Firudin bəy Aslanbəyovun evi

Firudin bəy Aslanbəyovun eviAğdamın Quzanlı qəsəbəsində təxminən 1895 - 2019-cu illərdə mövcud olmuş tarixi ev.

Firudin bəyin evi

Evi tikdirən Əmiraslan bəyin doqquzuncu oğlu Firudin bəy 1863-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Sarıcalı-Quzanlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl mülkünü idarə etməklə güzəran keçirirdi.

Firudin bəyin Quzanlı kəndində ikimərtəbəli evi vardı. Təəssüflər olsun ki, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva küçəsində bişmiş qırmızı kərpicdən tikilmiş ikimərtəbəli hündür və yaraşıqlı otaqları olan bir bina baxımsız və sahibsiz qaldığından uçmaq təhlükəsi ilə üzləşib. Binanın döşəmələri palıd ağacındandır. Qədim sobanın heç qiyməti yoxdur. Deyilənə görə, iki əsrə yaxın tarixi olan bu möhtəşəm və əzəmətli binanı Qarabağın tanınmış, adlı-sanlı bəylərindən olan Firudin bəy tikdirib.

Qəsəbə sakini - 76 yaşlı Zeynal Həsənov deyir ki, gözümü açıb bu binanı belə möhtəşəm görmüşəm: "Bu mülkün əzəli sahibi Firudin bəy xeyriyyəçi adam olub, xalq üçün vaxtında çox iş görüb. Quzanlıda Firudin bəyin şəxsi pulları hesabına kəhrizlər qurulub, suvarma sahələri üçün əlavə su ehtiyatları aşkarlanıb. İndi o kəhrizlər də fələyin güdazına gedib. Torpaq üstünü örtüb. Məncə, bu kəhrizləri yenidən diriltmək olar. Torpaq adamlar kimi zalım deyil. Sadəcə, suyun gözünü tutmuş torpağı qazıb kənara atmaq lazımdır. Onda altındakı xəzinəni görəcəksən".

75 yaşlı sakin Maqsud Quliyev isə söylədi ki, Firudin bəylə Səməd bəy iki qardaş olublar: " İki qardaş həmin bu ikimərtəbəli binada yaşayıblar. Bu binanın tarixi təxminən, 1895-ci ilə gedib çıxır, qırmızı kərpicdən tikilib. Binanın içindəki divar sobası olduqca gözəldir. Bir sözlə, tarixi tikili gözəlliyi ilə yadda qalan bina olsa da, bu günə kimi baxımsız qalıb. 1930-cu ildən 1961-ci ilə kimi həmin bu bina kolxozun idarəsi olub. 1961-1986-ci illərə kimi Quzanlı kənd xəstəxanası kimi fəaliyyət göstərib. Binanın heç bir yerində çat yoxdur. Dəfələrlə qəsəbədə yeraltı təkanlar olub. Çox yaşayış evlərinin divarları çat versə də, bu binaya heç nə olmayıb, elə olduğu kimi də qalıb. Bina iki mərtəbədən ibarət olmaqla 4 alt və 4 üst böyük, hündür, yaraşıqlı otaqları var. Həyəti də böyükdür. Su quyusu var ki, suyu öz-özünə çıxır. Az bir vəsaitlə həmin binanı təmir edib, istifadəyə vermək olar.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.