Firudin İbrahimi

Firudin Qəni oğlu İbrahimi (21 noyabr 1919, Astara, Gilan ostanı1947, Təbriz) — dövlət xadimi, natiq və publisist, Azərbaycan Demokrat Firqəsi (3 sentyabr 1945) Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945 - 1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru[1][2].

Firudin İbrahimi
Şəxsi məlumatlar
Doğum tarixi 21 noyabr 1919(1919-11-21)
Doğum yeri
Vəfat tarixi 1947
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Partiya
Təhsili
Fəaliyyəti vəkil, siyasətçi

Həyatı

Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olan İbrahimi Firudin Qəni oğlu 1918-ci ildə noyabr ayının 21-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur.[3]

O, 1943-cü ildən İran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəri nov" ("Təzə xəbər") qəzetinin redaktoru olmuşdur.

1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilmişdir. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur[4]. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir. O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri idi. "Ettelat", "Aljir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmamazlıqlarını ifşa edən publisistik məqalələr yazmışdı.

1946-cı ilin dekabr ayında Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra F.İbrahimini həbs etdilər. F.İbrahimini 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin "Gülüstan" bağı"nda dar ağacından asdılar[5].

Həkim Azəri Fərhadın və mühəndis Ələkbəri Ələddinin gördükləri və dediklərindən:

"1947-ci ilin may aynın 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali "Gülüstan bağı"na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar (digər inqibalçıların hamısını Təbriz şəhərinin "Saat qabağı" adlanan yerində dar ağaçından asırdılar). "Gülüstan bağı" şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin Ibrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər F.İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum ctmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F.İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: "Mənim əzizlərim, həmvətənlilərim, səbir edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!" Cəlladlar qorxularından F.İbrahimini dərhal edam etdilər."

Xalq yazıçısı Mirzə İbrahimovun "Gələcək gün" romanında və şairə Mədinə Gülgünün "Firudin" poemasında Firudin İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı qeyd olunmuşdu.

Təhsil və universitet fəaliyyəti

Firudin İbrahimi, Tehran Universitetinin Hüquq Fakültəsində təhsil aldığı 1941-ci ildə İranın Tüdə Partiyasının üzvləri sırasına qoşulur. O, öz siyasi və ədəbi fəaliyyətini, universitetə girdiyi ilin əvvəllərindən başlamış və az müddətdə siyasi məqalələri yazmağa başlamışdır. Böyük inqilabçı Seyid Cəfər Pişəvərinin tərəfindən 1943-cü ildə “Ajir qəzeti Arxivləşdirilib 2016-11-17 at the Wayback Machine[6]” təsis olunduqdan sonra həmin qəzetlə əməkdaşlığa başlamış və həmin ildə qəzetin idarə heyətinin üzvlüyünə seçilmişdir. O, öz məqalələrində imperializmi və ölkə daxili satqınlarını ifşa edirdi. O, Ajir qəzeti ilə əməkdaşlıq və fəaliyyət etməsi ilə yanaşı İranın Tüdə Partiyasının nəşr etdiyi qəzet və jurnallarına məqalələr yazırdı. Bu dönəmdə Firudin İbrahiminin yazdığı məqalələr İranın Tüdə Partiyasının partiyanın rəsmi qəzeti olan “Rəhbər qəzetində”, antifaşist qəzet olan “Mərdum qəzetində” və İranın Fəhlələr Birliyinin Mərkəzi Birləşik Şurasınınrəsmi qəzeti olan “Zəfərdə” və sair mütərəqqi qəzetlərində çap olunurdu. Həmçinin, Firudin İbrahimi İran Azərbaycanında da “Yeni Şərq”, “Azərbaycan qəzetlər” və sair demokratik nəşrlərlə əməkdaşlıq edib günün sosial və siyasi problemlərinin analizi üzrə çoxlu məqalələr yazırdı.

