Firudin Səfərov
Firudin Səttar oğlu Səfərov (d. 1 avqust 1933) — Azərbaycan Respublikasının xalq artisti (1992).[1]
Firudin Səfərov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Fəaliyyəti | Rejissor |
Mükafatları |
Həyatı
Səfərov Firudin Səttar oğlu (01.08.1933) 1 avqust 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil almış, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır. 1968-ci ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirmişdir.
1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik olduğunu göstərə bilmişdir. O, bir çox opera tamaşalarına quruluş vermiş, teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanmışdır. Respublikamızda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin hazırlanması Firudin Səfərova həvalə olunmuşdur.
Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor 1977-ci ildə A.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilmişdir. F.Səfərov bu günə qədər teatrın baş rejissoru vəzifəsində uğurla çalışır. Bu illər ərzində o, 60-a yaxın opera tamaşalarına, o cümlədən P.İ.Çaykovskinin "Qaratoxmaq qadın", "İolanta", Q.Donisettinin "Sevgi şərbəti", C.Verdinin "Traviata", "Riqoletto", "Trubadur", C.Rossininin "Sevilya bərbəri", S.Prokofyevin "Odlu mələk" və başqa tamaşalara maraqlı səhnə həlli vermişdir.
O, Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu rejissoru olmuş, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil etmişdir.
Firudin Səfərov hətta ölkədən kənarda çalışdığı vaxtlarda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Koroğlu", müasir türk bəstəkarı Nevit Kodallının "Van Qoq" və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun "Natəvan" operalarına quruluş vermişdir.
Sənətçinin peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyükdür. O, uzun illərdir ki, Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı fakültəsində bu istiqamətdə səmərəli iş aparır. Bir çox gənc vokalçılar ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atmış, böyük səhnədə öz istedadlarını nümayiş etdirə bilmişdir. Firudin Səfərov 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professorudur.
1981-ci ildə A.Petrovun "Birinci Pyotr" operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür.
O, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.