Fikrət Yusifov

Fikrət Hüseyn oğlu Yusifov (20 avqust 1957, Danzik, Noraşen rayonu) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının maliyyə naziri (1994–1999), "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri.

Fikrət Yusifov
Yusifov Fikrət Hüseyn oğlu
28 iyun 1994 11 iyul 1999
PrezidentHeydər Əliyev
ƏvvəlkiSaleh Məmmədov
SonrakıƏvəz Ələkbərov
bayraq
Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini
bayraq2
26 oktyabr 1992[1] 28 iyun 1994[2]
NazirSaleh Məmmədov
ƏvvəlkiTofiq Hüseynov
SonrakıSəfər Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 20 avqust 1957(1957-08-20) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti iqtisadçı, siyasətçi

Həyatı

Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də Naxçıvan MR-in Şərur rayonunun Danzik kəndində ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi bitirmiş və həmin ildə də Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1978-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmişdir.

1978–1980-ci illərdə hərbi xidmətdə olmuş, sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirmişdir. Nazirliyin büdcə idarəsində baş iqtisadçı, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır.

Ailəlidir, dörd övladı vardır.

Elmi fəaliyyəti

Nazirlikdə işlədiyi müddətdə təhsilini qiyabi aspirantura şöbəsində davam etdirərək 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya müdafiəsindən sonra Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. 2004–2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olmuşdur. 2018–2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi dərs demişdir.

Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir.

Siyasi-ictimai fəaliyyəti

1992-ci ilin oktyabr ayına kimi institutun "Maliyyə-iqtisad" fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləmişdir.[3]

2014-cü ildə Azərbaycanda "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis etmiş və onun sədri seçilmişdir.

Fikrət Yusifov 28 noyabr 2019-cu ildə Ana Vətən Partiyasına üzv olmuş və sədrin sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur.[4][5][6][7] Fikrət Yusifov 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürsə də, son anda namizədliyini geri çəkmişdir.[8] Fikrət Yusifov 12 mart 2020-ci il tarixində Ana Vətən Partiyasındakı vəzifəsindən və partiya üzvlüyündən istefa vermişdir.[9][10][11]

2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürmüş və Mərkəzi Seçki Komissiyası tərəfindən prezidentliyə namizəd kimi qeydiyyata alınmışdır.[12]

Həbsi

Azərbaycan İstintaq orqanları bildirib ki, 2005-ci il oktyabrın 16-da Fikrət Yusifovun evində aparılan axtarış zamanı 100 min avro və 60 min dollar pul tapılıb. F. Yusifov bu pulları ona nazirlər Fərhad Əliyevlə, Əli İnsanovun verdiyini və onların eks-spiker Rəsul Quliyevin Bakıya qayıtması və dövlət çevrilişinə hazırlıq üçün sərf ediləcəyini bildirib. Həmin vaxt həbsdə saxlanılan hər iki keçmiş nazir bu ittihamları rədd edib. 2006-cı ilin aqvustunda qanunsuz silah saxlamaqda təqsirli bilinən Fikrət Yusifova 1 il 6 ay həbs cəzası kəsilib. Yusifov məhkəməyə maşınında oturacağın altında gizlətdiyi iddia edilən silahı təsadüfən tapdığını deyib.[13] 2006-cı ilin noyabrında cəzasının 2/3 hissəsini çəkən F. Yusifov məhkəməyə ərizə ilə müraciət edərək azadlığa buraxılmasını xahiş edib. Məhkəmə ərizəni təmin edib və keçmiş maliyyə nazirinin qalan cəzasını komendatura şəraitində çəkməsi barədə qərar qəbul edərək onu məhkəmə zalından azadlığa buraxıb.[14]

İstinadlar

  1. "F.H. Yusifov haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  2. "F.H. Yusifov haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  3. "F. H. Yusifovun Azərbaycan Respublikası maliyyə naziri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  4. "Sabiq nazir aktiv siyasətə başladı - Fikrət Yusifov partiyaya üzv oldu". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  5. "Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - FOTO". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  6. "Sabiq nazir partiya sədrinə müavin təyin olundu - FOTO". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  7. "Keçmiş nazir Fəzail Ağamalının müavini oldu". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  8. "Ağamalının 2 müavini-FİKRƏT YUSİFOV VƏ ARZUMAN ABDULKƏRİMOV SEÇKİDƏN ÇƏKİLDİ – YENİLƏNİB". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  9. "Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi- "Etiraf edirəm ki..."". 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  10. "Fikrət Yusifov Ana Vətən Partiyasından istefa verdi". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  11. ""Fikrət Yusifov Ana Vətən Partiyasının xətti ilə deputat olmaq istəyirdi, alınmadı deyə istefa verdi" - İTTİHAM". 2020-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
  12. "Daha 8 şəxsin namizədliyinin irəli sürülməsi təsdiqlənib". 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
  13. "Fikrət Yusifovun işi ilə bağlı məhkəmə hökmü çıxarılıb". www.bbc.com. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  14. "Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifov cəzasının qalan hissəsini komendatura rejimində çəkəcək". Trend.Az (az.). 2006-11-09. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.