Firudin İbrahimi, 1942-ci ilin iyun ayında Tehran Universitetinin siyasi hüquq ixtisası üzrə məzunu olmuşdur. O, ana dili olan Azərbaycan türkcəsindən savayı fars, fransız və ərəb dillərini mükəmməl bilirdi. Həmin çağlarda İranın Xarici İşlər Nazirliyi və “İttilaat qəzeti” tərəfindən ona əməkdaşlıq təklifi olunmuşdur, lakin o, xalqa xidməti, imperializm və daxili irtica ilə mübarizəni üstün tutduğu və özünün əsas vəzifəsi hesab etdiyinə görə həmin təklifləri rədd etmiş və ana yurdu Azərbaycana qayıtmışdır.

Fəaliyyəti

Firudin İbrahimi 1941-ci ildə, Tehran Universitetinin hüquq fakültəsində təhsil aldığı zaman[3], İran Tudə Partıyası sıralarına qoşulmuş və eyni zamanda da tələbə hərəkatında fəal şəkildə iştirak etmişdir. Ədəbi fəaliyyətinə universitetə qəbul olduğu ildən başlamış və tez bir zamanda siyası məqalələr də yazmağa başlamışdır[7].

Firudin İbrahimi 1943-cü ildə Seyid Cəfər Pişəvərinin vasitəsilə “Ajir” qəzeti təsis olunduqdan sonra bu mətbu nəşrlə əməkdaşlığa başlamış və həmin ildə də redaksiya heyətinin üzvü seçilmişdir. O, öz məqalələrində imperializmi, onun yerli əlaltılarını ifşa etmişdir[8].[9]

“Ajir” qəzetində fəaliyyəti ilə yanaşı Firudin İbrahiminin yazıları ardıcıl olaraq İran Tudə Partiyasının rəsmi orqanı olan “Rəhbər”, antifaşist “Mərdom”, Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan “Zəfər” qəzetlərində və digər mütərəqqi mətbuat orqanlarında çap olunmuşdur. Azərbaycanda çıxan “Xavər-e nou” (Yeni Şərq), “Azərbaycan” qəzetləri və s. demokratik mətbuat orqanları ilə də əməkdaşlıq etmiş, onlar üçün günün ictimai-siyasi məsələlərinin təhlilinə həsr olunmuş çoxlu sayda məqalələr yazmışdır[10].

1945-ci ilin may ayında Tehran Universitetinin hüquq fakültəsini bitidikdən sonra Firudin İbrahimi İran Xarici İşlər Nazirliyi və “Ettelaat” qəzeti tərəfindən dəfələrlə iş təklifi alsa da, xalqına xidməti özünün əsas vəzifəsi hesab edərək bu təklifləri qəbul etmir və öz ana yurdu Azərbaycana qayıdır.

Güney üzrə tapşırıqların yerinə yetirilməsi ilə bağlı Mirzə İbrahimov Mir Cəfər Bağırova yazırdı. Güney Azərbaycan tarixini hazırlamaq və bu işlə bağlı materiallar toplamaq məsələsini Pişəvəri Firudin İbrahimi və Zeynalabidin Qiyamiyə tapşırılmışdır. Bununla bağlı biz 100 il əvvəl fars dilində yazılmış Nadir Mirzənin Təbrizin tarixi və coğrafiyası haqqında məşhur əsərini tərcüməyə vermişik. Təbrizdə 1893, 1914 və 1921-ci illərdə birinci siniflər üçün nəşr olunmuş Azərbaycan dili (kitablar türk dili və Vətən dili adlanır - C.H.) dərsliklərini sizə göndəririk.[11][12]

5 sentyabr 1945-ci il tarixində Azərbaycan Demokratik Firqəsinin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olunur və elə həmin tarixdən də Firudin İbrahimi “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başlayır.

"Azərbaycan" Qəzeti (Təbriz, 1945 - 1946)

