Firidun Şuşinski

Firudin Şuşinski (doğum adı: Firidun Məhəmməd oğlu Həsənov; 20 oktyabr 1925, Şuşa, DQMV25 oktyabr 1997, Bakı) — Azərbaycan və sovet musiqişünası və tədqiqatçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). 400-dən çox məqalə və oçerk müəllifidir.[1]. Alim əlli illik bir tədqiqat dövrü ərzində kitablarını, məqalələrini Həsənov, Şuşinski, Şuşalı təxəllüsü ilə imzalamışdır.[2]

Firudin Şuşinski
Firidun Məhəmməd oğlu Həsənov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
İxtisası tarix, musiqişünaslıq
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyəti Musiqişünas
Tanınır Şuşa şəhərinin və Azərbaycan xalq musiqilərinin tədqiqatçısı kimi
Mükafatları
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989
"İgidliyə görə" medalı

Həyatı

Firudin Mahmud oğlu Həsənov 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olmuşdur.[3] Şuşinskinin atası Firudin bəy Köçərlinin dostu idi və oğluna onun adını qoymuşdu.[2] F. Şuşinski ilk təhsilini Şuşada almışdır. 1931-ci ildə Şuşinski Şuşa musiqi məktəbində skripka dərsləri almağa başlamışdır.[2] Şuşa pedaqoji məktəbini bitirdikdən sonra dörd ay boyunca dərs dediyi Malıbəyli kəndindəki məktəbə müəllim göndərilmişdir. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdır. General Pavel Batovun komandanlığı altında Kursk döyüşündə iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[4][5].

Müharibədən qayıtdıqdan sonra bir müddət Ağdam şəhərində məktəbdə ədəbiyyat müəllimi işləmişdir. 1946-cı ildə ali təhsil almaq üçün Bakıya gəlir. Şuşinski Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olur və oranı müvəffəqiyyətlə bitirir. Məzun olduqdan sonra Bakıdakı 45 və 61 nömrəli məktəblərdə tarix müəllimi kimi çalışmışdır.[4] Şuşinski musiqi tariximizin tədqiqatın da qiymətli əsərlərin müəllifidir.

Firudin Şuşinski 1997-ci il oktyabrın 25-də vəfat etmişdir. Öz vəsiyyətinə uyğun olaraq Bərdə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[3]

Elmi fəaliyyəti

Doğma Qarabağının tarixini ciddi şəkildə öyrənmək məqsədi ilə Firudin Şuşinski arxivlərdə çox vaxt keçirirdi. 1948-ci ildə Səməd Vurğun Şuşinskiyə "Vaqif və Qarabağ" mövzusunda material hazırlamağı tapşırdı. Bu məqalə Şuşinskinin ilk nəşr olunmuş əsəri idi.[4]

Şuşinski, o illərdə kəskin tənqid olunmasına baxmayaraq Nəriman Nərimanovun tərcümeyi-halı ilə də maraqlanırdı.

1968-ci ildə Firudin Şuşinskinin doğulduğu Şuşanın tarixinə və məşhur şəxsiyyətlərinə həsr olunmuş "Şuşa" kitabı nəşr olundu.[3]. 70-ci illərdə Şuşinski Azərbaycan xalq musiqiçilərinin tərcümeyi-hallarının öyrənilməsi ilə məşğul olurdu. Bir-birinin ardınca onun Cabbar QaryağdıSeyid Şuşinski haqqında kitabları nəşr olundu.[4] 1979-cu ildə onun "Azərbaycanın xalq müğənniləri və musiqiçiləri" kitabı Moskvada işıq üzü gördü.[6]. 2007-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşəbbüsü ilə Şuşinskinin topladığı materiallar əsasında tarzən Mirzə Sadıxın həyat və yaradıcılığına həsr olunmuş "Sadıxcan" kitabı nəşr olunmuşdur.[1].

"Şuşa" kitabı

Şuşinski 1968-ci ildə nəşr etdirdiyi "Şuşa" kitabında şəhərin tarixini araşdırmışdır. Əsər çox böyük səs-küyə səbəb olmuş, Şuşinski ermənilər tərəfindən millətçilikdə ittiham olunmuşdur. Çünki müəllif şəhər haqda erməni müəlliflər tərəfindən uydurulmayan, həqiqi tarixi açıb göstərmişdir.

