Firudin Əliyev

Firudin Əli oğlu Əliyev (2 fevral 1936, Yanıqlı, Tovuz rayonu11 sentyabr 1983, Moskva) — Azərbaycan neft mühəndisi, dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9–10-cu çağırış deputatı.

Firudin Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
16 fevral 1983 11 sentyabr 1983
Birinci katibKamran Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1936(1936-02-02)
Doğum yeri
Vəfat tarixi 11 sentyabr 1983(1983-09-11) (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

Firudin Əli oğlu Əliyev 1936-cı il fevralın 2-də Tovuz rayonunun Yanıqlı kəndində doğulmuşdur. 1953-cü ildə Tovuz şəhər orta məktəbini bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1958-ci ildə institutu bitirdikdən sonra neft sənayesi sahəsində operator, quyuların yeraltı təmiri ustası, "Əzizbəyovneft" mədən idarəsinin şöbə rəisi, "Azneft" Birliyi Neftçıxarma İdarəsinin böyük mühəndisi vəzifələrində çalışmışdır.[1]

1966-cı ildə Firudin Əliyev "Azərneftsənayemaş" Birliyi xüsusi konstruktor bürosunun baş mühəndisi təyin edilmiş, 1972–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1975-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kimya və neft sənayesi şöbəsinin müdiri təsdiq edilmişdir. 1983-cü ilin fevral ayında Azərbaycan KP MK bürosunun üzvü və MK katibi seçilmişdir.[1]

Firudin Əliyev 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. 9-cu10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və Azərbaycan SSR Ali Soveti sənaye komissiyasının üzvü olmuşdur.[2] Azərbaycan Kommunist Partiyasının 29 və 30-cu qurultaylarında Firudin Əliyev Azərbaycan KP MK tərkibinə seçilmişdir. O, "Qırmızı əmək bayrağı" ordeniSSRİ medalları ilə təltif edilmişdir.[1]

Firudin Əliyev 11 sentyabr 1983-cü ildə vəfat etmişdir.[1] Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]

İstinadlar

  1. Фирудин Әли оғлу Әлијев // Коммунист. № 211 (18444). 13 сентјабр 1983-ҹү ил. С. 2.
  2. Әлијев Фирудин Әли оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 143.
  3. Əliyev Firudin Əli oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 57.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.