5 sentyabr 1945-ci il tarixində Azərbaycan Demokratik Firqəsinin rəsmi orqanı “Azərbaycan” qəzetinin ilk sayı nəşr olundu. Firidun İbrahimi elə həmin tarixdən də “Azərbaycan” qəzeti ilə əməkdaşlığa başladı. Firudin İbrahiminin “Azərbaycan danışır...İftixarlı tariximizdən bir neçə parlaq səhifə” adlı silsilə məqalələri 31 oktyabr - 21 noyabr 1945-ci il (9-30 aban 1324-cü il) tarixləri arasında “Azərbaycan” qəzetinin (Azərbaycan Demokratik Firqəsinin orqanı) 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlar altında çap olunmuşdur. Bu yazılar Firudin İbrahiminin müqəddiməsindən və Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, bu diyarın azadlığı, istiqlaliyyəti uğrunda apardıqları mübarizə və fədakarlıqları, mədəniyyət tarixi, dövlət və ordu quruluşu, ədəbiyyatı, xətti, dili, siyasi təşkilatları, məzhəbləri, geyim, adət-ənənələri əks etdirən 19 məqalədən ibarətdir. Firudin İbrahiminin Azərbaycan mədəniyyəti, tarixi barədə məqalələri Azərbaycan xalqının milli qürur hissinin oyanmasında mühüm rol oynadı.[9]

Firudin İbrahiminin sözügedən məqalələri 1946-cı ildə toplu şəklində “Sovet Mədəniyyəti Evi” tərəfindən “Azərbaycanın qədim tarixi haqqında” adı ilə Təbrizdə Azərbaycan dilində əski əlifbada çap olunmuşdur.[13]

Firudin İbrahimi bu toplunun tərtib olunması barədə əsl məqsədini özünün Azərbaycan Demokratik Firqəsi orqanı “Azərbaycan” qəzetində fars dilində çap etdiyi müqəddiməsində şərh edərək belə yazır:

“Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm”.[14]

Həmin müqəddimədə Azərbaycan dili və mədəniyyətinə münasibətdə fars şovinistləri tərəfindən həyata keçirilən məlum siyasətə işarə edən müəllif yazır:

“Avantüristlər Azərbaycan millətinin dili, mədəniyyəti və ədəbiyyatı əleyhinə qələm çalmaqda davam edirlər və bizim dilimizə, adət-ənənələrimizə münasibətdə tam ləyaqətsiz bir şəkildə minlərlə aşağılama və hörmətsizlik göstərirlər, bizi tarixsiz bir millət kimi təqdim edirlər, millətimi təhqir edirlər, bizi mədəniyyətsiz millət kimi qələmə verirlər, bizi konstitusiya əleyhinə çıxan kütlə kimi göstərirlər[15]. Bunlar ana dilinin bərpası, unudulmuş Konstitusiyanın əsas maddələrinin icrası tələbini və həqiqi demokratik prinsiplərin icrasını siyasi qanuna zidd bir hərəkət kimi göstərir və beləliklə, Azərbaycanın qeyrətli və ləyaqətli mücahidləri və övladlarının qanı bahasına əldə edilmiş nailiyyətləri inkar edirlər”.[16]

Ulu əcdadlarımızın tarixindən, mədəniyyətindən və dövlətçilik ənənələrindən bəhs edən Firudin İbrahimi toplunun “Madlar bizim ulu babalarımızdır” başlıqlı yazısında uzun illər azərbaycanlılara qarşı soyqırım siyasəti yeridən pəhləvilərin milli şovinist siyasətinə qarşı etiraz əlaməti olaraq qeyd edir:

“Bizim ulu babalarımız olan madlar bəşər tarixində mühüm rol oynamışlar. Onlar eramızdan 800 il əvvəl güclü müstəqil dövlət qurmağa nail olmuşlar. Bu dövlət şimal-qərbdə Urartu (Van), qərbdə Assur dövləti ilə həmsərhəd və qonşu olmuşdur. Həmin zamanlarda Mad dövlətinin şərq hissəsində pars (fars) xalqı yaşayırdı. Madlar mədəniyyət və sivilizasiya baxımından o dövrün ən mütərəqqi və inkişaf etmiş xalqları sırasında assurlar və babilərlə yanaşı dayanırdılar. Amma tarixi tədqiqatlar göstərir ki, pars xalqı mədəniyyət və yaşayış tərzi baxımından madlara nisbətdə xeyli geri qalırdılar...”[17] Paris Sülh Konransi 1946

Bu dövrdə Firudin İbrahiminin həyatında ən mühüm və diqqətçəkən hadisələrdən biri onun Avropaya, xüsusilə də Paris şəhərinə səfəri idi. O, 1946-ci ildə Parisdə Sülh konfransında iştirak etmişdir.

Paris Sülh Konfransı 1946

Qeyd olunmalıdır ki, Paris Sülh Konfransında İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilmişdi.

