.A. 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.