Şuşa kitabının rus dilində nəşrindən sonra Şuşinski xatirələrində yazırdı:

" "Şuşa" kitabı üzündən nələri yaşamaq məcburiyyətində qalmadım?! Sonra ermənilərin mənə qarşı düşmən münasibəti üzündən bütöv üç il Şuşaya gedə bilmədim. Küçələrdə mənə hər tərəfdən daşlar atılırdı. Qapılarımı və pəncərələrimi neçə dəfə qırdılar, telefonun telini kəsdilər. Bir neçə dəfə mənim həyatıma qarşı sui-qəsdi cəhdi oldu. O dövrdə Ermənistanın Zəngibasar bölgəsində yaşayan azərbaycanlılar mənə bir məktub yazdılar ki, "başımı kəsmək üçün 6 milyon rubl (indi təxminən 6 milyon dollar) mükafat qoyulmuşdu. Bütün erməni qəzet və jurnalları , "Pioner" qəzetindən başlayaraq "Kommunist" qəzeti ilə sona çatan bütün dövri nəşrlər mənə qarşı əsl hücum təşkil etdilər. Məni erməni xalqının and içmiş düşməni kimi təqdim edərək böhtan və şər ataraq mənə qarşı əsl təqiblər təşkil etdilər[2] "

Şuşinskiyə hətta uzaq Beyrutdan da oxşar hücumlar təşkil edildi. Orada nəşr olunan "Hayastan" qəzeti kitabın müəllifini təhqir etmək üçün Ermənistandakı soydaşları ilə rəqabət aparmaq qərarına gəlmişdi. Kitab daşnakların və onların silahdaşlarının sərt reaksiyasına səbəb oldu, çünki müəllif, Andranikin şərəf və ləyaqətini təhqir etdiyi və bununla da xalqların dostluğuna xələl gətirməkdə ittiham olunurdu. "Şuşa" kitabı səbəbindən bir müddət müəllifin əsərlərinin nəşrinə qadağa qoyuldu.[2]

Ancaq daha maraqlısı "Şuşa" kitabının Azərbaycanda da birmənalı qarşılanmamasıdır. Moskvanın təkidi ilə bu sual Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürounda qaldırıldı. Altı saatdan çox davam edən Büro iclasında çıxış edənlər, tərəddüd etmədən, gənc tədqiqatçını "burjua millətçisi", "xalqlar dostluğunun düşməni" və s. ittiham etmişdilər.[2]

Şuşinski barədə xatirələr

Firidun bəyin yeganə oğlu Məhəmməd Həsənovun dediyinə görə, "Onun ulu babası Motal Alı Türkiyənin Anadolu bölgəsinin Söyüdlü oymağından olmuşdur. Motal Alının bu ayama ilə çağrılmasının qəribə səbəbi varmış: o, qızıllarını motala yığar və evin bir küncünə atarmış ki, görənlər onun axtarma motal olduğunu zənn etsinlər.

Bir gün Alı kişi Tiflisdə Rəxşəndə adlı bir qıza vurulur. Anadoluda yaşadığına görə qızı ona vermək istəmirlər. Naəlac qalan Alı Rəxşəndəyə olan sevgisinə görə Anadoludan köçməyə məcbur olur.

Alı kişinin Rəxşəndədən Cəfər, Qəfər və Səfər adında üç oğlu doğulur. Bunlardan biri Tiflisdə, o biri Şuşada yurd salır. Digəri isə tərəkəməlik edir.

Tədqiqatçının oğlu danışır ki, Cəfərin nəslindən olan babam Məhəmməd Firidun bəyin atasıdır: Məhəmməd kişi Qarabağın sayılıb – seçilən zəngin şəxslərindən olduğu üçün ona "Qızıllı Məhəmməd" deyərmişlər. Nənəm Səyyarə xanım isə Cavanşirlər (İbrahim xan) nəslindəndir.

Firidun bəy məhz belə əsil – nəsilli ailədə böyüyüb tərbiyə almışdır.

Şuşada ticarət və sənətkarlıq inkişaf etsə də, bu şəhər Zaqafqaziyada dini mərkəz kimi tanınsa da, o, daha çox musiqiçilərin vətəni kimi məşhur idi. Təsadüfi deyil ki, Şuşanı "Qafqazın konservatoriyası" adlandıranda bu şəhərdə doğulan məşhur bəstəkarlar, ifaçılar, xanəndələr nəzərdə tutulur.

Körpəliyindən evlərində musiqi səsi eşidən, ustad sənətkarları böyük həvəslə dinləyən Firidun bəyin musiqiyə məhəbbəti daha da artırdı. Deyilənlərə görə, o, bəzi tay – tuşlarından ayrılıb özünü sakit bir yerə verər, ağac budağını sinəsinə sıxıb "dınqıldadar" və pəsdən Cabbar əminin oxuduğu muğamların sözlərini zümzümə edərdi. Görünür, həmin vaxtlardan da muğam ifaçılığının korifeyi Cabbar Qaryağdı oğluna hədsiz məhəbbəti qəlbinə hakim kəsilmişdi. Lakin o hələ bilmirdi ki, qəlbini fəth etmiş bu böyük sənətkarlar haqqında neçə – neçə məqalə və kitablar nəşr etdirəcək…

Oğlunda musiqiyə hədsiz sevgi görən Məhəmməd kişi 1931-ci ildə Firidunu Şuşa musiqi məktəbində təhsil almağa qoyur. Üç il burada təhsil alandan sonra yüksək musiqi istedadına baxmayaraq orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Hələ universitetin II kurs tələbəsi olarkən SSRI Ali məktəb və elmi müəssisə işçiləri ittifaqının Azərbaycan Respublika komitəsi, Bakı şəhəri ali məktəb tələbələrinin II ümumşəhər elmi konfransında iştirak edir. Həmin konfransda Azərbaycan EA-nın akademikləri, professorları iştirak edirdilər. Konfrans qarşısında tələbələr bölmə rəhbərlərinin nəzarəti altında arxiv materiallarından, bədii ədəbiyyatdan və müxtəlif elmi məcmuələrdən istifadə edərək seçilən mövzular ətrafında mükəmməl məruzələr hazırlamışdılar.