Firudin İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedir və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edir.[18]

Bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq Firidun İbrahimi Azərbaycan Demokratik Firqəsinin orqanı olan “Azərbaycan” qəzetinin 9 noyabr – 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında “Sülh uğrunda” başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirir.[19]

Firudin İbrahimi Paris Sülh Konfransına yola düşdüyü gündən qayıdana kimi oradakı fəaliyyətində, Azərbaycana göndərdiyi hesabatlarında, “Azərbaycan” qəzetində bu konfrans barədə “Sülh uğrunda” başlığı altında çap etdirdiyi silsilə yazılarında da Azərbaycanı, onun xalqını, milli varlığını, qurduğu Milli Hökumətin islahatlarını, azərbaycançılıq ideyalarını özü üçün əsas fəaliyyət xətti kimi qəbul etmiş və son nəfəsinə kimi də bu prinsiplərə sadiq qalmışdır.

Paris Sülh Konfransı barədə Firudun İbrahimidən ardıcıl, izahlı, doğru və düzgün məlumat alan Seyid Cəfər Pişəvəri 3 sentyabr 1946-cı il tarixində Azərbaycan Demokratik Firqəsinin təsis olunmasının bir illiyi münasibətilə Təbriz teatr salonunda təşkil olunmuş bayram mərasimindəki nitqində böyük bir fəxrlə qeyd etdi: “İndi Sülh Konfransında Yaxın Şərqdə yox, bəlkə Əlcəzair və Tunisdən gələn mətbuat nümayəndələri də bizim nümayəndələrə demişlər ki, onlar da bizim böyük işimizi alqışlayırlar.”[20]

Ölümü

Beynəlxalq münasibətlərdə yaranan gərginlik səbəbindən SSRİ Cənubi Azərbaycan məsələsində qərb dövlətlərinin müdafiə etdiyi İrana güzəştə getməyə məcbur oldu. SSRİ qoşunları buradan çıxarıldıqdan sonra İran şah qoşunları Azərbaycan Milli Hökumətinin ərazisinə hücuma keçdilər. Güclü müqavimətə baxmayaraq 1946-cı ilin dekabr ayında şah qoşunları Milli Hökuməti süquta uğrada bildi[21]. Milli Hökumətin bəzi üzvləri və tərəfdarları Şimali Azərbaycana keçdilər. Lakin Firudin İbrahimi öz doğma yurdunda qalmağı seçdi. Həbs edildikdən sonra, 1947-ci ilin may yaının 22-də Təbrizdəki Gülüstan bağında asılaraq edam edildi. Həkim Azəri Fərhadın və mühəndis Ələkbəri Ələddini bu hadisəni belə xatırlayır:

" 1947-ci ilin may ayının 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali Gülüstan bağına yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar. Başqa inqilabçıları Təbriz şəhərinin Saat qabağı adlanan yerində dar ağacından asırdılar. Gülüstan bağı şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın ucaboylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin İbrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər Firudin İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum çəkmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F. İbrahimi əlini yuxarı qaldıraraq və uca səslə dedi:

“Mənim əzizlərim, həmvətənlilərim, səbir edin, qoy qan tökülməsin ! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan!” Cəlladlar qorxularından onu dərhal edam etdilər…

"

Firudin İbrahimi və Azərbaycan ədəbiyyatı

Firudin İbrahimi haqqında Azərbaycan ədəbiyyatının müxtəlif əsərlərində yer ayrılmışdır. 21 Azər hərəkatı ilə yaxından tanış olan və özüdə əslən Cənubi azərbaycanlı olan Mirzə İbrahimov yazdığı “Gələcək gün” əsərində Firudin İbrahimiyə də yer ayırmışdır. Mirzə İbrahimovdan sonra Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza, Arif Səfa, Tariyel Ümid əsərlərindrə onun poetik obrazını yaradıblar.

Firudin İbrahimi obrazı Mirzə İbrahimovun “Gələcək Gün” romanında

“Gələcək gün” romanı Mirzə İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edir. Mirzə İbrahimov Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatını romanda parlaq bədii boyalarla əks etdirmişdir. Güney Azərbaycanı, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi ədibə bu həyatı və şahlıq rejiminin çoxyönlü siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaradır. Bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazı canlı həyatdan götürmək şansını da verir. Bu möhtəşəm obrazın prototipi Milli Hökumətin yaradıcılarından biri və Baş Prokuroru olan, Firudin İbrahimidir.[22]

Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin faciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur. “Gələcək gün”də yazıçı İran və Güney Azərbaycan xalqlarının iztirablarla dolu məşəqqətli həyatını Həsənalı və Musa kişinin ailələri fonunda ümumiləşdirir. Minlərlə zəhmətkeş insan bir qarın çörək üçün hər gün əsassız dəhşətli qanunlarla üzləşməli olur. Hakim rejimin məmuru Hikmət İsfahaninin “məhsulun beşdə biri rəiyyətə çatacaq” əmri kəndlilər üçün sanki ölüm hökmüdür. Bu ağrılı günlərin birində Həsənalı kişini ilan çalır və dostunun ailəsinin yükü də ölüm-zülüm dolanan Musa kişinin üzərinə düşür. Xırmanda taxıl dejinin pozulması üstündə H.İsfahani Musa kişini ağaca sarıtdıraraq vəhşicəsinə döydürür. Oğul-gənc Firudin bu işgəncəyə, zülmə qarşı üsyan edir, İsfahanilərə, onlara havadarlıq edən mövcud qanunlara nifrinlər yağdırır. Firudin həbs edilir və bununla da ailənin zəncirvari faciələri başlanır. Musa kişinin başına min bir bəla gəlir, yurdunun daşını-daş üstündə qoymur, talan edirlər. O, şikayət etmək, ədalət ümidi ilə Tehrana gedir. Lakin onu heç kəs dinləmir, axtardığı ədaləti tapa bilmir, əksinə, həbsə salınır. Üzləşdiyi haqsızlıqlar zindanda onu dəli edir və zavallı qoca elə oradaca ölür. Səriyyə xala da ərinin qayıtmadığını görüncə onu axtarıb tapmaq üçün yola çıxır. Ağır yolçuluq və aclıq iki uşağını məhv edir. Yolüstü kəndlərdə onları dəfn edən ana Tehrana gəlir. Yazıçı yaxıcı bədii dillə iki ailənin faciələrinin fonunda bütün xalqın məşəqqətli həyatının aydın mənzərəsini yaradır. Və sonda həbsdən qurtulan Firidun İbrahimini yenə də mübarizə meydanına qovuşdurur. Bununla diqtə edir ki, xalqın zülm və işgəncədən, əsarət zəncirindən yeganə qurtuluş yolu mübarizəyə qalxmaq, inqilab etməkdir. Xalqın nicatı yalnız milli birlikdə, milli vəhdətdədir."[23]

Ailəsi

Firudin İbrahiminin atası, Qəni İbrahimi öz dövrünün müasir düşüncəli ziyalılarından olmuş və Gilan Əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra, Astara şəhərində Ədalət Firqəsinin təşkilat quruluşunu yaratmağa başlamışdır. Qəni İbrahimi 1920-ci ilin iyul ayında Ədalət Firqəsinin Ənzəli şəhərində keçirilən ilk konqresində iştirak etdikdən və İranın Kommunist Partiyasının yaradılmasından sonra həmin partiyanın təşkilat quruluşunun təməlini Astarada qoyur. Qəni İbrahimi dəfələrlə kommunist düşüncəli fəaliyyətlərinə görə yaxalanıb məhbus olunmuşdur. 1931-ci ilin sonlarında polis əməkdaşları tərəfindən Ərdəbil şəhərinə aparılıb təhvil verilərək oradan da Təbrizə köçürülmüşdür. Bir müddət sonra Təbrizin həbsxanasından Tehranın Qacar Qəsri Həbsxanasına köçürülür və 2 il həbsdən sonra, xəstələndiyinə görə, buraxılıb Nəhavənd rayonuna sürgün edilir. Qəni İbrahimi sürgündə olmasına baxmayaraq mübarizəsindən geri oturmur. İranda azadlıq hərəkatının yenidən gücləndiyi İkinci Dünya Müharibəsi dönəmində 1944-cü ildə İranın Tüdə Partiyasının təşkilat təməlini Nəhavənddə qoyur. 1946-cı ilin dekabr ayında yenidən yaxalanıb həbs olunur və ağır işgəncələrə məruz qalır. 1958-ci ilin dekabr ayında buraxıldıqdan sonra bəzi əl altıların vasitəsilə zəhərləndirilib öldürülür.