Konfransda 78 məruzə oxunur. Həmin mövzular arasında yalnız F. Şuşinskinin "Vaqif dövlət xadimi kimi" mövzusu I mükafata layiq görülür.

Bu məqalə sonralar müəllifin ilk mətbu yazısı olur.

Tələbəlik illərindən Firidun bəy öz fenomen yaddaşını ictimai elmlərin dərindən mənimsənilməsinə sərf edirdi. O hələ I kursdan tarix, fəlsəfə, ədəbiyyat xüsusilə klassik və aşıq ədəbiyyatını öyrənməklə yanaşı, … H. Heynenin təbirincə desək, "incəsənətin son sözü" olan muğamların yaranması, ifaçıları haqqında maraqlı məlumatlar toplayırdı. O, ölkəmizin şəhərlərini, obalarını qarış-qarış gəzib unudulmuş muğam ifacıları haqqında qələmə alacaq yazılarına yeni-yeni materiallar yığırdı.

F. Şuşinski üçün aşkarlanması mümkün olmayan heç nə yox idi. O nəyin bahasına olur-olsun öz inadkarlığı nəticəsində günlərlə, aylarla, bəzən də illərlə axtarışlar aparmağa özündə güc tapırdı. F. Şuşinski çox zaman çətin və bəzən də həyatı bahasına başa gələcək məqsədinə nail olmaq üçün ağır maneələri keçməkdən belə ehtiyat etmirdi. Məhz bu cür "tərsliyin" nəticəsi idi ki, universitetdə oxuyan zaman onlara mühazirə deyən tarixçi-professordan Azərbaycanın Dövlət xadimi Nəriman Nərimanovun unudulmasının səbəbini soruşur. Nəriman Nərimanovun adının çəkilməsi qəti qadağan olunduğu vaxtda F. Şuşinskinin bu sualı professoru çıxılmaz vəziyyətə salır. Tələbənin verdiyi suala nəinki mühazirə deyən professor, hətta universitetdə müraciət olunan hər bir şəxs cavab verməkdən boyun qaçırırdı. Sualına cavab tapmayan 25 yaşlı tələbə 25 noyabr 1950-ci il tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi M. C. Bağırova məzmunda məktub yazmaq qərarına gəlir".

Əsərləri

  • Певец любви. — Лит. Азербайджан 1966 № 6, с. 109–111. Об азерб. народном певце-ханенде XIX в. Саттарe.
  • Сеид Шушинский. Нар. артист Аз. ССР. — Баку, 1966. 111 с. с ил.: 1 л. портр. 3000 экз. 67 к. На азерб. яз.
  • Жемчужина нашей музыкальной культуры. Лит. Азербайджан, 1967, № 4, с. 119–123 с портр. К творческой биографии азерб. нар. певца Д. Карягды-оглы.
  • Родина талантов. — В кн.: Шушинский Ф. Шуша. — Баку, Азерб. гос. изд-во, 1968, с. 98–131 с портр. Об азербайджанских музыкантах, выходцах из г. Шуша.
  • Волшебное искусство. — "Лит. Азербайджан", 1968, № 6, с. 152–154 с портр. О таристе-виртуозе Курбане Примове (1880–1965).
  • Свечение таланта. К 80-летию со дня рождения А. Оганезашвили. — "Лит. Азербайджан", 1969, № 7, с. 153–156
  • Народные музыканты Азербайджана. [Вступит. статья М. Ибрагимова]. — Баку, "Азернешр", 1970. 363 с. с ил. На азерб. яз. 35 000 экз.
  • Шушинский Ф. Народные певцы и музыканты Азербайджана. М.: Советский композитор. 1979, 200 c.

İstinadlar

  1. Firudin Şuşinskinin Sadıqcan haqqında tədqiqatları işıq üzü gördü // Хalq qəzeti. 2008. 24 may.
  2. "Фирудин Шушинский – 90: Вехи славной жизни уникального ученого-исследователя" (Russian). Trend News Agency. 20 October 2015. 20 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2015.
  3. Çəmənli M. Bu işıqlı dünyada… // 525-ci qəzet. 2013. 25 noyabr.
  4. Unudulmaz Firidun Şuşinski // news.milli.az. 2012. 9 avqust.
  5. "Фирудин Шушинский – 90: Вехи славной жизни — ФОТО". 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-25.
  6. Шушинский Ф. Народные певцы и музыканты Азербайджана. М.: Советский композитор. 1979.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.