İbrahimi Qəninin həyatı vətəninin istiqlalı və azadlığı yolunda, imperializm və irticaçı qüvvələrə qarşı mübarizə ilə zəngindir və oğlu İbrahimi Firudinin tərbiyəsində və dünya görüşünün formalaşmasında böyük təsir etmişdir.

İstinadlar

  1. Jamil Hasanli "At the Dawn of the Cold War: The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941–1946", Establishment of the National Government of Iranian Azerbaijan, p. 119
  2. «Коммунист», 1946, 9 января
  3. http://aze.adfmk.com/entries/m%C9%99qal%C9%99l%C9%99r/firidun-i%CC%87brahimi-az%C9%99rbaycan%C4%B1n-dan%C4%B1%C5%9Fan-dili-firidun%5B%5D i%CC%87brahimi-%C5%9F%C9%99xsiyy%C9%99ti-iftixarl%C4%B1-tariximizin-parlaq-s%C9%99hif%C9%99si
  4. Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 167. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.
  5. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
  6. "Arxivlənmiş surət". 2016-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-30.
  7. "Arxivlənmiş surət". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
  8. Əkrəm Rəhimli:http://www.anl.az/down/meqale/xalqcebhesi/2016/noyabr/514807.htm Arxivləşdirilib 2021-01-10 at the Wayback Machine
  9. Səməd Bayramzadə. Firidun İbrahimi və azərbaycançılıq (1-ci yazı), - “Bütöv Azərbaycan” qəzeti, say 08 (323), 18 may 2017
  10. Səməd Bayramzadə - "Firidun İbrahimi - Azərbaycanın danışan dili, Firidun İbrahimi şəxsiyyəti-iftixarlı tariximizin parlaq səhifəsi"http://aze.adfmk.com/entries/m%C9%99qal%C9%99l%C9%99r/firidun-i%CC%87brahimi-az%C9%99rbaycan%C4%B1n-dan%C4%B1%C5%9Fan-dili-firidun-i%CC%87brahimi-%C5%9F%C9%99xsiyy%C9%99ti-iftixarl%C4%B1-tariximizin-parlaq-s%C9%99hif%C9%99si Arxivləşdirilib 2021-01-12 at the Wayback Machine
  11. Cəmil Həsənli - "Güney Azərbaycan: Tehran - Bakı - Moskva arasında (1939 - 1945) " Bakı 1998. s.254 i.73. http://elibrary.bsu.az/kitablar/914.pdf Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine
  12. "Mozaffər" qəzeti, 1945, 29 oktyabr.
  13. Əhəd Vahidi.“Tərcümə və təhqiq, yoxsa təhrif və təxribat?” http://www.pensouthazerbaijan.org/2015/06/blog-post_18.html?m=1
  14. “Azərbaycan” qəzeti (ADF orqanı), say 43, 1 noyabr 1945.
  15. “Azərbaycan” qəzeti (ADF orqanı), say 42, 31 oktyabr 1945
  16. “Azərbaycan” qəzeti (ADF orqanı), say 43, 1 noyabr 1945
  17. “Azərbaycan” qəzeti (ADF orqanı), say 45, 4 noyabr 1945
  18. "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-26.
  19. Eynulla Mədətli - "Firudin İbrahiminin "Sülh uğrunda" əsərinə bir baxış" https://525.az/site/?name=xeber&duzelis=0&news_id=99354#gsc.tab=0 Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine
  20. “Azərbaycan” qəzeti (ADF orqanı), say 1 (290), 5 sentyabr 1946
  21. AzTV. ""Onun asılmış meyitini saxlayırdılar ki..." – Arazın o tayında Milli Hökumət üzvlərinə tutulan divan" (az.). Youtube.com. 12.01.2023. 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
  22. Parvana Mammadli interview. October 1, 2017
  23. Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine Esmira Fuad interview with Voice of America. December 31, 2011. Baku, Azerbaijan

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.